ABŞ-ın sabiq prezidenti Donald Tramp Respublikaçılar partiyasındakı tərəfdarlarını Corciya ştatındakı yeni seçki qanununu tənqid edən şirkətləri boykot etməyə çağırıb. Bu barədə Fox News süjet hazırlayıb.
Söhbət yeni qanuna qarşı çıxan Əsas Beysbol Liqası (Major League Baseball), qazlı içkilərin istehsalçısı Coca-Cola şirkəti, Delta Airlines aviaşirkəti və bir sıra digər müəssisələrdən gedir.
“Respublikaçılar və mühafizəkarlar üçün nəhayət cavab zərbəsi endirmək zamanı yetişdi, bizim adamlarımız onlarınkından çoxdur. Major League Baseball, Coca-Cola, Delta Airlines, JPMorgan Chase, ViacomCBS, Citigroup, Cisco, UPS və Merck-i boykot edin. Mövqelərini yumşaltmayınca onların məhsullarını almayın”, – Tramp deyib.
O əlavə edib ki, “demokratlar özləri onların təşəbbüslərinə qarşı çıxan şirkətləri boykot eləməklə çirkin oyuna başlayıblar”.
Fox News telekanalının məlumatına görə, Corciya ştatından olan bəzi respublikaçılar öz ofislərindən Coca-Cola məhsullarını yığışdıracaqlar.
Corciya 2020-ci ildə keçirilən prezident seçkisinin taleyinin həll olunduğu ştatlardan biri idi. Həmin vaxt prezident olan və namizədliyini təkrar irəli sürən Donald Tramp bildirmişdi ki, orada genişmiqyaslı saxtakarlıqlar törədilir, bunu isə məhkəmələr təsdiq etmədi. Sonra, ikinci turda Corciyadan iki senat yerini demokratlar qazanaraq Senata nəzarəti ələ aldılar.
Mart ayında Tramp Corciya ştatındakı qəbul edilmiş yeni seçki qanununu təqdir edib. Bu qanun seçicilərdən poçtla səs vermək üçün üzərində foto olan şəxsiyyəti təsdiq edən sənəd tələb edir. Bundan əlavə, bülletenlərə əlçatanlıq sərtləşdirilir və küçə bülletenləri üçün mümkün poçt qutularının sayı azaldılır.
ABŞ Prezidenti Co Bayden isə Corciya ştatının yeni seçki qanunu pisləyib, ancaq ştatın qanununu ləğv etməyə Baydenin səlahiyyəti çatmır.