5 C
Baku
Saturday, December 14, 2024

Turizm dələduzlarından necə qorunmaq olar?

Azərbaycanda yay istirahət mövsümünün gəlməsi ilə ölkənin regionlarına və xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb.

Buna paralel olaraq turizm sektorunda fəaliyyət göstərən dələduzlar da aktivləşib.

Ara-sıra sosial şəbəkələrdə onların qurbanı olmuş şəxslərin paylaşımlarına rast gəlinir. “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyi vətəndaşlara müraciət edərək onları turizm xidmətlərindən istifadə edəndə (turpaketlər alanda) ehtiyatlı olmağa çağırıb. Bəs turizm dələduzlarından necə qorunmaq olar?

Assosiasiya sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, hansısa şirkətdən turizm məhsulu alanlar bunu müqavilə ilə rəsmiləşdirməli, amma bağladıqları müqaviləni diqqətlə oxumalıdırlar: “Müqavilədə turizm şirkətinin rəhbər şəxsinin adı, şirkətin rəsmi ünvanı və başqa məlumatlar qeyd edilməlidir. Əgər nəsə uyğunsuzluq varsa vətəndaş birbaşa şirkəti məhkəməyə belə verə bilər”, – deyə o qeyd edib.

Bundan başqa, turizm rəsmisinin sözlərinə görə, şirkətlər arasında seçim edərkən də diqqətli olmaq lazımdır: “Səyahət etmək üçün etibarlı tərəfdaş axtaran şəxslər Assosiasiyanın internet səhifəsinə daxil olub onun bizim üzvlərimizin arasında olub-olmaması ilə maraqlana bilərlər. Çünki üzvlük zamanı şirkətlər hərtərəfli yoxlanır, belə demək mümkünsə, mikroskopdan keçirilir. Məsələn, onların vergi borcunun olub-olmaması, adının hər hansı cinayət işində çəkilib-çəkilməməsi, daimi ofisinin olub-olmaması araşdırılır. Bu gün bir sıra turizm şirkətlərinin ofisi yoxdur, onlar turpaketləri avtobus dayanacağında, metroların giriş-çıxışlarında, parklarda, bulvarda və s. yerlərdə satır. Bu isə düzgün deyil. Dövlət Turizm Agentliyinin yaratdığı Turizm reyestri də sektorda şəffaflaşma üçün əsas amillərdəndir. Belə ki, reyestrə məhz şəffaf fəaliyyət göstərən şirkətlər salınır. Bu isə turizm dələduzluğun qarşısını tam da olmasa müəyyən qədər alır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər