17 C
Baku
Monday, May 20, 2024

Türkiyə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında yeni saziş layihəsi müzakirə olunub

Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni saziş layihəsi üzrə danışıqlar keçirilib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilir.

Tədbirdə Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Türkiyə tərəfindən isə Gəlir İdarəsi Başqanlığının məsul şəxsləri iştirak ediblər.

Müzakirələr zamanı Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini Ceyhun İsmayılov Türkiyə ilə yeni saziş üzrə danışıqlara başlanılmasının hər iki ölkə üçün böyük önəm kəsb etdiyini vurğulayıb.

Qeyd edib ki, yeni saziş imzalanacağı təqdirdə, sərmayəçilər üçün əlverişli şərait yaranacaq, məlumat mübadiləsi və vergi borclarının yığılmasında effektiv qarşılıqlı münasibətlər formalaşacaq.

Üç gün davam edən müzakirələrin nəticəsi olaraq, saziş layihəsinin vergitutmaya aid bütün müddəaları üzrə razılıq əldə edilib. Dostluq və qarşılıqlı anlaşma şəraitində keçən müzakirələr zamanı tərəflər açıq qalan məsələlərlə bağlı qısa vaxt ərzində razılığın əldə olunması üçün səylərin gücləndirilməsi barədə ortaq fikrə gəliblər.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər