16 C
Baku
Wednesday, April 17, 2024

Türkiyədə baş verən zəlzələ Azərbaycanın tikinti bazarına təsir edəcəkmi?

Türkiyədə baş verən zəlzələ Azərbaycanın tikinti bazarına 2-3 aydan sonra təsir edəcək.

Bu barədə əmlak üzrə ekspert Ramil Qasımzadə bildirib.

Onun sözlərinə görə, Türkiyədə baş vermiş zəlzələnin hələ ki, yerli bazara təsiri yoxdur: “Xüsusilə də Türkiyədən idxal olunan santexnika, elektrik mallarının qiymətlərində dəyişiklik yoxdur.

Amma bir müddətdən sonra bu təsir hiss olunacaq. Belə ki, Türkiyədə 24 min binanın inşası gözlənilir. Həmin binaların yenidən inşa edilməsi üçün Türkiyədə yerli inşaat materiallarına tələbat artacaq. Ola bilər ki, həmin dövrdə bizim Türkiyədən idxalımız azalsın. Türkiyə özü müəyyən tikinti materiallarını hətta xarici ölkələrdən və bizdən də idxal edə bilər”.

Ekspert bildirib ki, hazırda Türkiyənin Malatya bölgəsindən ölkəmizə tikinti materiallarının, müəyyən məhsulların ixracı dayanıb, lakin digər bölgələrdən ixrac adi qaydada davam edir:

“Onu da qeyd edim ki, bazarda yetərincə tikinti məhsulları var. Bu da qiymətlərin stabil olmasına şərait yaradır. Yəni bazarda qıtlıq gözlənilmir. Mövsümlə əlaqədar mart ayından sonra tikinti bazarında tələbat artacaq. Ola bilsin ki, tələb artdıqca, qiymətlərdə də artım olsun”.

Lakin qeyd etmək lazımdır ki, tikinti materialları ilə əsas tədarük bazarımız Rusiyadır (sement, meşə materialları, rəngli divar kağızları, qum, taxta-şalban, faner), Türkiyədən isə əsasən lak və boyalar, əhəng gətirilir. Qips Gürcüstandan tədarük edilir.

Bununla yanaşı Azərbaycan da tikinti maleriallarının istehsalçısıdır və sementi, taxta-şalbanı, lakı, boyanı, əhəngi və s. ixrac edir. Taxta-şalbanın əsas ixrac bazarı Türkiyədir, digər tikinti materiallarının böyük hissəsi Gürcüstana tədarük edilir. Ehtimal etmək olar ki, Türkiyə bazarında Azərbaycanın tikinti materiallarına da tələbat arta bilər.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Zəlzələ nəticəsində Türkiyədə 31 643 nəfər ölüb, 80 278 nəfər yaralanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər