10 C
Baku
Saturday, March 2, 2024

Türkiyədə prezidentliyə namizədlik üçün imzatoplama kampaniyası bu gün başa çatır

Türkiyədə prezidentliyə namizəd olmaq üçün imzatoplama kampaniyası bu gün, martın 27-də yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə saat 21:00) başa çatır.

Bu barədə Türkiyənin Yüksək Seçim Qurumundan (YSK) bildirilib.

İndiyədək dörd siyasətçinin prezidentliyə namizədliyi təsdiqlənib. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və altı müxalifət təşkilatının yaratdığı “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

Qanunvericiliyə əsasən, R.T.Ərdoğan və K.Kılıcdaroğlunun rəhbərlik etdikləri partiyaların Türkiyə Böyük Millət Məclisində deputat fraksiyası olduğuna görə Yüksək Seçim Qurumu onların namizədliyini birbaşa qeydə alıb.

M.İncə və S.Oğan isə tələb olunan 100 000 imzanı toplayıb.

Martın 27-si səhər saatlarına olan məlumata əsasən, digər namizədlərin topladığı səs isə aşağıdakı kimidir:

Məhəmməd Ali Fatih Erbakan – 69 208 (“Cumhur İttifaqı”ına qatılaraq namizədliyini geri götürüb), Vətən Partiyasının sədri Doğu Perinçek – 24 563, Yakup Türkal – 2838, Erkan Trükten – 2033, Tevfik Ahmet Özal – 1361, İrfan Uzun – 1073, Halil Murat Ünver – 458, Hilmi Özden – 422, Davut Turan -118.

Namizədlərin son siyahısı martın 31-də açıqlanacaq. Aprelin 1-də YSK-da namizədlərin birləşmiş bülletendəki yerlərini müəyyən etmək üçün püşkatma olacaq.

Bildirilib ki, Türkiyənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək. Bu siyasi kampaniyada 64 milyondan çox seçici səs verəcək.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçikiləri keçiriləcək.

Qeyd edək ki, “Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası təmsil olunur. Sabiq Baş nazir Nəcməddin Ərbakanın yaratdığı və hazırda oğlu Fatih Erbakanın sədrlik etdiyi Yenidən Rifah Partiyası və Hür Dava Partiyası da R.T.Ərdoğanın namizədliyini dəstəkləyir.

“Millət İttifaqı”nda isə Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər