Türkiyə hakimiyyəti strateji əhəmiyyət daşıyan Bosfor və Dardanel boğazlarından tranzit keçid haqqını 15% artırıb. Yeni tarif əvvəlki 5,83 dollar əvəzinə hər ton üçün 6,7 dollar müəyyən edilib. Qərar iyulun 1-dən qüvvəyə minib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Bosfor və Dardanel boğazlarından keçid tariflərinin artırılmasını təsdiqləyib. Türkiyə hakimiyyətinə istinadən yayılan məlumata görə, gəmi sahibləri artıq gəminin xalis tonnajının hər tonu üçün 6,7 dollar ödəyirlər.
Əvvəllər bu göstərici hər ton üçün 5,83 dollar idi. Beləliklə, tranzit keçidin dəyəri 15% bahalaşıb.
Nəqliyyat Nazirliyinin məlumatına görə, 2025-ci ildə bu boğazlardan 40,17 mindən çox gəmi keçib. Bosfor və Dardanel dünyanın ən yüklənmiş su yollarından biri hesab olunur.
Tariflərin artırılması Türkiyəyə tranzitdən əldə etdiyi gəlirləri əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu daha əvvəl bildirmişdi ki, ölkə 2025-ci ilin iyulundan 2026-cı ilin iyununadək gəmilərin boğazlardan keçidindən 254 milyon dollar gəlir əldə etməyi planlaşdırır. Bu, əvvəlki illə müqayisədə 31 milyon dollar çoxdur.
Bosfor və Dardanel boğazları Qara dənizlə Aralıq dənizini Mərmərə dənizi vasitəsilə birləşdirir. Boğazlar tamamilə Türkiyənin nəzarəti altındadır və beynəlxalq gəmiçilik üçün ən mühüm nəqliyyat arteriyalarından biri sayılır.







