“Əslində, Türkiyə artıq de-fakto masadadır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Qarabağ probleminin həll olunmasında Türkiyəsiz bir masada nəticə əldə olunarmı?” sualını cavablandırarkən deyib.
Dövlət başçısı qeyd edib ki, bu reallıqdır və bu gün Türkiyə bölgədə yerləşən digər ölkələrlə bu məsələni müzakirə edir: “Siz də bilirsiniz ki, Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olubdur, Xarici İşlər nazirləri, Müdafiə Nazirləri arasında telefon danışıqları olubdur. Eyni zamanda Türkiyənin yüksək səviyyəli rəsmilərinin İran həmkarları ilə təmasları olubdur, digər ölkələrlə… Ona görə də Türkiyə de-fakto burdadır. Sadəcə olaraq, Minsk qrupu 1992-ci ildə təşkil olunduğu üçün, zatən Minsk qrupunun üzvüdür, o zaman bilmirəm hansı səbəblərdən Türkiyə həmsədr olmadı. Biz çox istərdik ki, bəri başdan Türkiyə həmsədr olsun. Ancaq o zaman Türkiyə özü bunu eləmədi. Özü bunu istəsəydi, məncə olardı. Ona görə mən deyirəm, bugünkü Ərdoğan Türkiyəsi ilə o Türkiyə arasında böyük fərq var. Əgər həmsədr olsaydı, o zaman təbii ki, bu məsələ çoxdan həll olunardı. Ona görə biz deyirik ki, Türkiyəsiz bu məsələ həll olunmaz. Mən demirəm ki, Minsk qrupu artıq tarixdə qalsın, yox, qoy onlar da çalışsınlar. Halbuki 30 il ərzində bir nəticəyə nail olmadılar. Amma Türkiyəni bu prosesdən kənarda saxlamaq həm düzgün deyil, həm də mümkün deyil”.