13 C
Baku
Saturday, November 23, 2024

Türkiyə Mərkəzi Bankı lirənin məzənnəsini “qoruya” biləcəkmi?

Lirənin dollara nisbətən məzənnəsində müşahidə edilən volatillikdən sonra Türkiyə valyutasının kursunun necə dəyişəcəyi müzakirə edilən məsələlərdəndir. ABŞ valyutasına nisbətən bu il dekabrın 20-dək kəskin ucuzlaşan lirə son 1 həftədə daha stabil kursa malik oldu.

Lirəni ucuzlaşdıran səbəblər hələ də, praktik olaraq, qalmaqdadır: Türkiyənin cari hesablaşmalar balansındakı kəsir və özəl sektorun böyük həcmdə xarici borclanması və siyasi faktorlar.

Lirənin son günlər stabil kurs nümayiş etdirməsi daha çox ölkədə Mərkəzi Bankın intervensiyası ilə əlaqələndirilir.

“Amma üzən məzənnə sisteminə malik olan ölkələrdə heç bir Mərkəzi Bank intervensiya yolu ilə milli vlayutanı uzun müddət stabil saxlamaq imkanına malik ola bilməz”- deyə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Bayramov əlavə edir ki, valyuta bazarındakı stabillik üçün bazarın özünün dollar təklifinin artmasına ehtiyac var.

“Bu baxımdan, lirənin növbəti dövrlərdə məzənnəsi birbaşa Türkiyəyə daxil olan valyutanın həcmindən, ölkənin ixracat imkanlarından və təbii ki, Qərb dövlətləri ilə münasibətlərin səviyyəsindən asılı olacaq. Çünki, Türkiyə iqtisadiyyatına daha çox sərmayə cəlbi lirə üçün stabillik yarada bilər. Bütün mövcud faktorları nəzərə alsaq, təəssüf ki, hələ də lirənin baş üzərindəki “təhlükə” qalmaqdadır. Təbii ki, Türkiyə Mərkəzi Bankı növbəti dövrdə də milli valyutanın məzənnəsində kəskin volatilliyin baş verməməsi üçün intervensiya alətlərdən istifadə edə bilər”.

Qeyd edək ki, bu günə USD/TRY cütlüyündə gözəçarpan hərəkətlənmə müşahidə edildi.

İqtisadçı-ekspert deyib ki, Türk lirəsinin ucuzlaşması Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərməsə də belə, həm iqtisadi, həm də psixoloji baxımdan qardaş ölkədə milli valyutanın dəyərsizləşməsi bizim üçün arzuolunan deyil.

Bildirək ki, Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2020-ci ildə 4.5 milyard dollar yaxın olub. Eyni zamanda Türkiyə Azərbaycanın qeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. Azərbaycanın qeyri-neft ixracatının təxminən 33%-ə yaxını Türkiyə bazarına yönəlib.

Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsində təxminən 1.7 milyard dollar həcmində müsbət saldoya malikdir və biz həm ümumi ticarət dövriyyəsi, həm də qeyri-neft ixracatında Türkiyəyə ixrac edilən və Türkiyədən idxal edilən məhsulların strukturuna diqqət yetirsək, deyə bilərik ki, türk lirəsinin ucuzlaşması bizim ticarət dövriyyəmizə ciddi təsir göstərməyəcək. Çünki Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində enerji ixracatının payı yenə yüksək olaraq qalır. 2021-ci ildə də bu iki dövlət arasında enerji sahəsində əməkdaşlıq yüksək olacaq. Belə ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kubmetr təbii qaz nəql edəcək. Qazın qiyməti və ödəniş valyutası məhz ABŞ dolları ilə müəyyənləşdirildiyinə görə milli valyutadakı məzənnə dəyişikliyi buna təsir göstərmir.

“Bütün hallarda isə, qardaş ölkədə [Türkiyə] milli valyutanın stabilliyi bizim üçün iqtisadi və strateji baxımdan əhəmiyyətlidir”- deyə V.Bayramov bildirir.

Son xəbərlər
Digər xəbərlər