Türkiyə Rusiyanın “Mir” ödəniş sisteminin kartları ilə işləmək üçün yeni bank və ya hesablaşma mərkəzi yarada bilər.
Rusiyanın “İzvestiya” qəzeti xəbər verir ki, bu barədə fikri Rusiya-Türkiyə Biznes Şurasının direktoru Aleksey Yeqarmin irəli sürüb.
A.Yeqarminin sözlərinə görə, Türkiyə “Mir” sistemi ilə maliyyə əməliyyatlarının aparılması üçün alternativ variantları, o cümlədən ABŞ və Avropa İttifaqının (Aİ) sanksiya təzyiqindən asılı olmayan bankın yaradılmasını nəzərdən keçirir:
“Ola bilsin bu, xüsusi bank, yaxud blokçeyn hesablaşmalarına və ya qapalı klirinqə əsaslanan xüsusi sistem olacaq. Ola bilsin ayrıca hesablaşma mərkəzi. Biz axtarırıq və yaxın günlərdə təqdim edəcəyik – bu, Türkiyənin mövqeyidir”.
Qeyd edək ki, Türkiyənin özəl bankları “İş Bankası” və “Denizbank” sentyabrın 16-da ABŞ Maliyyə Nazirliyinin Rusiyanın xaricdə ödəniş sistemindən istifadəni genişləndirmək cəhdlərini dəstəklədiyinə görə sanksiyalar tətbiq etmək niyyətini açıqlamasından sonra “Mir” kartlarının qəbulunu dayandıracaqlarını açıqlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə aidiyyatı nazirliklərə ölkədə “Mir” kartlarından istifadənin alternativlərini işləyib hazırlamaq tapşırıb. Bu məsələ hökumətin sentyabrın 26-da keçirilən iclasında, eləcə də sentyabrın 23-də Prezidentin Maliyyə Nazirliyinin, Mərkəzi Bankın və aparıcı yerli bankların rəhbərləri ilə görüşündə müzakirə olunub. Onlarla bağlı heç bir qərar verilməyib.