Türkiyənin Rəqabət Şurası “Threads” sosial şəbəkəsinə tətbiq edilən məhdudiyyətləri ləğv edib. Bu barədə qurumun mətbuat açıqlamasında bildirilir. Xatırladaq ki, platforma 2024-cü ilin yazından etibarən ölkədə bloklanmışdı.
Antiinhisar qurum “X” sosial şəbəkəsində yaydığı açıqlamada qeyd edib ki, Rəqabət Şurasının müdaxiləsi nəticəsində istifadəçilərin “Threads”dən istifadə etmək üçün mütləq “Instagram” hesabından istifadə etməsi tələbi aradan qaldırılıb.
Qurumun məlumatına görə, bundan sonra istifadəçilər telefon nömrəsi vasitəsilə “Threads” üçün ayrıca hesab yarada biləcəklər. Eyni zamanda, vətəndaşların məlumatları avtomatik olaraq “Meta Platforms” şirkətinə məxsus digər xidmətlər tərəfindən toplanan məlumatlarla birləşdirilməyəcək.
Türkiyə hakimiyyəti “Threads” platformasını 2024-cü ilin aprelində bloklamışdı. Rəqabət qurumu hesab edirdi ki, “Threads” və “Instagram” istifadəçilərinin məlumatlarının birləşdirilməsi rəqəmsal platformalar bazarında rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilər.







