Türkiyənin Kösəköy stansiyasından Çinin Sian şəhərinə növbəti ixrac konteyner blok qatarı yola çıxıb. Blok qatar hər biri 40 futluq olmaqla 41 konteynerdən ibarətdir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən verilən məlumata görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edən konteyner qatarı Çinə sərinləşdirici içkilər daşıyır. Konteynerlər ölkəmizin ərazisinə çatdıqdan sonra Bakı limanından Qazaxıstanın Aktau limanına göndəriləcək.
Məlumata görə, konteynerlər Xəzər dənizini operatoru “ADY Konteyner” olan fider gəmisi vasitəsilə aşacaq.
Daşımanın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “Pasifik Eurasia Logistics”, “GR Logistics”, “ADY Konteyner” və “KTZ Express” şirkətləridir.