Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov yeni neft yataqlarının müəyyənləşdirilməsi üzrə işlərin davam etdirilməsi barədə göstəriş verib.
Göstəriş ölkənin Nazirlər Kabinetinin iclası zamanı verilib.
Məlumata görə, çərşənbə günü (4 yanvar) keçirilən iclasda Serdar Berdiməhəmmədov Nazirlər Kabinetinin sədr müavini Şahım Abdrahmanovun neft-qaz kompleksinin işi ilə bağlı hesabatını dinləyib. Dövlət başçısı ölkə iqtisadiyyatının əsas sahələrindən biri olan yanacaq-energetika kompleksinin potensialının daha da artırılması üçün yeni neft yataqlarının müəyyən edilməsinin və işlənməsinin vacibliyini vurğulayıb. Serdar Berdiməhəmmədov baş nazirin müavininə konkret tapşırıqlar verib.
Şahım Abdrahmanov məruzəsində qeyd edib ki, Türkmənistanın yanacaq-energetika kompleksinin inkişafı neft və qaz yataqlarının sürətləndirilmiş işlənməsi, həmçinin yeni quyuların qazılması hesabına həyata keçirilir və bu, xam neft hasilatının əhəmiyyətli dərəcədə artmasına şərait yaradır. Bununla əlaqədar olaraq, davam edən sənaye layihələrində iştirak etməkdə maraqlı olan iri ixtisaslaşmış şirkətlərin cəlb edilməsi nəzərdə tutulur.