Ukraynada prezidentliyinə namizəd Vladimir Zelenski protokolların 79,6 faizinin hesablanmasından sonra seçkilərdə qalib olub. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyаsı (MSK) məlumat yayıb.
Bildirilir ki, Vladimir Zelenski 73,07 faiz səs toplayıb. Ukrayna seçicilərinin 10,8 milyonu onun lehinə səs veriblər.
Zelenskinin əsas rəqibi, ölkənin hazırkı prezidenti Petro Poroşenkoya isə 24,59 faiz seçici (3,6 milyon seçici) səs verib.
MSK-nın məlumatına görə, bülletenlərin 2,32 faizi etibarsız sayılıb.
Bu arada Ukraynanın hazırkı prezidenti Petro Poroşenko prezident seçkilərinin ikinci turunda rəqibi Vladimir Zelenskiyə üç dəfə az seçici səsi hesabı ilə uduzduğunu etiraf edib. Bu barədə Report Agentliyi xəbər verir.
O, bildirib ki, buna baxmayaraq siyasətdən getməyəcək. Poroşenko öz komandasını heç vaxt təslim olmamağa çağırıb.
“Əziz komanda üzvləri, əziz həmyerlilər, KİV əməkdaşları, heç vaxt təslim olmayın. Heç vaxt, heç vaxt, heç vaxt… Nə çoxluqda təslim olun, nə azlıqda…”, – deyə o əlavə edib. Siyasətçi bildirib ki, bu sözlər ötən əsrin məşhur siyasətçisi, Britaniyanın sabiq baş naziri Uinston Çerçilə aiddir.