“PASHA Holding” MMC-nin innovativ layihələrindən olan və ölkədə son illərdə poulyar olan “Umico” layihəsinin yaradıcısı “Competo”ya yenidən maya qoyulmaqla 2021-ci ilin ilk 9 ayında üçüncü dəfə nizamnamə kapitalı artırılıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, “Competo” MMC-nin nizamnamə kapitalı daha 3 600 000 manat, yaxud 16% artırılıb.
Bununla da məşhur “Umico” layihəsinin yaradıcısnın nizamnamə kapitalı 26 600 000 manata çatdırılıb. Beləliklə, 2021-ci ildə son 3 artımı nəzərə alsaq, ilin əvvəlindən indiyə qədər 10 200 000 manat, 64.6% artırılmış olmuşdur.
Cari ilin febralında “Competo” MMC nizamnamə kapitalını 4 300 000 manat (27.2%) artırılmaqla 20 100 000 manata, iyununda isə 2 900 000 manat (14.4%) artırılmaqla 23 000 000 manata çatdırılmışdı.
“Kapital Bank” ASC-nin törəmə şirkəti “BirKart BOKT” MMC-nin də innovativ layihələri gerçəkləşdirən şirkətdə pay var. “BirKart BOKT”un “Competo” MMC-nin səhmlərinin 25%-i, yaxud 50 min manat həcmini əldə edib. Bu alış-veriş 2020-ci ilin martında gerçəkləşib.
“Competo”nun Baş ofisi Bakıda yerləşir. İdarəedici biznes-komanda pərakəndə satış və bank sahələri üzrə Belarus, Rusiya və Ukraynanın maliyyə və rəqəmsal məhsul bazarlarında böyük təcrübəyə malik əcnəbi mütəxəssislərdən təşkil olunmuşdur.
“Competo” şirkətinin məqsədi şirkətlərə yeni həllər tapmaqda və innovativ IT layihələri və alətləri vasitəsilə öz mənfəətlərini artırmaqda kömək etməkdir. Şirkət elektron ticarət, rəqəmsal marketinq, sifarişçilərlə əlaqələrin idarə olunması (CRM) və məlumat təhlili və emalı, habelə pərakəndə satış sahəsində ödəniş texnologiyaları və İT-inteqrasiya mexanizmlərinin inkişafı sahələrində ixtisaslaşıb.
2019-cu ilin may ayında növbəti 3 il üçün planlaşdırılan rəqəmsal xidmətin birincisi olan Umico (Universal Mobil Ağıllı Bələdçi) koalisiya loyallıq bonus proqramı Azərbaycan bazarında satışa çıxarılmışdır. “iOS” və “Android” platformalarındakı Umico mobil tətbiqi müştərilərə bütün ticarət kateqoriyaları üzrə Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrində, habelə birbaşa mal istehsalçılarından (brend sahiblərindən/distribütorlarından) alış-veriş edərkən nağd pul geri almağa (cashback) imkan verir.