15 C
Baku
Wednesday, April 24, 2024

Uşaqdan xoşbəxt lider və ya əbədi “loser” yetişdirməyin yolu

Sizcə, insanın taleyinə ən çox təsir göstərən şey nədir: gen, yoxsa tərbiyə? Niyə eyni ailədən olan uşaqlar bir-birindən bu qədər fərqlənirlər? İngilis psixoloqu Oliver James bu və digər suallara Alpina Publisher-in nəşr etdiyi “Məsələ genlərdə deyil: niyə uşaqlar valideynlərinə bənzəyirlər” kitabında cavab verir. Sizin üçün kitabın ən maraqlı fraqmentlərini dərc edirik. 

Pis davranış və sevgi (niyə eyni ailədən olan uşaqlar bir-birindən fərqlənirlər)

Erkən yaşda gördüyümüz qayğı və sevgi, laqeydliyin zərərli olduğu qədər faydalıdır. Təəssüflər olsun ki, valideynlərin əksəriyyəti övladlarına fərqli münasibət göstərirlər və bu, uşağın xarakterinin formalaşmasına bilavasitə təsir göstərir. Ümumiyyətlə, xarakterin bir çox əlamətləri həqiqətən nəsildən-nəslə ötürülür, lakin bizim düşündüyümüz qədər yox. Bəzən valideynlərin uşaqlarına göstərdikləri münasibət o qədər fərqli olur ki, eyni ailədə böyüyən insanlar bir-birinə heç bir şeydə bənzəmirlər. 

Əgər uşaqlardan biri ekstravertdirsə, çox güman ki, digəri introvert olacaq (85%). Əgər uşaqlardan biri psixiki problemlərdən əziyyət çəkirsə (məsələn, depressiya, nevroz), çox güman ki, digər uşaq sağlam olacaq (90%). Əgər siz istedadlı birisinizsə, çox güman ki, bacı və ya qardaşınız elə deyil. Eyni ailədə böyüyən uşaqların eyni olub-olmaması tərbiyədən asılıdır. Bütün ailələrdə valideynlərin uşaqlarına verdiyi tərbiyə demək olar ki, eynidir. Onların ailə mədəniyyəti uşaqlara təsir edir. Məsələn, mənim valideynlərimin hər iksi psixoanalitikdir. Və bu mövzu bizim evdə dəfələrlə müzakirə edilib. 

Bütün uşaqlar valideynlərinin təsirinə məruz qalırlar. Çox vaxt insanlar deyirlər: “Biz eyni ailədə doğulmuşuq, bizi eyni tərbiyə ediblər, lakin baxın – biz tamamilə fərqli insanlarıq! Yəqin ki, hər şeyi genlər həll edir”. Əslində isə sizi ailədə eyni şəkildə tərbiyə etməyiblər. Valideynləriniz eyni olsa da, onlarla qurduğunuz münasibətlər fərqlidir. 

Eyni ailədə böyüyən uşaqların bir-birindən fərqlənməsini izah edən amillər bunlardır:

1. Valideynlərin uşaqlarının boynuna qoyduqları “yük” (adətən böyüklərin öz uşaqlığından qaynaqlanır).

2. Ata və ana arasındakı münasibətlərin xarakteri (əgər ailədə həm ana, həm ata varsa).

3. Valideynlərin öz uşaqlarına göstərdikləri sevgi, qayğı və ya əksinə, pis davranış.

4. Uşağa qarşı favoritizmin (“favoritizm” – sevimlilik prinsipi) dərəcəsi.

5. Valideynlərin uşaqlarının üzərinə “yapışdırdıqları” etiketlər (çox vaxt bu etiketlər mənfi emosiyalar ortaya çıxanda üzə çıxır, belə hallarda valideynlər uşaqlarından zibil qutusu kimi istifadə edirlər).

6. Uşağın sayca neçənci olması.

7. Uşağın cinsiyyəti.

8. Uşağın bacı və ya qardaşı ilə müqayisədə əsas rəqabət üstünlüyü.

Favoritizm 

Uşaqların üçdə iksi valideynlərinin bacı və ya qardaşlardan birini daha çox sevdiyini iddia edir. Bunun səbəbi çox sadə ola bilər: məsələn, uşağın xarici görünüşü. Gözəllik ata və ananın uşağa göstərdiyi reaksiyaya təsir göstərən amillərdən biridir. Eyni zamanda çox vaxt favoritizm ailənin tarixi ilə əlaqələndirilir: valideynlər uşağı onun cinsiyyətinə və ya birinci övlad (və ya axırıncı) olduğuna görə daha çox sevirlər.

Etiketləmə

Dünyada doğulan uşaqların əhəmiyyətli hissəsi istəksizdir və bu onlara böyük zərər verir. Tədqiqatların birində anaların uşaqlarına qarşı olan mənfi duyğuları ölçüldü, 40 il sonra isə bu uşaqlar arasında yenidən araşdırma aparıldı. Məlum oldu ki, uşağına qarşı mənfi münasibət bəsləyən qadınların uşaqları həyatda daha uğursuz olurlar və bir çox psixiki problemlərdən əziyyət çəkirlər. Çexoslovakiyada abort etmək istəyən, lakin həkimlərdən “yox” cavabını alan anaların uşaqları arasında daha maraqlı tədqiqat aparılmışdır (tədqiqatda 220 uşaq iştirak edib). Bu uşaqların davamiyyətinin həmyaşıdlarla müqayisədə daha pis olduğu məlum oldu. Müəllimlərin sözlərinə görə, belə uşaqlar daha əsəbi olurlar və çox vaxt böyüklərin sözlərinə qulaq asmırlar. Daha sonra uşaqlardan analarının onlara göstərdiyi münasibət haqqında soruşdular. Adətən ana ya uşağının bütün işlərinə müdaxilə edib, ya da ümumiyyətlə ona heç bir maraq göstərməyib. 

Bu məlumatlar digər tədqiqatların nəticələri ilə təsdiq olunur. 172 ailə arasında keçirilən araşdırma bizə uşaqların diferensial davranışını başa düşməyə kömək edir. Belə ki, uşaqların əksəriyyəti valideynlərin övladları arasında ayrı-seçkilik etmələrini söyləyib (sürpriz: çox vaxt valideynlər uşaqlardan birini daha çox sevdiyini boyunlarına almırlar). Adətən valideynlər özlərini haqlı hesab edirlər, lakin, deyəsən, uşaqlar daha çox bilirlər. Qeyd etmək lazımdır ki, araşdırma zamanı ata və ananın davranışında müəyyən fərqlər aşkar edilmişdir. 

Emosional “diskomfortun” (narahatlığın) səviyyəsi (özünü apatiya, iştahın olmaması və həyatdan zövq almaq qabiliyyətinin itirilməsi, intihar haqqında fikirlər, uzunmüddətli məyusluq və s. formalarda göstərir) uşaqlar arasındakı ayrı-seçkiliyi müəyyən etməyə kömək edir. Bu duyğulardan heç biri atanın uşağa göstərdiyi davranışa təsir etməyib və bu, ananın daha əhəmiyyətli rol oynadığını bir daha sübut edir. Bir çox ailədə analar atalarla müqayisədə uşaqlara daha çox vaxt ayırırlar (uşaqlarla keçirilən vaxt, aktiv fəaliyyətlər). Uşaqların tərbiyəsi ilə bağlı olan problemlərin hamısı ananın çiyinləri üstündədir (məsələn, uşağı məktəbə aparıb-gətirmək, həkimə yazılmaq və s.). Tədqiqatların nəticələrinə görə, ailədəki xaos diferensial davranışa təsir göstərən əsas amillərdən biridir (səs-küy, nizam-intizamın olmaması). İnsan stressdə olduğu halda, diferensial davranışını idarə etməyi bacarmır və nəticədə o daha da güclənir. Uşaqlarını təkbaşına boya-başa çatdırmış analar uşaqlar arasında ayrı-seçkilik qoyurlar. 

Son zamanlar gənclər arasında “chiledfree” ideologiyası yayılmağa başlayıb və bu, tamamilə fərqli bir mövzudur. Çox vaxt valideynlər bu və ya digər uşağının xarakterində olan bəzi xüsusiyyətlərini sevmirlər, cinsiyyətə görə ayrı-seçkilik edirlər və bəlkə də, bu uşaq onlara şəxsi uşaqlıqdan qalan incilikləri xatırladır. Etiketləmə qurbanlarının ən parlaq nümunəsi Penni Lich-dir. O, uşaqların tərbiyəsinə həsr olunmuş bir çox kitabların müəllifidir. Penni Lich valideynlərinin üçüncü övladı idi və onun fikrincə, ailədə uşaqlar arasında ayrı-seçkilik olurdu. 

“Mən bilirdim ki, atam daha çox məni yox, böyük bacımı sevir. Bəlkə də oğlan olsaydım, daha çox sevilərdim. O heç vaxt yaxşı ata olmayıb, yayda anam bizi atamgilə göndərirdi. Əgər ətrafınızsa ananı əvəz edə biləcək bir insan yoxdursa, bu rolu öz üzərinə götürmək yaxşı alternativdir. Bizdə də belə oldu – mən kiçik bacımın anası idim sanki. Ata və anama qarşı hələdə kinliyəm, lakin əslində bu sadəcə mənim proeksiyamdır”. 

Çox vaxt ana və atalar bütün gücünü böyük övlada yönəldirlər, lakin uşaqların sayı artdıqca onların təsiri zəifləməyə başlayır. Əgər siz evin tək övladsınızsa, valideynlərin təsir gücü daha da arta bilər. 

Nə etmək lazımdır? 

1. Ailə “dramı”ndakı rolunuzu müəyyən edin

Fikrinizcə, sizin ailədə oynadığınız rollar hansılardır? Bacarıqlı və ya bacarıqsız riyaziyyatçı, ən yaxşı və ya ən pis idmançı, sevilən və ya sevilməyən övlad və s. Yaxşı olar ki, bu sualı qardaş və ya bacınıza, mümkündürsə valideynlərinizə də verəsiniz. Məsələn: “Kiçik yaşlarımda necə bir uşaq olduğum haqqında düşünürəm. Sizcə, mənim ailədəki rolum nə olub – ağıllı, axmaq, tənbəl, yoxsa çalışqan? Eyni zamanda qardaş və bacılarınızın rollarını müəyyənləşdirin. Gələcəkdə ailə üzvləriniz ilə bir yerdə toplaşanda rollarınızı dəyişin. Məsələn, Yeni il bayramını valideynlərin evində qeyd etməyi planlaşdırmısınız və ailəniz sizi çox danışan və mübahisə etməyi sevən biri kimi tanıyır. Çalışın özünüzü mümkün qədər sakit aparın, heç kimlə mübahisə etməyin. Əgər sizi tənbəl biri hesab edirlərsə, qab yumağa təşəbbüs göstərin. Maraqlıdır ki, siz öz davranışınızı dəyişsəniz belə, evdəkilər sizin haqda yenə də əvvəlki kimi düşünəcəklər.

2. Sayca neçənci uşaq olmağınızın, cinsiyyətinizin və digər amillərin ailədəki rolunuza təsiri haqqında düşünün. Rolunuzu müəyyənləşdirəndən sonra onu necə əldə etdiyinizi təhlil edin. Bəlkə, heç vaxt təmkinli və ambisiyalı biri olmamısınız. Bəlkə, böyük qardaşlarınız və ya bacılarınız sizdən daha iddialı olublar. Siz onlarla mübarizə aparmağa cəhd göstərsəniz də, tez bir zamanda təslim olurdunuz. Bu, mümkün olan variantların ən sadəsidir. Biz unutmamalıyıq ki, çox vaxt bu işdə valideynlərin də təsiri var. Əgər ailənin ən kiçik övladı sizsinizsə, valideynlərin diqqətini cəlb etmək sizin əsas məqsədlərinizdən biri olub. Bəlkə, valideynləriniz çox işləyirdilər və sizə yetərincə diqqət ayıra bilmirdilər. Bəzən valideynlərin gözləntilərini doğruda bilmədiyimiz üçün belə ədalətsiz münasibətlə üz-üzə gəlirik.

Sayca neçənci övlad olmağınız, cinsiyyətiniz və bu kimi digər amillərin təsirini təhlil etmək olduqca faydalıdır. Əgər ailədə oynadığınız rolu müəyyən etmək istəyirsinizsə, qohumlarınızla danışın! Siz hekayənizi zərrə-zərrə toplayaraq, özünüzü bir sıra stereotiplərdən azad edə bilərsiniz. Unutmayın ki, sizə təsir etmiş hadisələrin böyük hissəsi bir neçə nəsil əvvələ təsadüf edə bilər. Siz təəccüblənə bilərsiniz, lakin özünüzdə sevmədiyiniz keyfiyyət (tənbəllik, ağır xarakter, çalışqanlıq və s.) ailənizin sizə verdiyi rol ola bilər. 

3. Valideynlərin realizə olunmamış ambisiyalarının üstünlüklərini unutmayın. Bu kitabın böyük hissəsi valideynlərin öz istəklərini uşaqlara ötürməsinin mənfi nəticələrinə həsr olunmuşdur, lakin valideynlərin bizim üçün identifikasiya obyekti olduğu faktını da unutmamalıyıq. Uşaqlarla işlədiyim zaman mənə müraciət edən ilk xəstəmi heç vaxt unutmayacağam. Bu, kiçik yaşlarından uşaq evində tərbiyə olunan 12 yaşlı qız idi. Məncə, o bizim müzakirə etdiyimiz mövzularda maraqlı deyildi. Şübhəsiz ki, bu, qismən mənim təcrübəsizliyimdən irəli gəlirdi, bəlkə də o mənim faydasız və bezdirici mütəxəssislərdən biri olduğumu düşünürdü. Bu qızcığazın mənə söylədiklərindən elə başa düşdüm ki, indiyədək hər kəs ona qarşı laqeyd olub və heç bir yetkin onun mövcudluğundan məmnun olmayıb, kiçik uğurlarına sevinməyib. 

Donald Winnicott-un “Uşaq özü-özünə mövcud ola bilməz” fikri tamamilə doğrudur. Mütəxəssisin sözlərinə görə, valideynlərin uşaqlarına sevgi və qayğı göstərməsi mütləqdir. Əks təqdirdə, gələcəkdə bu uşağın özünəinam hissi çox zəif olacaq. Uşaq düşünür: “Bu, mənim ağzımdır, onun köməyi ilə süd içirəm. Bu isə mənim qarnımdır, o, yeməklə dolur”. Xəstəmin belə bir təcrübəsi yox idi. Unutmayın ki, sevgi uşağın sağlamlığı üçün vitaminlər qədər əhəmiyyətlidir. Sevgi olmasa, uşaq məhv ola bilər. Eksiztensial mənada mənim xəstəm artıq çoxdan məhv olmuşdur. Bir az böyüyəndən sonra valideynlərimizin seçimlərimizdən və sonrakı hərəkətlərimizdən məmnun olduqlarını görmək istəyirik. Biz valideynlərimizin  ümidlərini rədd, tənzim və ya qəbul edə bilirik. Lakin onların bizim gələcəkdə kim olacağımıza dair ümidləri olmasa, həyat daha çətin olacaq.  

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər