25 C
Baku
Saturday, July 27, 2024

Vəsiyyətnamə haqqında 7 yalnış fikir

Müasir dövrdə vərəsəlik hüququnun aktuallığı artdıqca vəsiyyətnaməyə verilən önəm də bir o qədər artır. Artıq daha çox insan ölümündən sonra həyatı boyu qazandığı mal-mülkün kimə, necə, hansı miqdarda və hansı şərtlərlə çatacağına dair sağlığında qərar vermək istəyir. Vəsiyyətnamə institutu haqqında ətraflı məlumatlı olmaq, vaxtında bu istiqamətdə doğru addımlar atmaq gələcəkdə bir çox xətalardan qoruya bilər. Bu məqalədə xalq arasında vəsiyyətnamə barədə formalaşmış və ən geniş yayılmış fikirləri bir araya toplamağa çalışdıq. Beləliklə:

  1. Vəsiyyətnamə tərtib və təsdiq etmək üçün mütləq yaşadığınız yer üzrə və ya mirasın yerləşdiyi yer üzrə notariusa getməlisiniz;

Vəsiyyətnamə tərtib etmək istəyən şəxs istənilən notariusa yaxınlaşa bilər. Bunun üçün yalnız mirasqoyanın şəxsiyyətini təsdiq edən sənədlər və vəsiyyətnamədə adı keçəcək vərəsələrin şəxsiyyətini təsdiq edən sənədlər kifayətdir.

  1. Vəsiyyətnamə tərtib etmək üçün vəsiyyət ediləcək əmlakın bütün sənədlərini notariusa təqdim etməlisiniz;

Vəsiyyətnamə təsdiq edilməsi zamanı vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur.

  1. Vəsiyyətnamə yalnız bir dəfə tərtib edilə bilər.

Şəxs həyatı boyu istədiyi qədər vəsiyyətnamə tərtib edə, onları dəyişə və ya ləğv edə bilər. Qanunverici bununla bağlı hər-hansı limit müəyyən etməyib.

  1. Ailə üzvlərinin razılığı tələb olunur;

Hər-hansı əmlak vəsiyyət edilərkən həmin əmlakda qeydiyyatda olan ailə üzvlərinin və digər şəxslərin razılığı tələb olunmur. Istisna özəlləşdirilmiş mənzillər təşkil edir.

  1. Notariusda təsdiq edilmiş vəsiyyətnaməni dəyişdirmək və ya ləğv etmək mümkün deyil;

Notairusda təsdiq edilmiş vəsiyyətnaməni belə dəyişdirmək hətta ləğv etmək mümkündür. Bunun üçün vəsiyyət edən şəxs notariusa ərizə verə bilər, əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib edə bilər və ya bütünn nüsxələrini özü və ya notarius tərəfindən məhv etdirə bilər.

  1. Yaxın qohumu şahid qismində cəlb etmək olar;

Məlum olduğu kimi, vəsiyyətnamənin vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Lakin bu halda vəsiyyət edən şəxsin yaxın qohumları şahid ola bilməzlər. Qohumluq faktını notariusdan gizlətmək də heç yaxşı şey deyil. Çünki bu fakt özü-özlüyündı vəsiyyətnamənin etibarsız hesab edilməsinə gətirib çıxara bilər.

  1. Vəsiyyət etdiyim bütün əmlak tamamilə vəsiyyətnamədə göstərdiyim şəxsə qalacaq.

Və sonda. Haqqında çox danışılsa belə, çoxlarının hələ də bilmədiyi “məcburi pay”… Bütün əmlakını, var-dövlətini yalnız bir şəxsə vəsiyyət etsəniz belə, ən yaxın qohumlarınıza həmin əmlakdan müəyyən pay çatacaqdır.

Vəkil Əkbərova Leyla Mikayıl qızı

 

Son xəbərlər
Digər xəbərlər