Vəkillik orderi üçün ödənişlər 3 il vergidən azad edilə bilər.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklə 2023-cü ilin yanvarın 1-dən vəkillər və vəkil qurumlarının order markasının əldə edilməsi ilə bağlı Vəkillər Kollegiyasına etdiyi ödənişlərin 3 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulub.
Bundan başqa, digər dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş əsas vəsaitlərin idxalı, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında müvafiq icra hakimiyyəti orqanının yenidən qurulması layihəsi çərçivəsində avadanlıqların və ehtiyat hissələrinin idxalı da 2023-cü il yanvarın 1-dən 3 il müddətinə vergidən azad ediləcək.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.