Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin üçüncü iclasında da sərt və şahin tonlarla bazara siqnal verdi və növbəti iclaslar üçün də faizlərin artımı üçün “qapını açıq” saxladı. Faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10%-ə qaldırılıb.
Banker.az xəbər verir ki, uçot faiz dərəcəsi 8.75%-dən 9.00%-ə qaldırıldı. Mərkəzi Bankın İdarə Heyətinin qərarı daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla verdiyi məlum oldu. Yeri gəlmişkən, Banker.az-ın analitikləri 3 gün öncəki yazıda da inflyasiyanın pik həddən aşağı olsa da, bir AMB-nin hədəf çərçivəsindən xeyli uzaq olduğunu əsas gətirməklə faizlərin potensial 25 baza bəndi artırılacağını ehtimal etmişdi.
Beləliklə, Mərkəzi Bank uçot faiz dərəcəsini son 7 ayda 125 baza bəndi artırmış oldu. Bir xatırlatma edərək bunu bildirək ki, ABŞ Federal Ehtiyat Sistemi uçot faiz dərəcəsini ABŞ-dəki 40 illik inflyasiyanı cilovlamaq üçün 0.25-dən 5.00%-ə qaldırıb və bu gün isə daha 25 baza artımı ilə 5.25%-ə çatdıracağı proqnoz edilir. Beləliklə, 500 baza (5 faiz) bəndi artırmış oldu.
Mərkəzi Bank uçot faiz dərəcəsini 2022-ci ilin sentyabrından işə salıb. Burada bir diqqət çəkən məqam o oldu ki, AMB uçot faiz dərəcəsinin aşağı həddini gözləniləndən daha çox – 50 baza bəndi qaldırdı. Sentyabrda aşağı həddi 6.25%-dən 4.00%-ə endirmişdi ki, “rahat” sterliasiyanı həyata keçirsin. AMB-nin uçot faiz dərəcəsi siyasətinin məqsədi ölkədə istər daxili, istərsə də xarici səbəblərdən inflyasiyanı azaltmaqdır. Azərbaycana inflyasiya mart ayında 13.6% təşkil edib. Bu, requlyatorun 2-4% arasındakı hədəf çərçivəsinə çox uzaqdır.
AMB hesab edir ki, inflyasiya cari ildə 8% ilə tamamlanacaq. Bu, indiki şərait nəzərə alınmaqla verilir. İstənilən halda, AMB buna işarə edir ki, 2025-ci ilə qədər “gözdə-qulaqda” olmalıyıq. Yalnız 2025-ci ildə inflyasiya hədəflənən səviyyəyə qayıdacaq. Digər tərəfdən əsas amil odur ki, ölkə iqtisadiyyatı və onun inflyasiyası xarici amillərdən çox aslıdır.
AMB-nin gələcəklə bağlı vacib siqnalları:
- Mərkəzi Bank ölkədə ilin sonuna 8%-lik qiymət artımlarının olacağı fikrində qalır.
- Azərbaycanın cari əməliyyatlar balansı 2023-cü ilin ilk rübündə də profisitli olacaq.
- Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını faktiki və gözlənilən inflyasiyanın dinamikasının hədəfdən yayınma səviyyəsi, daxili və xarici inflyasiya risklərini nəzərə almaqla qəbul edəcəkdir. İnflyasiya mühitindəki risklərə reaksiya olaraq Mərkəzi Bank monetar şərait vasitəsilə inflyasiyanı bundan sonra da məhdudlaşdırmağa çalışacaq.
- İnflyasiyanı artıran faktorlar bundan sonra da sıx monitorinq ediləcək.
- İllik inflyasiya göstəriciləri və proqnozlarının davamlı olaraq azalması halında əvvəlcə pul siyasətinin sərtləşdirilməsi üzrə pauza götürüləcək, sonra isə onun normallaşdırılması, yəni azaldılması imkanları nəzərdən keçiriləcək.
- Növbəti faiz qərarı 2023-cü il iyun ayının 21-də açıqlanacaq.
“DAVRANIŞI DƏYİŞDİRMƏK VAXT ALIR”
Taleh Kazımov, hansı ki, bir ildir Mərkəzi Bankın sədri postunda əyləşib – uçot faiz dərəcəsinin iqtisadiyyata təsirinin aşağı olduğunu və “qeyri-qənaətbəxş” olduğunu hesab edir. AMB uçot faiz dərəcəsini 2022-ci ilin sentyabrından işə salmaq üçün dəyişiklərə gedib ki, bu, artıq, həqiqətən, bazarda təsirli alət olsun. Baş bankir bunun “bir günün, altı ayın işi” olmadığını və “30 il ərzində bazar iştirakçılarının hansısa davranışa öyrəşdiyini” deyir. Baş bankirə görə, bazar iştirakçılarının da vərdişini dəyişdirmək vaxt aparır.
AMB sədri etiraf edir ki, uçot faiz dərəcəsinin ölkənin iqtisadi artımı və ya azalmasına birbaşa təsiri yoxdur, lakin bunun banklararası faizlərə təsiri var. “İstəyimiz odur ki, manatın gəlir əyriliyi formalaşsın ki, bazar iştirakçıları, fərdi insanlar, bizneslər artıq o gəlir əyriliyinə istinad edərək yığım, investisiya və borclanmanı həmin faizlərə istinad etsin”. Bildirir ki, “gəlir əyriliyi artıq formalaşmalıdır”.
Bununla belə jurnalistlərin “Azərbaycanın iqtisadiyyatında 0.4%-lik” artımı şəraitində AMB-nin pauza verə biləcəyi ehtimalına bildirir ki, bütövlükdə ilin sonuna “iqtisadi artım” gözlənilir. Söhbət burada AMB-nin özü tərəfindən verilən proqnozdan gedir. AMB tərəfi iqtisadi artım və əmək bazarı ilə bağlı hər hansısa azalmanın olmadığını deyir.
Bildirək ki, 30.04.2023-cü il tarixinə AMB-nin valyuta ehtiyatları 9 mlrd. 189 milyon dollara çatıb. Valyuta ehtiyatları son bir ayda xarici valyuta ehtiyatlarını 56 milyon dollar (+0.62%), son bir ildə isə 2 milyard 103 milyon dollar (29.5%) artırmış olub. AMB sədri valyuta ehtiyatlarının artmasını investisiya portfelinin idarəedilməsindən daxil olduğunu, valyuta bazarına hansısa intervensiya olmadığını diqqətə çatdırdı.
İntervensiya nə deməkdir? Məsələn, valyuta hərraclarında təklif tələbi üstələyirsə, bu zaman mərkəzi bank valyutanın məzənnəsinə təsir etmək kimi, təklif tərəfə milli valyutanı satıb, xarici valyutanı alır və ya əksinə.
Azərbaycanda 2023-cü ilin 4 ayında valyuta hərraclarının 97%-də təklif tələbi üstələyib. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici amillərinə azaldıcı təsir edir. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%, 2023-cü ilin 4 ayında 4.8% möhkəmlənib.
BƏZİ BANKLARIN MALİYYƏ GÖSTƏRİCİLƏRİNDƏ ÇAĞRIŞLAR VAR
T.Kazımov ABŞ-dakı maliyyə böhranı ilə bağlı bildirir ki, “JP Morgan”ın böhranla üzləşən “FirstRepublicBank”ı alması risklərin bir daha yüksək qalmasını təsdiq edir və qlobal miqyasda baş verənlər investor və əmanətçilərin maliyyə sisteminə olan inamına təsir edir. Maliyyə vasitəçiliyinin məhdudlaşdırılmasına səbəb olur. Bu da, dünya iqtisadiyyatının durğunluğuna səbəb ola bilər. Lakin, bu hadisələrin Azərbaycana hər hansısa neqativ təsiri müşahidə edilmir.
Bununla belə, Mərkəzi Bankın sədri bankların maliyyə göstəricilərində çağırışlar olduğunu bildirdi.
“Biz onlar ilə çox sıx çalışırıq. Sevindirici məsələ ondan ibarətdir ki, çağırışlar olan banklar sistem əhəmiyyətli deyil. Qeyd etdiyim kimi, onlar ilə çalışırıq və ümidvaram ki, bundan sonra bizim maliyyə sektorumuz dayanıqlılıq nöqteyi-nəzərdən güclənəcək”,- deyə, baş bankir əlavə edir.
Taleh Kazımov “maliyyə sektorunun durumunu çox qənaətbəxş qəbul edirəm” deyib və əlavə edib:
“Tənzimləyici qurumun rəhbəri olaraq maliyyə sektorunun durumunu çox qənaətbəxş qəbul edirəm. Sektor üçün əsas risklər – kredit riski və əməliyyat riskidir. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Bankların əksəriyyəti pərakəndə bankçılıqla fəaliyyət göstərir. Qeyri-işlək kreditlərin portfeldə xüsusi çəkisi cəmi 3.7%-dir. İqtisadiyyatımızın durumu nöqteyi-nəzərdən maliyyə sektorumuz çox güclüdür. Siz soruşsanız ki, “maliyyə sektorunun durumundan razısınız?”, sözsüz ki, “yox”. Qarşıya qoyduğumuz islahatlardan irəli gəlir ki, bizim maliyyə sektorumuzun iqtisadi inkişafda rolu artsın, onlar həm risklərin idarə edilməsi sahəsində, həm korporativ idarəetmə sahəsində qabaqcıl təcrübələri tətbiq etməyə başlasınlar, bununla öz maliyyə dayanıqlıqlarını gücləndirsinlər. Əsasən, istəyimiz odur ki, əhalinin əmanətləri, onların hüquqları müdafiə olunsun və iqtisadi inkişafa dəstək olsunlar”.