6 C
Baku
Sunday, December 15, 2024

Vətəndaşlığını pulla satan ölkələr

Ölkəyə varlı investorları cəlb etmək, artıq neçə illərdir boş qalmış daşınmaz əmlak nümunələrini satmaq və sadəcə büdcəni doldurmaq üçün nə etmək lazımdır? Avropanın bir neçə ölkəsi və Amerika bunun üçün çox səciyyəvi bir çıxış yolu tapmışlar. Belə ki, onlar öz vətəndaşlığını satmaq qərarına gəlmişlər. Sözsüz ki, burada söhbət birbaşa olaraq şəxsiyyət vəsiqələrinin satılmasından deyil, vətəndaşlıq əldə etmək üçün əhəmiyyətli dərəcədə sadələşdirilmiş prosedur qarşılığında iqtisadiyyata investisiya edilməsindən gedir. Təəccüblü deyil ki, bu proqram populyarlıqla istifadə edilir. Çünki bəzi şəxsiyyət vəsiqələri Şengen zonası daxilində viza almadan bir çox ölkələr üzrə hərəkət etmək imkanı yaradır. Aşağıda Henley Estates konsaltinq şirkətinə istinadən, müəyyən məbləğ ödəyib ikinci vətəndaşlıq ala biləcəyiniz ölkələr ilə tanış ola bilərsiniz.

Britaniya

1994-cü ildə Britaniya hökuməti “İnvestor” proqramını yaratdı. Bu proqramın əsas vəzifəsi Böyük Britaniya vətəndaşı olmaq istəyən varlı investorları ölkəyə cəlb etmək idi. Bu ölkənin vətəndaşlığını almaq üçün “cəmi” 1 milyon funt ödəmək kifayətdir. İnvestor 750 funtdan az olmayan bir məbləği Britaniya iqtisadiyyatına, eyni zamanda 250 min funtdan az olmayan məbləği isə Birləşmiş Krallıq ərazisində daşınmaz əmlaka yatırmalıdır. Və yaxud da bu məbləğ Britaniya banklarından birində olan hesaba yatırılmalıdır. Bundan sonra investor öz ailəsi ilə birlikdə bu ölkədə qanunla yaşamaq və işləmək hüququ əldə edir. Beş ildən sonra ailə yaşayış icazəsi, bir ildən sonra isə vətəndaşlıq əldə edir. Daha varlı insanlar üçün vətəndaşlığın verilməsi proseduru sürətləndirilə bilər. Ölkəyə 5 milyon funt sərmayə yatırdıqda vətəndaşlıq 4 ildən, 10 milyon funtdan çox sərmayə yatırdıqda isə 3 ildən sonra verilə bilər.

İspaniya

2008-ci ildən etibarən maliyyə böhranından əziyyət çəkən ölkə iqtisadiyyata edilən əlavə investisiyalardan imtina etməzdi. Ölkədə 700-ə yaxın boş yaşayış yerləri mövcuddur. Bu yaşayış yerlərinin əksəriyyəti yeni tikilən binalarda satılmamış mənzillər və girov qoyulan daşınmaz əmlak nümunələridir. Ölkənin adi vətəndaşları isə bu evləri alacaq iqtidarda deyillər. 2013-cü ilin sentyabrında ölkədə işsizliyin həddi 26,6% həcmində idi. Belə olduqda hökumət 500 mindən çox avro ödəyərək daşınmaz əmlak alanlara vətəndaşlıq verməyi qərara aldı. Bundan əlavə, dövlət istiqrazlarına 5 il müddətinə sərmayə yatırdıqda vətəndaşlıq əldə etmək olar. Bunu ispan şirkətlərinə 1 milyon avro sərmayə yatırmaqla, yaxud bu məbləği depozit hesabına yatırmaqla etmək olar. Lakin ümumi qaydalara görə, investor yalnızca 10 ildən sonra vətəndaşlığını təsdiq edə bilər.

Portuqaliya

Yumşaq subtropik ölkə iqlimi, yüksək həyat şəraiti və Şengen razılaşması üzrə digər ölkələrdə rahat hərəkət etmək imkanı bir çox insanı Portuqaliyaya cəlb edir. 2013-cü ildə hökümət tərəfindən «Golden Residence» proqramı yaradıldı və bu proqram əcnəbilərə asanlaşdırılmış şərtlərlə vətəndaşlıq təklif edirdi. Bunun üçün 500 min avroya daşınmaz əmlak almalı və növbəti 5 il ərzində satmamalı idi. Yaxud da investor Portuqaliya iqtisadiyyatını minimum 1 milyon avro həcmində investisiya etməlidir. Bundan sonra investor ölkəyə ilk səfəri zamanı 1 illik yaşayış hüququ rəsmiləşdirə bilər. Gələcəkdə o bu müddəti uzada bilər. İnvestor ölkədə 6 il yaşadıqdan sonra vətəndaşlıq əldə edə bilər. Proqramın şərtlərinə görə, ilk ildə ölkədə məcburi qalma müddəti 7 gün və növbəti illərdə 14 gün təşkil edir.

Latviya

Latviyada vətəndaşlıqla bağlı qəbul edilmiş qanuna əsasən, əcnəbi şəxs investisiya qarşılığında ölkədə yaşayış hüququ əldə edə bilər. Bunun üçün 50 mindən 100 min lat dəyərində olan bir və yaxud bir neçə daşınmaz əmlak nümunəsi almaq kifayətdir. Bundan əlavə ölkənin kredit təşkilatını 200 min latdan az olmayaraq investisiya etməli və yaxud Latviya müəssisəsinin əsas kapitalına 25 min latdan az olmayaraq pul yatırmalıdır. Ölkədə yaşayış icazəsi ildə 900 ərizə ilə məhdudlaşdırılıb. Ölkənin vətəndaşlığını almaq isə bir o qədər də asan deyil: belə ki, əcnəbi şəxs latış dilini və ölkənin tarixini bilməsi ilə bağlı imtahan verməli və son 5 ildə ölkədə yaşadığı faktını sübut etməlidir.

Kanada

Kanada da investisiya qarşılığında vətəndaşlıq almaq mümkündür. Bunun üçün siz biznesi idarə etmək təcrübəsinə malik olduğunuzu və kapitalınızın 1,6 milyon kanada dollarından çox olduğunu və sərvətinizi qanuni yollarla qazandığınızı sübut etməlisiniz. Bundan sonra əcnəbi şəxs ölkə iqtisadiyyatına 800 min kanada dolları sərmayə yatırmalıdır. Kanada hökumətinin rəsmi saytında bu investisiyanın nəyə xərclənməsinin göstərilməsi ilə yanaşı, bu ölkədə 5 il və 3 ay yaşadıqdan sonra investisiyanın geri qaytarılmasına zəmanət verilir. Burada yalnız bir mənfi cəhət var ki, ərizənin baxılması müddəti 2 ilə çata bilər. Burada Quebec əyaləti də investorlara proqram təqdim edir. Bu proqramın şərtləri də demək olar ki, eynidir. Yeganə fərq ondadır ki, burada bütün investisiya Quebec iqtisadiyyatının inkişafına xərclənir və ərizənin baxılma müddəti 1 ildir.

Kipr

Yumşaq dəniz iqlimi, Avropa İttifaqında üzvlük və Şengen ölkələrinə səyahət sərbəstliyi Kipri yaşayış üçün ən gözəl ölkələrdən biri edir. Bu ölkə də əcnəbi investorlar üçün xüsusi proqramlar təklif edir. Bu proqrama əsasən vətəndaşlıq əldə etmək üçün minimum 5 milyon avro dəyərində daşınmaz əmlak nümunəsi almaq kifayətdir. Bu investisiya periodunun 3 il davam etməsi vacibdir. İnvestor öz vəsaitlərini geri almağa qərar versə onun vətəndaşlığı ləğv edilə bilər. Qeyd edək ki, burada vətəndaşlığın verilmə tarixi də cəmi 3 ay təşkil edir.

Malta

Malta vətəndaşlığı çoxsaylı imkanlar təqdim edir: Şengen zonasında sərbəst hərəkət, inkişaf etmiş infrastrukturlu, yumşaq iqlimli və az sayda cinayət halları olan ölkədə yaşamaq. Malta parlamenti 2013-cü ildə qəbul etdiyi qanunla 650 min avro ödəyən əcnəbilərə vətəndaşlıq təklif edir. İnvestordan başqa, onun ailə üzvləri də 18 min avrodan 50 min avroya qədər vəsait ödədikdə vətəndaşlıq əldə edə bilir.

Sent Kitts və Nevis

Sent-Kitts və Nevis Karib dənizində yerləşən ada dövlətlərdir və onlar Britaniya Millətlər Birliyinin üzvü olmaqla Britaniya kraliçası tərəfindən idarə edilir. Ada dövlətlər 1984-cü ildə qəbul etdiyi qanunla əcnəbi investorlara sərfəli şərtlərlə vətəndaşlıq təqdim edir. Bu kiçik adaların şəxsiyyət vəsiqəsi dünyanın 131 ölkəsinə vizasız getməyə imkan verir. Bu adaların vətəndaşlığını qəbul etmək üçün 400 min dollar dəyərində daşınmaz əmlak almalı, yaxud şəkər sənayesinin genişləndirilməsi üçün olan xeyriyyə fonduna 250-250 min dollar yatırmalıdır. Bu proqramın müsbət cəhəti isə vəsiqənin bir neçə ay ərzində verilməsi və ölkədə məcburi qalma müddətinin olmamasıdır.

Antiqua

Karib dənizində yerləşən növbəti ada dövlət. Burada proqram Sent-Kitts və Nevis təcrübəsindən yararlanaraq yaradılıb. Bu ada dövlətin vətəndaşlığını əldə etmək üçün Milli İnkişaf fonduna minimum 250 min avro yatırmalı, yaxud minimum 400 min dollara daşınmaz əmlak almaq lazımdır. Bu proqramın digərindən fərqli cəhəti ondadır ki, ölkədə ildə 7 gün məcburi qalma müddəti tələb edilir. Şəxsiyyət vəsiqəsinin verilmə müddəti isə kifayət qədər qısadır: cəmi 4-6 ay ərzində investor dünyanın 129 ölkəsini vizasız səyahət etmək imkanı əldə edir.

Dominikan respublikası

Karib dənizində yerləşən və turistlər tərəfindən populyar olan Dominikan respublikasının da əcnəbi investorlar üçün xüsusi proqramı mövcuddur. Ölkənin iqtisadiyyatına sərmayə qoyan investor və onun ailəsi ölkənin tam vətəndaşlığın əldə edir. İnvestisiya hökumətə birbaşa ödəniş ilə həyata keçirilir və tək insan üçün 100 min dollar, iki azyaşlı uşağı olan ailəli investor üçün isə 200 min dollar təşkil edir. Əgər ailə böyükdürsə, əlavə hər bir şəxs üçün 50 min dollar ödəmək lazım olacaq. Ərizənin baxılması müddəti isə 5 aydan 14 aya qədər çəkə bilər. Yalnız bundan sonra bütün sənədlər qaydasında olsa, investor vizasız 50 ölkəni sərbəst səyahət etmək imkanı verən şəxsiyyət vəsiqəsini əldə edəcək.

ABŞ

ABŞ immiqrasiya üçün ən populyar ölkələrdən birdir. Bununla belə ən adi turistik viza almaq istəyən əcnəbilər bir qədər zəhmət çəkməli olur. Lakin varlı investorların digər bir çıxış yolu var: amerikan start-uplarına minimum 500 min dollar sərmayə yatırdıqda və minimum 10 leqal iş yeri yaratdıqda, biznesmen məşhur amerikan Green Card-nı əldə edə bilər. Green Card – ABŞ-da yaşama hüququnu təsdiq edən şəxsiyyət vəsiqəsidir. Gələcəkdə ölkənin vətəndaşlığını əldə etmək üçün investor 5 il ABŞ-da yaşamalı, ingilis dilini, ABŞ-ın tarixini və hüquq sistemini bilməli və sədaqət andı içməyə hazır olmalıdır.

Son xəbərlər
Digər xəbərlər