Bir çoxları elə düşünür ki, əgər yaxşı işləsələr və yüksək nəticələr nümayiş etdirsələr, mütləq olaraq vəzifə yüksəlişi əldə edəcəklər. Lakin ekspertlər qeyd edir ki, bu heç də düşündüyümüz qədər asan deyil. Hazırda, çətin iqtisadi vəziyyət şərtlərində, bir çox şirkət öz kadr siyasətini qəlizləşdirir və kimin vəzifəsini artırmaq, kimin əmək haqqısını yüksəltmək ilə bağlı məsələləri daha dərindən ölçüb-biçirlər.
Bəzən vəzifə yüksəlişi əldə etmək üçün yalnızca səylə çalışmaq deyil, həmçinin xoş olmayan anlara və təəssüflərə də dözmək lazım gələcək.
Banker.az saytı vəzifə yüksəlişi əldə etməməyinizə səbəb olan mümkün bir neçə variantları təqdim edir:
Bu haqda rəhbərliklə açıq şəkildə danışmamısınız:
Rəhbərliklə bu mövzü ilə bağlı açıq şəkildə danışmamısınızsa belə bir sual yaranır: Bəlkə sizin namizədliyiniz sadəcə olaraq onların ağlına gəlmir? Yox, heç kim demir ki, daimi olaraq vəzifə yüksəlişi barədə inad etməlisiniz, lakin, əgər bunu etsələr etiraz etməyəcəyinizi vurğulamaq lazımdır.
Sizin nə dərəcədə qiymətli əməkdaş olduğunuz barədə rəhbərliyin xəbəri olduğunu düşünmək yanlışdır. Layiqincə qiymətləndirilmək, nəzərə çarpmaq və vəzifə yüksəlişinə nail olmaq üçün özünü yaxşı tərəfdən nümayiş etdirməyi bacarmaq lazımdır.
Öz əhəmiyyətinizi nümayiş etdirməmisiniz:
Şirkətlər biznes qurur, onların fəaliyyəti pul qazanmağa istiqamətlənib. Məhz buna görə də, sizin namizədliyinizin onların fəaliyyətinə yalnız artım və inkişaf qazandıracağını sübut edən siyahıya sahib olmalısınız. Bacarıqlarınız şirkətin uğurunun zəmanətçisi olmalıdır.
Ekspertlər son 1 və yaxud bir neçə ildə işdə əldə edilən uğur və nailiyyətlərin tam siyahısını tərtib etməyi məsləhət görür. Hansı layihələrə rəhbərlik etdiyinizi, hansı layihələrdə iştirak etdiyinizi, nə qədər müştəri cəlb edə bildiyinizi, şirkət və onun gəlirinin sayənizdə necə inkişaf etdiyini xatırlamağa çalışın.
Vəzifə yüksəlişinə namizədliyiniz fakt və sübutlarla silahlanmalıdır.
Komandada pis işləyirsiniz:
Burada adətən komandada yalnız sizin özünüzün necə işlədiyi deyil, digər əməkdaşlara komandada işləməyə necə kömək etdiyiniz önəmlidir. Komandanızda ən parlaq ulduz ola bilərsiniz, lakin ən məntiqli addım bu uğur və şöhrəti öz kolleqalarınız ilə bölüşməkdir.
Öz xidmətlərinizi həddindən artıq qiymətləndirmisiz:
Bunu etiraf etmək nə qədər xoş olmasa da, bəzən vəzifə yüksəlişində rədd cavabı almağınızın səbəbi düşündüyünüz qədər yaxşı işləməməyinizdədir. İş nəticələrinizi mümkün qədər obyektiv şəkildə kolleqalarınızın iş göstəriciləri ilə müqayisə edin və qiymətləndirin.
Kolleqalarınızdan geri qaldığınızı aşkar etdikdə isə ən məqsədəuyğun addım rəhbərliyə yaxınlaşaraq iş nəticələrinizi artırmaq arzusunda olduğunuzu dilə gətirməkdir. Ola bilsin, rəhbərinizin harada və necə səhvə yol verdiyinizi sizə aydınlaşdıracaq.
Çox tez təslim oldunuz:
Bəlkə də, hər şeyin səbəbi sadəcə olaraq çox tez təslim olmağınızdadır. Bəzən vəzifənin artırılması ilə bağlı danışıqlar kifayət qədər uzun müddət tələb edir və namizədliyinizin təsdiq olunması üçün müəyyən müddət gözləməlisiniz.
Bu müddəti rədd cavabı olaraq qəbul edə bilərsiniz, lakin təslim olmaq və təəssüflənmək olmaz. Rədd cavabı almağınız isə o demək deyil ki, daha cəhd etməməlisiniz. Zamanla təcrübə toplayacaqsınız, bu isə gələcəkdə vəzifə yüksəlişi əldə etmək üçün bir şansdır.