22 C
Baku
Friday, April 19, 2024

Vahid Əhmədov: Hər manatımızın qədrini bilməliyik

“Dövlət maliyyə nəzarəti haqqında” qanun layihəsinin qəbulu artıq sürətləndirilməlidir. Büdcə şəffaflığının təmin edilməsi üçün bu sənəd həddindən artıq vacibdir.

Bunu açıqlamasında iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib.

“Artıq neçə illərdir bunu deməkdən, təklif etməkdən, səsləndirməkdən yorulmuşuq”, – deyən millət vəkilinin sözlərinə görə, o, həmkarı Əli Məsimli ilə həm parlamentin komitə, həm də plenar iclaslarında, sessiyaların açılışında, qanunvericilik işləri planının müzakirələrində hər dəfə bu məsələni dilə gətiriblər.

“Neçə illərdir deyirik ki, maliyyə nəzarəti ilə bağlı qanunvericiliyə ehtiyac var. Biz 30 ildir müharibə şəraitində yaşayan ölkəyik. Eyni zamanda, dünyada 10 il öncə başlayan qlobal, dəhşətli maliyyə-iqtisadi kataklizm hər yeri “yandıra-yandıra” gedir, üstəlik, gündən-günə münaqişələr, qanlı qarşıdurmalar, terraktlar və sairə dünyanı, hər kəsi yeni suallar və çağırışlar qarşısında qoyur.

Yəni, belə bir şəraitdə biz də hər manatımızın qədrini bilməliyik. Hər qəpiyin hesabını aparmalıyıq, maliyyə, büdcə israfçılığına, qeyri-şəffaflığa qətiyyən yol verməməliyik. Bu işlərdə kimlər günahkardırsa, onların qanun, məhkəmə qarşısında dayanmasını, cavab verməsini tələb və təmin etməliyik.

Ən güclü təsir mexanizmi kimi maliyyə nəzarəti ilə bağlı qanunvericiliyin hazırlanmasını, müzakirələrə çıxarılmasını və qəbulunu sürətləndirməliyik. Artıq bu məsələdə arxayınçılığa, bəhanlərə son qoyulmalıdır. Bu işdə həmkarım Əli Məsimli ilə də nə lazımdırsa, etməyə hazırıq. Lazım gələrsə, bu yöndə təkmil qanun layihəsi də hazırlaya bilərik, təki məsələ öz müsbət həllini tapsın.

Odur ki, qarşıdan gələn payız sessiyasında digər vacib saydığımız qanunvericilik aktları kimi, bu məsələni də yenidən gündəmə gətirməyi, onun müsbət həllinə nail olunmasını düşünürük”, -deyə V. Əhmədov əlavə edib.

– Oxu.az

Son xəbərlər
Digər xəbərlər