10 C
Baku
Wednesday, December 11, 2024

Vahid Əhmədovdan işıqpulu artımına sərt reaksiya

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Azərbaycanda elektrik enerjisinin pərakəndə və topdansatış qiymətlərinin artırılmasına münasibət bildirib.

Deputat modern.az-a açıqlamasında deyib ki, bu növbəti ərzaq bahalaşması üçün zəmindir: “Elektrik enerjisinin həm topdansatış, həm də istehlak qiymətinin qaldırılmasının obyektiv və subyektiv səbəbləri var. Birincisi, Azərbaycanda manat qıtlığı və bundan yaranan problemlər var. Neftin qiymətinin kəskin ucuzlaşması, milli valyutanın 2 dəfə devalvasiyaya uğraması hökuməti bu addımı atmağa vadar etdi.

Çünki müəyyən məsələləri tənzimləmək lazımdır. Hələ 2004-cü ildə cənab Prezident qeyri-neft sektorunun inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması tapşırıqlarını vermişdi. Üstündən 12 il keçib, amma biz buna nail ola bilməmişik”.

V.Əhmədov bildirib ki, bu addımı atmaqla hökumət ən asan yolu seçib: “Ən asan yol qiymətlərin qaldırılması və yükü əhalinin çiyinlərinə atmaqdır.

Mənim bu addıma görə hökumətə haqq qazandırmaq fikrim yoxdur. Çünki qiymət artımı bütün məhsullara təsir edəcək. Elə bir məhsul yoxdur ki, onun maya dəyərində elektrik enerjisi olmasın. Əhali üçün 16 faiz qiymət artımı həddindən çoxdur. Xüsusilə pensiya alanlar üçün bu, çətinliklər yaradacaq”.

Deputatın sözlərinə görə, proseslərin qarşısını almaq üçün köklü islahatlar aparılmalıdır: “Cənab Prezidentin də bildirdiyi kimi, kənd təsərrüfatında müəyyən artımlara nail olduğumuz kimi, digər sahələrdə də bunu etməliyik. İlk növbədə bank sektorunun sağlamlaşdırılmasını yekunlaşdırmaq lazımdır. Xidmət, turizm sektoruna diqqəti artırmaq lazımdır. Biz neftin qiymətinin qalxmasını gözləməkdənsə, bu sektorlarda inkişafa nail olmalıyıq.

Ən əsası çevik hökumət olmalıdır, onlar gecə-gündüz işləməlidir ki, biz bu böhrandan çıxa bilək”.

Son xəbərlər
Digər xəbərlər