Dolların bu günə olan rəsmi məzənnəsi 1.5610 AZN müəyyənləşsə də, paytaxtda əksər valyutadəyişmə məntəqələrində satış qiyməti 1.60 AZN, alış isə qiyməti 1.65 AZN-dir. Bayram günlərində isə bəzi valyutadəyişmə məntəqələrində satış qiyməti hətta 1.70 AZN-ə qədər yüksəlmişdi.
“Exchange”lərdə çalışanlar bunu dollara olan tələbatla əlaqələndirirlər. Onlarla söhbətimiz zamanı məlum oldu ki, insanlarda hələ də dollara olan tələbat səngiməyib.
Bu məsələ ilə bağlı musavat.com-a danışan iqtisadi ekspert Rəşad Həsənov isə bildirib ki, dolların hazırkı vəziyyəti heç də reallığı əks etdirmir: “Rəqəmlər reallığın üzərindədir. Azərbaycanda hazırkı situasiyada rəqəmlər 1.35-1.40 AZN arasında olmalıdır. Lakin Mərkəzi Bank rəsmi məzənnəni 1,55 AZN elan etməklə, özü üçün revanş götürüb. Bu isə baş bankın 2016-cı il üçün pul siyasəti ilə bağlı verdiyi açıqlamada da öz əksini tapıb. Belə ki, hazırda bankın pul siyasəti neftin 30 dollara qədər ucuzlaşmasına hesablanıb. Bu baxımdan, deyə bilərik ki, dolların qiymətində son günlərdəki bahalaşma əslində, real deyildi. Doğrudur ki, ilin sonu olduğu üçün bazarda dollara ciddi tələbat da var idi. Biznes sahəsində xarici ölkələrlə illik hesablaşmalar və bayramla əlaqədar olaraq, dövlət büdcəsindən sosial xərclərin ayın 20-dən sonra ödənilməsi bazarda manat kütləsi yaratmışdı. Bunlar da dolların bahalaşmasına səbəb olan amillər idi. Hesab edirəm ki, cəmiyyətdə müşahidə olunan ajiotajda sakitləşmə müşahidə olunacaq. Çünki biz müşahidə edirdik ki, vətəndaşlar hətta əllərində olan 100 manatı belə, xarici valyutaya çevirirdilər. Hazırda isə həmin xarici valyutaların yenidən manata çevrilməsi prosesi başlayır”.
Ekspert bildirib ki, ilin əvvəlindən etibarən Neft Fondu da valyuta bazarında aktivləşəcək: “Çünki 2015-ci ilin dekabrın 15-dən sonra Neft Fondu bazarda fəaliyyətini demək olar ki, dayandırmışdı. Çünki öhdəliklərini yerinə yetirib, qurtarmışdı. Digər tərəfdən isə, vətəndaşların əlində hazırda kifayət qədər xarici valyuta var ki, bu da zəruri tələbat səbəbindən bazara çıxarılacaq. Nəticədə isə stabilləşmə bundan sonra gözləniləndir və proses müəyyən qədər davam edəcək. Orta və uzunmüddətli dövrdə isə manatın məzənnəsi neftin qiymətindən asılı olacaq”.