8 C
Baku
Saturday, January 28, 2023

Vardanyanın BBC-yə cavabları dünyaya hansı mesajları verir?

Ruben Vardanyan BBC-nin “Hard Talk” verilişinə müsahibəsində bütün xislətini, kimliyini, avantürasını üzə çıxartdı. Mən həmin verilişdə aparıcıdan daha 2 sual gözləyirdim:1) “Ruben Vardanyan, Siz özünüzü dövlət naziri kimi təqdim edirsiniz. Siz hansı dövlətin nazirisiniz?” 2) “Nəinki dövlət, hətta hər hansı statusu belə müzakirə mövzusu olmayan, Azərbaycanın 14 iqtisadi rayonundan biri olan Qarabağın “dövlət naziri”yəm deməklə 10 noyabr, 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmanı tanımadığınızı bəyan etmirsiniz? Halbuki, həmin razılaşmaya imza atanlardan biri və razılaşmanın şərtlərinin həyata keçməsinə qarantiya verən tərəf bütün müsahibə boyu adını belə çəkməyə qorxduğunuz Rusiya Prezidenti Putindir.” Təqdimatı belə saxta olan insanın hansı sözü doğru olar ki?  

Vardanyan verilişə ciddi-cəhdlə hazırlaşmışdı. O özü qeyd etdi ki, yalnız insan hüquqları haqqında suallar gözləyirdi. Bir dövlətin ərazisini işğal edib, öz xalqını və qonşu xalqın qanını axıdan, öz xalqının xəstə təxəyyülündən sui-istifadə edib onu uçuruma aparan Vardanyan öz xalqının pozulan hüquqlarından danışır? İnsan hüquqlarını müdafiə edən şəxs Ermənistanın 1988-1994-cü illərdə törətdikləri qırğın, işğal və cinayətləri niyə xatırlamır? 30 il ərzində işğal altında saxladığı ərazilərdəki şəhər və kəndləri yerlə yeksan etməyi niyə xatırlamır? 1 milyon azərbaycanlı məcburi köçkünlərin insan hüquqları yoxdur? Bu səbəblərdən insan hüquqları haqqında timsah göz yaşları işə yaramadı.

vardanyan
Ruben Vardayan, BBC-nin “HARDtalk” verlişində

Hazırlaşdığı növbəti məqam suallara cavab verməmək taktikası idi. Suallardan diplomatik olaraq yayınmaq başqa, susmaq, cavab verməmək başqa. Məsələn, Rusiya-Ermənistan müharibəsi haqqında suala kobud və açıq bir şəkildə cavab verməməklə əslində həmin suala açıq-aşkar cavab verdi. Bu “Rusiyanın əleyhinə söz deyə bilmərəm” cavabı idi.

Vardanyan bizim Avropaya ciddi-cəhdlə sübut etməyə çalışdığımız önəmli bir məqamı açıq-aşkar bir neçə dəfə təkrar etdi. Fransa və Rusiya bizə kömək edəcəklərini vəd ediblər fikirlərini səsləndirdi. Xüsusilə Fransanı bir neçə dəfə vurğulamaqla əslində Fransanın Qarabağ siyasətini bir daha ifşa etdi. Birmənalı olaraq, Avropa, Britaniya və hətta ABŞ-ın qəbul etdiyi bir fikri bir daha sübut etdi ki, “Fransa Avropanın çatlaq səsidir”. Yəni, Fransa siyasəti artıq bir çox məsələlərdə Avropa siyasəti ilə nəinki üst-üstə düşmür, hətta 180 dərəcə fərqlənir.

Vardanyan bu müsahibəsində Paşinyana olan mənfi münasibətini də üzə çıxartdı, Ermənistan hökuməti ilə ciddi fikir ayrılıqlarına sahib olduğunu da.

Vardanyanın həmin müsahibəsi haqqında ciddi və dərin analitik təhlilə, suallara cavab verdikdə buraxdığı boşluqlara, məntiqsiz cavablara, psixoloji vəziyyətlərə baş vurmuram. Qeyd etdiklərim buraxdığı kobud və hər birimizin asanlıqla görə bildiyi səhvlər idi.

Vardanyan diplomat, siyasətçi olmadığını, Qarabağda vəziyyəti gərgin saxlamaq, münaqişənin həllinə mane olmaq üçün təyin olunan oyuncaqdan başqa biri olmadığını, yeni bir fikrinin, konsepsiyasının olmadığını sübut etdi. “Qədim erməni xalqı”, “yazıq erməni xalqı” və digər çeynənmiş fikirlərdən başqa yeni bir fikir ortaya qoymadı. Vardanyan əslində 11 dekabrda facebook statusumda yazdığım aşağıdakı fikirlərin hər birini bu verilişdə sübut etdi.

Vardanyanın “Hard Talk” verilişində 11 dekabrda qeyd etdiyim fikirlərin demək olar ki, hamısını ciddi-cəhdlə, açıq bir şəkildə sübut etdi. Həmin yazıda Ruben Vardanyanın bu günki kimliyi də əks olunub, niyyət və fikirləri də. Həmin yazının həm də erməni xalqı üçün faydalı ola biləcəyini, həmin “Hard Talk” verilişini diqqətlə izləyən erməni xalqının Vardanyanın əsl simasını, niyyətini, xalqı qırğına vermək bahasına da olsa Qafqazda gərginliyin azalmaması, sülhə nail olunmaması üçün istifadə olunan diletant bir avantürist olduğunu əvvəl-axır dərk edəcəklərinə ümid edərək 11 dekabr tarixli yazımı mətbuatda dərc olunmadığını nəzərə alaraq (təkrarçılıq olmayacaq) diqqətə çatdırıram.

Bəzi insanlar vardır ki, kiçik mənafeləri naminə özlərini istifadə etdirməkdən çəkinməzlər. Onlar özlərini böyük adam zənn edərək rəqabətdə olan, münaqişə edən iki tərəfin ortasına düşər, tərəflərdən biri onu sadəcə olaraq digər tərəfə təzyiq, münaqişə prosesində bazarlıq edərkən daha çox fayda götürmək, öz varlığı və faydasını hiss etdirmək məqsədilə digər tərəfə qarşı istifadə edər. Münaqişənin həcmini, əhatə dairəsini, tərəflərin həqiqi güclərini görməyən bu insan münaqişənin əvvəlində özünü çox əhəmiyyətli, söz sahibi, vacib bir fiqur hesab edər. Münaqişənin ortasında əslində fiqur deyil, piyada (peşka) olduğunu, sadəcə istifadə edildiyini, iki tərəfin gücü ilə müqayisədə cılız bir varlıq olduğunu anlayar. Münaqişə sərtləşdikcə tərəflər bazarlıqlarını edər, danışıqlarını aparar, ortaq dil tapar və ya münaqişə daha da gərginləşər, hər bir halda hansısa tərəf öz məqsədinə çatdıqda həmin şəxs istifadə olunmuş salfet kimi kənara atılar. Bu insanlar niyə özlərinin istifadə olunmalarına imkan verərlər? Ya tamahlarından (daha geniş arenaya çıxmaq, daha çox tanınmaq, daha çox qazanmaq), ya qorxduqlarından (sənə indiyə kimi imkan vermişik, qazandırmışıq, indi də qazandığın imici, təcrübəni, adı bizim üçün xərcləmək məcburiyyətindəsən) bu yola qədəm qoyarlar. Hər nə olur olsun, sonları istifadə olunub atılacaq salfet parçası kimi olacaq. Nəticədə əvvəlki dövrlərdə qazandıqlarını, hətta bəlkə azadlıqlarını, sağlıqlarını, bir çox hallarda isə həyatlarını daha tez itirəcəklər. Bu aksiomadır.

Qarabağda qondarma “dövlət naziri” olan Ruben Vardanyan da belələrindəndir. 1 milyard dollar dəyərində (xalqın gözündə böyük rəqəm kimi üfürülsə də qəpik-quruş olan) var-dövləti ilə reklam olunan Vardanyan özü də bilir ki, (sözün hər bir mənasında) aralarında qaldığı tərəflərin imkanlarına və güclərinə nisbətdə onun imkanları 0 dərəcəsindədir. Özü də bilir ki, onun hansısa tərəfə özbaşına təzyiq və təsir imkanları 0 həddindədir. Özü də anlayır ki, böyük imkanlara malik xeyriyyəçi, uğurlu iş adamı, milyarder, erməni xalqına dəyərlərdən danışan əxlaq mücəssəməsi kimi sırınsa da əslində ipi başqasının əlində olub sadəcə hür deyəndə hürən, sus deyəndə susan birisidir.

Son hadisələr də bunu göstərdi. Rus “sülhməramlıları”nın (hansı qurumdan hansı məqsədlə getmələrindən asılı olmayaraq) Azərbaycan vətəndaşlarını öz torpaqlarına buraxmamaları və sonra baş verən hadisələr dediklərimi açıq-aydın sübut etdi.

Sual olunur ki, bəs əslində bir heç olan Vardanyanın missiyası nədir? Cavab: Rusiya üçün bu münaqişədən etdiyi bazarlıqlar nəticəsində daha çox güzəşt, fayda götürmək üçün təzyiq vasitəsi olan bir alət olmaq.

Vardanyanın əslində kim olduğunu anlayırıq.

Bəs erməni xalqı üçün Vardanyan kimdir? Baş verənlərin fonunda özünü ağıllı hesab edib əslində qarşılarındakı pərdədən başqa heç bir şey görməyən, pərdə arxasında baş verənlər haqqında təsəvvürləri belə olmayan və hər şeyi sadə görən populist və şovinist erməni xalqı üçün xeyriyyəçi, bacarıqlı biznesmen, Qarabağ ermənilərinin dayağı olacaq uzaqgörən bir siyasətçi və sair.

Bəs əslində erməni xalqı üçün Vardanyan bir neçə il sonra kim olacaq? Saydığım məziyyətlərindən (istifadə olunmuş müvəqqəti bir oyuncaq) başqa Vardanyan erməniləri 30 ildən çox müddətdə “Böyük Ermənistan” xülyası ilə qırğına, münaqişəyə sürükləyən, xalqın gənc övladlarını qırğına verən, xalqın özünü iqtisadi yoxsulluqda yaşadan, Ermənistana gələn vəsaitləri “dənizdən dənizə Ermənistan” naminə silaha-sursata xərcləyən öncəki Koçaryanlardan, Sarkisyanlardan heç bir fərqi olmayıb növbəti 30 ay (bu müddətin də böyük hissəsi gedib) “Qarabağı işğalımız altında saxlamalıyıq” düşüncəsi ilə erməni xalqını yenidən qırğına sürükləyən və istifadə olunan bir avantürist.

Saf və sadəlövh olmasaq da, erməni xalqının əvvəl-axır həqiqətləri görəcəklərinə, dərk edəcəklərinə, hər bir xalqın mənasız münaqişələr nəticəsində qazandıqlarını silah-sursata deyil, investisiyalara, xalqın mənafeyi üçün iqtisadi dəyər qazandıracaq məhsullara, səhiyyəyə, təhsilə, rifaha xərcləməyin vacib olduğuna, özgə torpaqlarını işğal etməyin xoş bir sonluqla bitməyəcəyinə, başqasının haqqını yeməyə, tapdalamağa haqlarının olmadığına əmin olacaqlar. Arxalarında kim dursa da, nə qədər güclü dövlət və qüvvələrə arxayın olsalar da (1990-cı illərin əvvəllərindəki “qalib” əhvali-ruhiyyələrini, düşüncələrini, xülyalarını xatırlasalar fikirlərimi daha yaxşı dərk edərlər) bu gedişat, bu reallıq onların daha böyük məğlubiyyətlə üzləşəcəklərini qaçılmaz edir. Bir də…bu gün arxayın olduqları dövlətlər və güclər 44 günlük müharibə dövründə indikindən daha güclü idilər..

Saf və sadəlövh olmasaq da, biz həqiqətən inanırıq ki, bu və digər həqiqətləri erməni xalqına deyəcək ziyalıları, soyuqbaşlı, praqmatik siyasətçiləri, obyektiv analitikləri olacaq və onlar Vardanyan kimilərin maskalarını əvvəl-axır öz xalqlarının mənafeyi naminə cırıb xalqlarına göstərəcəklər.

Bütün bunlara baxmayaraq Vardanyana təşəkkür etmək də düşür. 24 dəqiqəlik müsahibəsində Azərbaycanın 2 ildir sübut etməyə çalışdığı bir çox məqamları, ermənilərin çoxüzlü siyasətlərini, İrəvan-Xankəndi oyunlarını, başda Fransa olmaqla bəzi dövlətlərin avantürist siyasətlərini ifşa etdiyinə, bu ifşanı dünya ictimaiyyətinə elə öz mənbəyindən çatdırdığına görə. Biz deyəndə inanmayanlar bəlkə inanarlar…

Müəllif: 
Elman Sadıqov,
iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər
X