Venesuela prezidenti Nikolas Maduro koronavirus əleyhinə vaksinin pulunu neft ilə ödəməyi təklif edib.
Banker.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə o öz “Twitter” səhifəsində yazıb.
Maduronun sözlərinə görə, Venesuela COVAX mexanizmi çərçivəsində vaksini iki yolla əldə edə bilər – ölkədən “oğurlanan” pul və ya neft. Xatırladaq ki, Venesuela ABŞ-ın sanksiyaları altındadır. Ölkədən neft ixrac edən bütün tankerlər və gəmilər məhdudiyyətlərə məruz qalırlar. Onlar Amerika şirkətləri ilə əməkdaşlıq edə və bu ölkədə hesablara sahib ola bilmirlər.
Daha əvvəl Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ölkənin xarici banklardakı hesablarda təxminən 7 milyard dollar vəsaitin olduğunu açıqlamışdır. Bu pulun bir hissəsi koronavirus əleyhinə peyvəndə xərclənməsi planlaşdırılmışdır.
Bildiyimiz kimi, COVAX proqramında 170 ölkə iştirak edir. Orta və yüksək gəlirli ölkələr (onların sayı 78-dir) koronavirus əleyhinə vaksin almağa gücü çatmayan ölkələrin (onların sayı 92-dir) xərclərini qismən qarşılamalıdırlar. Bu proqram vasitəsilə tədarükün çox hissəsi “AstraZeneca”dan gəlir. Eyni zamanda, “Pfizer” və “BioNTech” peyvəndləri də tədarük edilir.