6 C
Baku
Saturday, December 14, 2024

Vergi orqanlarına işə qəbul üçün müsabiqənin təşkili və keçirilməsi qaydası dəyişib

Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqənin təşkili və keçirilməsi qaydası dəyişib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, ərizənin daxil olduğu gündən 10 müddətində müraciət edənin vergi orqanlarına işə qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yoxlama aparılır və nəticəsi barədə namizədə məlumat göndəriləcək. əvvəllər bu müddət bir ay nəzərdə tutulurdu.

Eyni zamanda  Vergi orqanlarına işə qəbul üçün aşağıdakı sənədlər tələb olunur:

– şəxsiyyəti təsdiq edən sənədin surəti;

– tərcümeyi-hal;

– kadrlar uçotunun şəxsi vərəqəsi;

– 4×6 sm ölçüdə dörd ədəd, 9×12 sm ölçüdə bir ədəd rəngli fotoşəkil;

– ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) notarial qaydada təsdiq olunmuş surəti;

– əmək kitabçasının surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

– sağlamlıq haqqında arayış;

– narkoloji dispanserdən müayinə aktı və arayış;

– məhkumluğun olmaması barədə arayış;

– hərbi biletin və ya qanunla müəyyən olunmuş qaydada hərbi xidmətdən möhlət hüququ verilməsini təsdiq edən sənədin surəti (qadınlar istisna olmaqla).

Fərmana əsasən, tərcümeyi-halı və kadrlar uçotunun şəxsi vərəqəsini müraciət edən şəxs özü əllə yazır və imzalayacaq. Müraciət edən şəxs tərcümeyi-halda və kadrlar uçotunun şəxsi vərəqəsində göstərilən məlumatların doğruluğuna görə cavabdehdir.

Namizəd aşağıdakı hallarda müsabiqəyə buraxılmır:

– bu Əsasnamədə göstərilən sənədlər təqdim edilmədikdə və ya həmin sənədlərdə təhrif olunmuş məlumatlar aşkar edildikdə;

– məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

– məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;

– çağırış yaşlı vətəndaşlar qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmədikdə (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla).

Ərizələri qəbul edilmiş namizədlər Mərkəzin internet portalında qeydiyyatdan keçir.

Son xəbərlər
Digər xəbərlər