“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” prezident İlham Əliyevin 2016-cı il 4 avqust tarixli sərəncamı ilə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Vergilər Nazirliyinin Kollegiyası tərəfindən vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə bir sıra normativ hüquqi aktlar təsdiq edilib.
Vergilər Nazirliyindən APA-ya verilən xəbərə görə, bunlara “Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”, “Nümunəvi vergi ödəyicisinin müəyyən edilməsi və imtiyazların verilməsi Qaydaları”, “Elektron auditin keçirilməsi Qaydaları”, “Vergilər Nazirliyinin Çağrı Mərkəzi tərəfindən əlaqə yaradılaraq vergi ödəyicilərinin məlumatlandırılması (Outbound Call Centre) Qaydaları”, “Təsərrüfat obyektləri və fəaliyyət sahələri üzrə risklərin qiymətləndirilməsi Metodologiyası”, “Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları” aiddir.
Bundan başqa, bir sıra elektron xidmətlərin, o cümlədən fiziki və hüquqi şəxslərin fəaliyyətinin onlayn dayandırılması, eləcə də fiziki və hüquqi şəxslərin fəaliyyətinin onlayn bərpası üzrə inzibati reqlamentlər yeni redaksiyada təsdiq edilib.
Qəbul edilmiş normativ hüquqi aktlar artıq Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Bütün normativ hüquqi sənədlər qanuni qüvvəyə minib, yalnız “Elektron auditin keçirilməsi Qaydaları” 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.