-1 C
Baku
Sunday, December 15, 2024

Vergilər Nazirliyi vakant vəzifələr üzrə müsabiqə elan edir

Azərbaycan Respublikası vergilər nazirinin
27 dekabr 2016-cı il tarixli
1617040102042300 nömrəli əmrinə
2 nömrəli əlavə

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin

keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014‑cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır.

Müsabiqədə, bir qayda olaraq, hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar qəbul edilirlər.

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu maddəsinə əsasən vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:

– məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

– üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 05.01.2017-ci il tarixdən  18.01.2017-ci il saat 24:00-dək həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.azwww.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə iş nömrəsi verilir. Namizəd sənədləri qəbul edildikdən beş gün ərzində verilmiş iş nömrəsi əsasında ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Sənədləri qəbul edilən namizədlər 25.01.2017-ci il tarixdən 27.01.2017-ci il tarixdə saat 18:00-dək  imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi, 16) götürməlidirlər. Müsabiqənin test imtahanı 28.01.2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdiriləcəkdir.

Diqqət! Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan vətəndaşlara üstünlük verilir. Vətəndaş ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqədə uğur qazanan vətəndaşlara ərazi vergi orqanlarında və ya rayon vergilər şöbələrində olan vakant vəzifələr üzrə iş təklif ediləcəkdir. Göstərilən təklifdən imtina edən şəxslər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqdır.

Son xəbərlər
Digər xəbərlər