ABŞ-ın vitse-prezidentinin Ankarada əldə etdiyi razılaşmalara baxmayaraq, ABŞ senatorları yenə də Türkiyəyə qarşı sanksiyaların tətbiqinə təkid edirlər. Üstəlik, onlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana etimadsızlıqlarını bildiriblər. Bu haqda Bloomberg xəbər agentliyinə respublikaçı Lindsi Grem və demokrat Kris Van Hollen məlumat veriblər.
Banker.az xəbər verir ki, “Türkiyə Suriyanı tərk etməsə, gəlib ona ağır zərbə vurmağa hazırıq”, – deyə Gram bildirib. Eyni zamanda, senatorlar atəşkəs razılaşmasını dəstəkləsələr də, Türkiyə prezidentinə etibar etmədiklərini söyləyiblər.
ABŞ və Türkiyə arasındakı razılaşmadan kürdlərə heç bir fayda yoxdur, deyə respublikaçı senator Marko Rubio əlavə edib. Onun sözlərinə görə, ABŞ vitse-prezidenti Mayk Pens və Ərdoğanın əldə etdiyi razılaşmalar kürdlər üçün aşağıdakıları ifadə edir: “Sizi öldürməmişdən əvvəl buradan çıxmaq üçün X saatınız var”.
“Anladığım qədər bu, [atəşkəs rejimi] razılaşma deyil”, -siyasətçi bildirir.
Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüş oktyabrın 17-i baş tutmuşdur. Tərəflər Suriya məsələsi üzrə razılığa gəlmək məqsədi ilə Ankarada görüşüblər. Dörd saat davam edən danışıqlardan sonra vitse-prezident ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları geri götürməyə razı olduğunu bildirib.