7 C
Baku
Thursday, December 12, 2024

Vidadi Muradovun bankda girov olan əmlakları ilə bağlı qərar verilib

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, mərhum Vidadi Muradovun cinayət işi üzrə banka girov qoyulmuş əmlaklarla bağlı qərardan kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Ali Məhkəməyə daxil olan şikayətdə bazar dəyəri 10 milyon manatdan çox olan əmlakların müsadirə edilməsi ilə bağlı qərarın ləğvi, cinayət işinin bu hissədə yeni apellyasiya baxışına qaytarılması xahiş olunub. Həmin əmlaklara mərhum Vidadi Muradova məxsus ev və “Azər-İlmə” MMC-nin səhm payları və aktivləri daxildir.

Qeyd edək ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

Barəsində həbs qətimkan tədbiri seçilmiş sabiq sədr bir müddət sonra onkoloji xəstəliyi ilə bağlı ev dustaqlığına buraxılıb, 2021-ci ilin noyabr ayında ev dustaqlığında vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Bundan başqa, təqsirləndirilən şəxsin özünə və yaxınlarına məxsus 30 milyonluq əmlakı müsadirə olunub.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

Ötən ilin oktyabr ayında Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını girov qoyulmuş əmlaklarla bağlı hissədə ləğv edib. İş bu hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyasına qaytarılıb. Lakin Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarını dəyişdirilmədən qüvvədə saxlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər