Vuppertal asma yolu 1901-ci ildə Almaniyanın Vuppertal şəhərində yaradılıb. Bu dünyanın hələ də fəaliyyətdə olan ən qədim tək tərəfli dəmir yoludur. Bu dəmir yolunun maraqlı cəhəti ondan ibarətdir ki, digər ölkələrdə nəqliyyat vasitəsi kimi onun oxşarı yaradılmamışdır. Bu dünyanın yeganə tək tərəfli asma dəmiryoludur.
Vuppertal şəhəri 19-cu əsrin sonunda öz sənayesinin inkişafının zirvəsində idi. Burada əhalinin sayı 400 000-ə çatmışdı və daha da artmaqda idi. Şəhərin yolları ekipajlar və piyadalar üçün nəzərdə tutulmuşdu, tramvay relsləri üçün isə yer yox idi. Metro xətlərinin yaradılması da istisna idi. Çünki torpaq qatı qaya parçaları və qrunt suları ilə zəngin idi. Belə olduqda alman mühəndislər belə qərara gəldilər ki, tramvay xətlərinin çəkilməsi yalnız “havada” mümkündür.
Vuppertal asma yolunun inşasına 1898-ci ildə başlanılır və artıq 1901-ci ildə o əhalinin istifadəsinə hazır idi. Hətta 100 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu asma yol şəhərdə hərəkət etmək üçün ən asan və sürətli nəqliyyat vasitəsi olaraq qalır.
Yolun əksəriyyəti Vapper çayı üzrə 12 metr hündürlükdən, küçələrin üzərində isə 8 metr hündürlükdən keçir.
Vuppertal asma yolu dünyanın ən təhlükəsiz ictimai nəqliyyat vasitəsidir. Bu tramvay yolu 98 il təhlükəsiz xidmət göstərdikdən sonra burada ölümlə nəticələnən bəxbəxt hadisə baş vermişdi. 1999-cu ilin aprel ayında qatar relsdən çıxmış və çaya düşmüşdü. Bu hadisədə 5 nəfər ölmüş, 49 nəfər isə xəsarət almışdı.
Bu asma yol ilə bağlı növbəti insident 1950-ci ildə yaşanmışdı. Bu zaman sirkin reklamı üçün Tuffi adlı fil tramvaya mindirilir. Lakin bu gəzinti filin xoşuna gəlmir və o hiddətlə ayaqlarını qatarın platformasına döyməyə başlayır. Bunun nəticəsi olaraq fil çaya düşür. Tuffi yaralansa da həyatda qalmağı bacarır. Bu hadisə isə Vuppertal ilə bağlı məşhur hadisələrdən birinə çevrilir.