“WhatsApp” messenceri rəsmi olaraq istifadəçi adları (usernames) funksiyasını işə salıb. Bu funksiya aktiv olduğu halda başqa bir istifadəçi tətbiqdə sizin telefon nömrənizi deyil, yalnız istifadəçi adınızı görəcək.
Bildirilir ki, yenilik tam həcmdə 2026-cı ilin sonlarında istifadəyə veriləcək. Hələlik isə messencer onları rezerv etməyi təklif edir. Bunu xidmətin yenilənmiş versiyasında etmək mümkündür: ayarlara daxil olub “Account” və “Username” bölmələrini seçmək lazımdır. İstifadəçi adı həm müstəqil şəkildə seçilə, həm də avtomatik generasiya edilə bilər.
“Engadget” yazır ki, istifadəçilər tətbiqə həm də “açar” da əlavə edə biləcəklər. Digər istifadəçilər mesaj göndərmək üçün istifadəçi adı ilə yanaşı bu açarı da bilməli olacaqlar. İlk mərhələdə açar kimi dörd rəqəm göstərmək mümkün olacaq.
Funksiya bir neçə ay ərzində müxtəlif ölkələrdə mərhələli şəkildə istifadəyə veriləcək.
Xatırladaq ki, “WhatsApp”a istifadəçi adlarının əlavə ediləcəyi barədə 2025-ci ilin yayında “WABetaInfo” yazmışdı. Bu funksiya, məsələn, “Telegram” və “Signal”da da mövcuddur.







