İranın dondurulmuş aktivlərinin 20–50 milyard dollar həcmində hissəsi Çində saxlanılır. Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşrin məlumatına görə, İranın dünya üzrə dondurulmuş aktivlərinin ümumi həcmi 100 milyard dollara çata bilər. Bu göstəriciyə görə Çindən sonra ikinci yerdə 15 milyard dollarla İraq qərarlaşıb. Üçüncü yeri isə hər biri 7 milyard dollar olmaqla Hindistan və Cənubi Koreya bölüşür.
WSJ qeyd edir ki, aktivlərin bir hissəsi hələ 1979-cu ildə İranda baş vermiş İslam İnqilabından sonra dondurulub. Bununla belə, vəsaitlərin əsas hissəsi son illərdə müxtəlif ölkələrin İrandan aldığı və ya müqavilə bağladığı neft və elektrik enerjisi üzrə ödənişlərdən formalaşıb.
Əhəmiyyətli həcmdə dondurulmuş aktivlər Qətərdə də saxlanılır — 6 milyard dollar. Bundan əlavə, Yaponiyada 3 milyard dollar, ABŞ və Lüksemburqda hərəsində 2 milyard dollar, Omanda isə 1 milyard dollar həcmində İran vəsaiti dondurulmuş vəziyyətdədir.
WSJ-nin sorğuladığı ekspertlərin fikrincə, İran hakimiyyəti bütün aktivlərin yaxın vaxtlarda azad ediləcəyinə ümid etmir. Tehran əsas diqqətini vəsaitlərin təxminən dörddə birinin — 24 milyard dollara yaxın hissəsinin geri qaytarılmasına yönəldib.







