27 C
Baku
Saturday, July 27, 2024

“Xəzər TV”nin gəlirləri azalıb, zərəri 6 dəfə artıb

Azərbaycanda fəaliyyətdə olan “Xəzər TV” və ya hüquqi adı ilə “Xəzər TV” MMC 2022-ci ili də zərər edib.

Banker.az xəbər verir ki, bu barədə “Xəzər TV” MMC-nin illik audit hesabatında qeyd edilir.

Hesabatı analiz etdikdə məlum olur ki, televiziya şirkətinin gəlirləri öncəki ildən daha az olub, nəticədə bu onun xalis mənfəətinə təsir edib.

2022-ci ildə “Xəzər TV”nin gəlirləri illik müqayisədə 6.5% azalaraq 12 milyon manata düşdüyü halda, satışın maya dəyərinin həcmi 53.7% artaraq 9 milyon 358.65 min manat olub. Bu da ümumi mənfəətə təsir edib. Belə ki, 2021-ci ildəki 6 milyon 741.47 min manatlıq ümumi mənfəət 2022-ci ildə 2 milyon 642.09 min manata düşüb.

Televiziya şirkəti gəlirlərinin azalması ilə xərclərini də optimallaşdırmağı bacarıb. 2021-ci ildə 6 milyon 487.77 min manatlıq ümumi xərclər 2022-ci ildə 2 milyon 500.8 min manata düşüb.

Beləliklə, bütün gəlirlər və xərclər fərqindən sonra “Xəzər TV” MMC 2022-ci ili 184.71 min manat zərər edib. 2021-ci ildə 23.56 min manat zərər etmişdi. Bununla belə, öncəki illərdəki xalis mənfəətlərlə yığılmış mənfəət 1 yanvar 2023-cü il tarixinə 6 milyon 759.23 min manat təşkil edir.

Xatırladaq ki, “Xəzər TV” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,12 milyon manatdır. Teleşirkətin təsisçisi Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “SOCAR Media” İctimai Birliyidir.

Xezer TV maliyya-hesabati-2023

Son xəbərlər
Digər xəbərlər