6 C
Baku
Sunday, December 15, 2024

Xərclər hansı halda gəlirdən xüsusi çəki əsasında çıxılır?

Vergi ilinin sonuna yaxınlaşarkən bütün vergi ödəyiciləri gəlirlərinə və bu gəlirlərin əldə edilməsilə bağlı çəkilən xərclərinə xüsusi diqqət yetirməlidirlər. “vergiler.az” üçün açıqlama verən “Business Service Centre” şirkətinin maliyyə və mühasibat mütəxəssisi İbrahim Quluyev diqqəti gəlirdən çıxılan xərclərə dair bəzi mühüm məqamlara yönəldib.

Vergi ödəyicilərinin gəlirlərin əldə olunmasına çəkilən xərclərinin gəlirdən çıxılması üzrə normaları 108-ci maddədə öz əksini tapıb. Bu maddəyə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

108-ci maddənin müddəalarından ən aktualı xüsusi çəki əsasında müəyyənləşən gəlirdən çıxılan xərclərdir. Vergi Məcəlləsinin 108.2-ci maddəsində göstərilib ki, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.

Vergi Məcəlləsinin 108.2-ci maddəsinin tələblərinə əsasən, vergi ödəyicisinin vergiyə cəlb edilən və vergidən azad hesab olunan, habelə mənfəət (gəlir) vergisinə cəlb olunmayan, həmçinin qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar əməliyyatlar üçün çəkilən, lakin bölüşdürülməsi qeyri-mümkün olan xərclərin gəlirdən çıxılan miqdarı vergiyə cəlb olunan gəlirlərin ümumi gəlirlərdə əhatə etdiyi xüsusi çəki əsasında müəyyən olunur. Bu halın mahiyyətinin daha aydın anlaşılması üçün praktiki bir misala baxaq.

Misal: ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və mənfəət vergisinin ödəyicisi olan müəssisənin hesabat ilində gəlirləri və xərcləri aşağıdakı kimi olub:

Gəlirlər:

– Kənd təsərrüfatı məhsullarının emalından gəlir- 15.000,00 manat;

– Kənd təsərrüfatı məhsullarının istehsalından gəlir- 6.000,00 manat;

– Xidmətlərin göstərilməsindən gəlir- 5.000,00 manat;

Xərclər:

– Kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı xərclər- 5.000,00 manat;

– Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı xərclər- 3.000,00 manat;

– Xidmətlərin göstərilməsi ilə bağlı xərclər- 1.000,00 manat

– Bölüşdürülməsi mümkün olmayan ümumi xərclər (əməkhaqqı, icarə, amortizasiya) – 10.000,00 manat

Büdcəyə ödənilməli olan mənfəət vergisini hesablayaq.

İlk növbədə, Vergi Məcəlləsinin 108.2-ci maddəsinə əsasən müəssisənin vergiyə cəlb edilən gəlirlərinin ümumi gəlirlərindəki xüsusi çəkisini müəyyənləşdirməliyik:

(15.000+5.000):(15.000+6.000+5.000) = 76,9%

İndi isə mənfəət vergisini hesablayaq:

(15.000 + 5.000 – 5.000 – 1.000 – (10.000 x 76,9%)) x 20%= 1.262 manat.

Son xəbərlər
Digər xəbərlər