12 C
Baku
Wednesday, December 11, 2024

“Xaricdə təhsil almağımda AGBankın böyük dəstəyi oldu” – müsahibə

Növbəti müsahibəmiz AGBankın Sənədli Əməliyyatlar və Kreditlərin İnzibatlaşdırılması Departamentinin Direktoru Aygün Ələsgərova ilə oldu.

Banker.az olaraq həmin siyahını sizlərə təqdim edirik:

—Zəhmət olmasa, özünüz və təhsiliniz haqda ümumi məlumat verərdiniz.

Ələsgərova Aygün Nüsrət qızı, ali təhsilli, 1995-1999-cu illərdə Xəzər Universitetinin bakalavr dərəcəsini, 1999-2001-ci illərdə Xəzər Universitetinin magistr dərəcəsini, 2005-2008-ci illərdə Xəzər Universitetinin doktorantura təhsilini almışam. 2013-2016-cı illərdə Birləşmiş Krallıqda Warwick Universitetinin Biznesin İdarəolunması üzrə magistr (MBA) təhsili almışam. Azərbaycan Banklar Assosiasiyasında “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert qrupunun üzvüyəm. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosentiyəm.

—AGBanka gəlişiniz necə oldu?

Əmək fəaliyyətimə 1999-cu ildə Xəzər Universitetində başlamışam. 1999-cu ilin sonunda AGBank ASC-dən iş təklifi aldım və 2000-ci ildən etibarən AGBank ASC-də çalışıram. AGBank-da müxtəlif vəzifələrdə çalışmışam. Bu illər ərzində SWIFT üzrə mütəxəssis vəzifəsindən departament direktoru vəzifəsinə qədər yüksəlmişəm. 2015-ci ildən “AGBank” ASC-nin Sənədli əməliyyatlar və kreditlərin inzibatlaşdırılması departamentinin direktoruyam.

Eyni zamanda, 2001-2013-cü illər ərzində müqavilə əsasında Xəzər Universitetində müəllim vəzifəsində çalışmışam. 2016-cı ildən etibarən müqavilə əsasında UNEC-də dosent kimi çalışıram. Bununla yanaşı, yerli banklarda “Sənədli əməliyyatlar və beynəlxalq ticarət” mövzusunda təlimlər keçirirəm.

—Karyeranızın ən əsas nailiyyəti hansını sayırsınız?

İşlədiyim bu illər ərzində çox dəyərli və peşəkar insanlarla çalışmışam və nəticədə böyük bir təcrübə əldə etmişəm. Bu səbəbdən, bu gün əminliklə deyə bilərəm ki, mən bu günümü AGBankda qazanmışam.

—Uğur qazanmaq üçün nə etmisiniz?

Əldə etdiyim ən böyük uğurum – təhsilimdir. Çünki təhsilimə qoyduğum sərmayəni heç vaxt itirməyəcəyəm. Mən hər zaman tələbələrimə tövsiyə edirəm ki, ən uğurlu sərmayə təhsilinizə edəcəyiniz sərmayədir, ona görə ki təhsiliniz sizi həyatda müstəqil və maddi cəhətdən özgür olmağa aparan bir yoldur.002

—Xaricdə təhsil almağa necə qərar verdiniz?

Xəzər Universitetində oxuduğum dövrdən qarşıma xaricdə təhsil almaq məqsədini qoymuşdum və bunun üçün xarici universitetləri araşdırdım. Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq və Kanada universitetlərinə müraciət etdim. Bu ölkələrin bir çox universitetlərindən ali təhsilimi davam etdirmək təklifi aldım və nəticədə Birləşmiş Krallığın Warwick Universitetini seçdim, çünki burada digər universitetlərdən fərqli olaraq magistr tələbələrinə özünə məxsus ingilis təcrübəsi təqdim olunur və bu Birləşmiş Krallıq universitetlərindəki qlobal araşdırma mərkəzləri tərəfindən mütəxəssislərin yetişdirilməsinə imkan yaradır.

Xaricdə təhsil almağımda AGBankın böyük dəstəyi oldu. Həm maddi, həm də mənəvi cəhətdən. Ən əsası, AGBankda əldə etdiyim təcrübəm təhsilimdə müvəffəqiyyət qazanmağıma çox kömək oldu.

Bu gün dərs verdiyim UNEC-də magistr tələbələrin tədrisində bacardığım qədər Warwick Universitetinin tədris yanaşmasından və əldə etdiyim ingilis təcrübəsindən istifadə edirəm.

—AGBankda çalışmaq istəyən gənclərə hansı tövsiyələriniz var?

AGBank gənclər üçün hər zaman əvəzolunmaz bir məktəb olub. Bu mühitdə təcrübə keçən hər bir kəs bankda mövcud olan AGBank ailəsi ruhunu hiss edib. Mütəmadi olaraq hər il yay aylarında AGBank-da UNEC-dən tələbələr böyük həvəslə 2-3 ay təcrübə keçirlər. Onlar bankın müxtəlif departamentlərində, filial və şöbələrində gələcəkdə onlara lazım olacaq təcrübəni əldə edirlər. Yalnız hər bir təcrübənin arxasında nəzəriyə dayanır və mən nəzəriyyənin əsaslı öyrənilməsinin tərəfdarıyam. İlk növbədə, gənclərə tövsiyə edirəm ki, uğur əldə etmək üçün daim öz üzərlərində çalışmalı və təhsil aldıqları ixtisaslar üzrə əsaslı biliklər eldə etməlidirlər.

—Deyirlər, hər uğurlu kişinin arxasında bir qadın dayanır. Bəs uğurlu qadının arxasında kim dayanır?

Uğurlu qadının arxasında ailəsi dayanır. Məndə özümü o qadınlardan biri hesab edirəm və bunun üçün ailəmə təşəkkürümü bildirirəm.

İlk gündən atamın və anamın “Sən bacaracaqsan” sözləri məndə özümə qarşı əminlik yaradıb və onların dəstəyi ilə karyeramda böyük irəliləyişlər əldə etmişəm.

—AGBankın hansı ölkələrdə müxbir bankları var? Bu banklar hansı funksiyanı yerinə yetirir?

AGBankın ABŞ-da, Birləşmiş Krallıqda, Almanıyada, Avstriyada, İtaliyada, Türkiyədə və Rusiyada müxbir bankları var. Bu gün Bank xarici valyutalarda hesablaşmaların aparılması, ticarətin və müxtəlif layihələrin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatlarının aparılması sahəsində müxbir banklarla uğurlu bir əməkdaşlıq həyata keçirir.

2018-ci il ərzində Bank Avropa və Amerika Birləşmiş Ştatlarının qabaqcıl bankları ilə müxbir əlaqələri yaratmışdır.

—Əməliyyat risklərini qiymətləndirəndə hansı kriteriyaları nəzərə alırsınız?

Bildiyimiz kimi, əməliyyat riskləri bankın gündəlik fəaliyyətində ortaya çıxan risklərdir. Əməliyyat risklərinin effektiv idarə olunması üçün Bankın İdarə həyəti mütəmadi olaraq əməliyyat risklərini nəzərdən keçirir və onların ölçülməsinə və idarə olunmasına dair qərarlar verir. Bank əməliyyat risklərinin ölçülməsi və idarə olunması üçün yazılı proseduralardan istifadə edir.

Bankda, əməliyyat riskinin səmərəli idarə edilməsini təmin etmək üçün risk hadisələri dörd əsas risk mənbəyinə: insanlar, proseslər, sistemlər, xarici mühit və Bazel komitəsinin təklif etdiyi itki hadisələri kateqoriyalarına bölünür.

—2018-ci ildə bank və bankın Sənədli Əməliyyatlar və Kreditlərin İnzibatlaşdırılması Departamenti hansı uğurları əldə edib?

Xarici banklar ilə aparılmış danışıqlar nəticəsində bank korporativ müştərilərinə Azərbaycanda və ölkə xaricində daha çox layihələrin maliyyələşdirilməsi xidmətləri göstərmişdir.

—Bankın beynəlxalq əlaqələri dedikdə nə nəzərdə tutulur?

AGBank fəaliyyət etdiyi müddət ərzində korporativ və həmçinin kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi proqramları üzrə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq əsasında kredit xətlərinin cəlb edilməsi, xarici banklarla müxbir əlaqələrin yaradılması, Visa International və MasterCard beynəlxalq ödəniş sistemləri və bir sıra təcili pul köçürmə sistemləri çərçivəsində əməkdaşlıq əlaqələrini genişləndirmişdir.

Hal-hazırda, Bank beynəlxalq əlaqələrin inkişafı sahəsində bir etibarlı tərəfdaş kimi mövcud biznes layihələri uğurla davam etdirir.

— Çalışdığınız departamentin hansı özəllikləri var?

Sənədli əməliyyatlar və kreditlər inzibatlaşdırılması departamenti həmçinin xarici layihələrin maliyyələşdirilməsini həyata keçirir. Bu səbəbdən bizim departamentin əməkdaşları iqtisadi biliklərlə yanaşı xarici dil (əsasən də İngilis dili) biliklərə də malik olmalıdırlar.003

—AGBankda işləməyin hansı müsbət və mənfi tərəfləri var?

Ümumiyyətlə, bank sektoru dünyada iqtisadiyyata yön verən böyük bir sektordur və eyni zamanda bank fəaliyyəti çox məsuliyyətli və riskli bir sahədir. Komanda şəkilində çalışmaq bizim işimizin əsasıdır və burada çalışan hər bir işçi işə məsuliyyət hissi ilə yanaşır. Stressli olsa da, işimizi sevirik və böyük həvəslə öhdəsindən gəlirik.

—İşdə ən çox nə xoşunuza gəlir?

— İşçilərlə rəhbərliyin arasında qarşılıqlı hörmət və etibar;

Bütün işçilərin AGBank-da bir ailənin üzvü kimi hiss etmələri;

Yaranan problemlərin aradan qaldırılması üçün hamının bir nəfər kimi çalışması;

Bankda uğur qazanan qadınların üstünlük təşkil etməsi və bu onu göstərir ki biz qadınlar çox güclüyük, bu güc hər birimizin içində mövcuddur.

—Hədəfləriniz nədir?

Əsas hədəflərimiz:

Beynəlxalq maliyyə təşkilatları və xarici banklar ilə əlaqələrin genişləndirilməsi;

Ticarətin və layihələrin maliyyələşdirilməsi nəticəsində gəlirlərin artırılması.

—Müsahibəyə görə təşəkkür edirik.

Mən təşəkkür edirəm, fürsətdən istifadə edərək, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2019 il münasibəti ilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!

 

Son xəbərlər
Digər xəbərlər