“Xüsusi karantin rejim, sanitariya-gigiyenanın həssas dönəmində toplantıların, aksiyaların keçirilməsinə məhdudiyyət tətbiq olunub”.
Bunu Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, dünən və bu gün Təhsil Nazirliyinin qarşısında bir qrup şəxs tərəfindən mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan icazəsiz aksiyalara cəhdlər göstərilib: “Həmin aksiyaları işıqlandıran jurnalistlər, iştirakçılarla birgə xüsusi karantin rejimi qaydalarına zidd olaraq, COVID-19 infeksiyasının həssas dönəmində sanitar-epidemioloji normaların pozulmasına zəmin yaradıblar. Bununla ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan jurnalistlər tətbiq olunan xüsusi karantin rejim qaydalarına etinasızlıq nümayiş etdiriblər. Jurnalistlər əhalinin sağlamlığının effektiv qorunması naminə ictimai yerlərdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan hallardan çəkinməli, vətəndaşlıq mövqeyi nümayiş etdirərək mövcud qaydalara əməl etməlidir”.
“Preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan hallara qarşı birgə mübarizənin və vəziyyətin həssaslığını nəzərə alaraq, jurnalistlərdən həmrəylik nümayiş etdirmələrini tövsiyə edirəm. Tərəfimizdən jurnalistlərin sərbəst peşə fəaliyyətinin həyata keçirilməsi üçün əvvəlki dövrlərdə heç bir məhdudiyyət yaradılmayıb. İndiki halda, COVID-19 pandemiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər nəzərə alınmalı, polisin qanunu tələblərinə əməl olunmalıdır. Jurnalist həmkarlarımdan xahiş edirəm ki, sosial məsuliyyətimizdən irəli gələrək özümüzü, yaxınlarımızı və cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət edək. Bu ərəfədə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırır, mövcud vəziyyətin həsasslığını nəzərə alaraq, xahişimin anlayışla qarşılanacağına ümid edirəm”, – E.Hacıyev deyib.