Kyodo agentliyinin yaydığı məlumata əsasən, Yaponiya hökumətinin tərkibində avqustda aparılacaq dəyişikliklər zamanı ciddi yerdəyişmələr gözlənilir. Belə ki, xarici işlər naziri Fumio Kişida hökumətin tərkibində aparılacaq yerdəyişmələr zamanı vəzifəsini tərk edəcəyini bildirib. Bundan sonra onun hakim Liberal Demokratik Partiyada (LDP) aparıcı mövqelərdən birini tutacağı gözlənilir.
Məlumatda qeyd edilir ki, xarici siyasət idarəsinin rəhbəri vəzifəsinə 2012-2014-cü illərdə iqtisadiyyat, ticarət və sənaye naziri olmuş Toşimitsu Moteqi təyin edilə bilər.
Kyodonun bildirdiyinə görə, avqust dəyişiklikləri zamanı müdafiə naziri Tomimi İnada və ədliyyə naziri Katsutoşi Kaneda da vəzifələrindən gedəcəklər. Bununla yanaşı, hökumətdə aparıcı mövqelərə malik olan Baş nazirin müavini, maliyyə naziri Taro Asonun və Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqanın vəzifələrini saxlayacağı gözlənilir. Ümumilikdə isə dəyişikliklərin hökumətin tam yarısını əhatə edəcəyi bildirilir.