Yaponiya hakimiyyəti milli valyutanı dəstəkləmək məqsədilə son bir ay ərzində valyuta bazarına rekord həcmdə – 15,4 trilyon yen, yəni təxminən 96,5 milyard dollar məbləğində müdaxilə edib. Bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatlarına istinadən Reuters yazır.
İntervensiyaların miqyası Tokionun yenanı son 40 ilin minimum səviyyələrindən uzaqlaşdırmaq əzmini göstərir. Milli valyutanın zəifləməsi Yaponiyanın iri ixracatçılarının mənfəətini təhdid edir, eyni zamanda enerji daşıyıcıları da daxil olmaqla idxal xərclərinin artmasına səbəb olur.
Yaponiya enerji resurslarının demək olar ki, hamısını idxal edir və bu idxalın 95%-i Yaxın Şərq ölkələrinin payına düşür. Bu isə İranla müharibənin yaratdığı mümkün tədarük fasilələri fonunda ölkəni daha həssas edir.
Bununla yanaşı, Yaponiya Bankının pul-kredit siyasətini nisbətən yavaş sərtləşdirməsi faiz dərəcələrinin ABŞ kimi bazarlarla müqayisədə aşağı qalmasına səbəb olub. Bu da investorları ucuz yen hesabına qlobal əməliyyatları maliyyələşdirməyə davam etməyə təşviq edib.
Yaponiya Bankı iyulda keçirilən son iclasında faiz dərəcələrini dəyişməz saxlayıb. Bununla belə, bank rəsmiləri pul-kredit siyasətinin sərtləşdirilməsi tempinin artırıla biləcəyinə işarə ediblər. Bazar iştirakçıları sentyabrda keçiriləcək növbəti iclasda faiz artımı ehtimalını 65% qiymətləndirirlər.
Maliyyə Nazirliyinin cümə günü açıqladığı məlumatlar iyulun 30-dan avqustun 26-dək olan dövr üzrə ümumi göstəriciləri əhatə edir. Gündəlik detallı bölgünün isə yalnız rüblük məlumatlar açıqlanandan sonra, böyük ehtimalla noyabrın əvvəlində dərc olunacağı gözlənilir.
Yaponiya Bankı iyulun 30 və 31-də yen almaq üçün bazara müdaxilə edib. Həmin vaxt milli valyuta son 40 ilin ən aşağı səviyyələrinə enərək bir dollar üçün 164 yen həddinə yaxınlaşmışdı.
Yaponiya Bankının məlumatları göstərir ki, təkcə iyulun 30-da intervensiyanın həcmi 9,6 trilyon yenə çata bilərdi. Əgər bu rəqəm təsdiqlənərsə, o, bu ilin aprelin 30-da qeydə alınmış 6,3 trilyon yenlik mövcud gündəlik rekordu xeyli üstələyəcək.
Müdaxilələrdən sonra yen kəskin möhkəmlənib. Məzənnə ilkin mərhələdə bir dollar üçün təxminən 163 yendən avqustun 3-də 155,20 yenə qədər yüksəlib. Daha sonra kurs təxminən 159,50 yen səviyyəsində sabitləşib və avqustun 10-dan bu yana əsasən həmin səviyyədə qalır.






