Yaponiyanın məişət elektronikası üzrə pərakəndə satış şəbəkələri “Yamada Holdings” və Edion şirkətlərinin rəhbərliyi onların birləşdirilməsi imkanını nəzərdən keçirdiyini açıqlayıb. Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb. Birləşmiş şirkətin satış həcminin təxminən 2,5 trilyon yen (15,64 milyard dollar) olacağı qiymətləndirilir.
Şirkətlərin birgə bəyanatında bildirilib ki, mümkün biznes inteqrasiyasının məqsədi məhsul hazırlanması və satınalma imkanlarının genişləndirilməsi hesabına rəqabət qabiliyyətinin artırılmasıdır. Hər iki şəbəkə iyunun 5-də keçiriləcək direktorlar şurasının iclaslarında birləşmə ilə bağlı yekun qərar qəbul etməyi planlaşdırır.
2026-cı ilin martında başa çatan maliyyə ili üzrə “Yamada Holdings”in proqnozlaşdırılan satış həcmi 1 trilyon 691,8 milyard yen, “Edion”un isə 793,7 milyard yen təşkil edir.
Mart ayının sonuna olan məlumata görə, “Yamada Holdings” şəbəkəsinin françayzinq mağazaları da daxil olmaqla 8,7 min mağazası var. “Edion” şəbəkəsinin isə 1,1 min mağazası fəaliyyət göstərir.







