6 C
Baku
Sunday, December 15, 2024

“Yaşayış minimumu və ehtiyac meyarı təbii qazla elektrik enerjisinin aylıq ödənişinə kifayət edir”

“Yaşayış minimumu, ehtiyac meyarı artırılsın demək, bilirəm ki, uyğun olmayacaq. 15 manat, 20 manat, hətta 50-100 manat artım belə bu günün bahalığında heç nədir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, son beş ildə məhsul, material və xidmətlərdən asılı olaraq qiymətlər ən azı 3-5 dəfə artıb. “Baxaq görək, pensiyalar, müavinətlər və digər sosial paketlər nə qədər artıb? Bu artım gündən-günə daha da geniş vüsət alan bahalıq fonunda cüzidir. Bir gün supermarketə daxil olursan, bazarlıq edirsən, deyək ki, 50 manat ödəyirsən. Bir həftə sonra gedirsən, eyni məhsulları alırsan, 55-60 manat ödəyirsən. Ay ərzində isə artım 15, bəzən 20 faiz təşkil edir. Elə məhsullar var ki, fantastik qiymətə qalxır və sonra bir az aşağı salınır. Bir kq mal ətinin qiyməti 14-16 manat, qoyun əti isə 18 manatdan başlayır. Əgər daha keyfiyyətli ət almaq istəsən, üzərinə 4-5 manat də gəl. Bizdən asılı olmayan və bütün dünyadan qaynaqlanan bahalıq fonunda vətəndaşların sosial durumu ağırlaşıb. Təbii ki, hökumət də bu dediklərimi bilir, narahatdır və yüngülləşdirici addımlar atır. Bunu bilir və qiymətləndirirəm. Amma gərək, daha çox gözlə görünə bilən, real və dərhal rahatlıq yaradan addımlar da ataq”.

Deputatın sözlərinə görə, Avropa ölkələrində kritik ərzaq məhsulları Azərbaycandakından xeyli ucuzdur: “Hərçənd ki orada əmək qüvvəsi də, maaşlar da, xidmətlər də bizdən qat-qat yuxarıdır. Bəs ərzaq məhsullarının ucuz olması, kasıblar üçün təşkil olunan market və bazarlarda isə məhsulların az qala bizdən 3-4 dəfə ucuz olmasının səbəblərini bilirikmi? Bəlkə bu, logistika, daşınma, gömrük, vergi və digər məsələlərlə bağlıdır? Biz niyə bu təcrübəni öyrənib tətbiq etməyək? İkincisi, qarşıdan soyuq qış gəlir, insanların elektrik enerjisinə, təbii qaza daha çox ehtiyacı yaranacaq. Təyin etdiyimiz yaşayış minimumu və ehtiyac meyarı təbii qazla elektrik enerjisinin aylıq ödənişinə kifayət edir. Burada iki yanaşma ola bilər, ya qış ərzində təbii qaz və elektrik enerjisinin limiti götürülsün və fərqini büdcə ödəsin, ya da vətəndaşlara daha ucuz alternativ təklif edilsin. Odun, daş kömür və digər yanacaq materialları. Yəni, vətəndaş 5-10 manatını qoruya bilsin ki, elə aldığını da təzədən geri ödəməsin. Bəs nə ilə dolansın?”

MənbəApa
Son xəbərlər
Digər xəbərlər