2 C
Baku
Saturday, December 14, 2024

“Yaxın gələcəkdə Sumqayıt çox böyük sənaye mərkəzi olacaq” – MÜSAHİBƏ

Milli Məclisin deputatı, SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:

– Muxtar müəllim, bu yaxınlarda istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmiryolunun iqtisadi və siyasi əhəmiyyətini neçə xarakterizə etmək olar?

 

– Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması önəmli tarixdir və nəticə etibarilə Avropa ilə Asiya arasında yük daşımalarına son dərəcə ciddi təsir göstərə biləcək bir layihədir. Bu baxımdan deyə bilərəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu region ölkələrinin – Azərbaycan, Gürcüstan və Türkiyənin mövqelərini daha da gücləndirəcək və hər üç ölkə bu layihədən əhəmiyyətli dərəcədə gəlir əldə edəcək. Əlbəttə ki, layihənin əhəmiyyəti bununla bitmir. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın ixrac potensialını yüksəldəcək, tranzit və logistik potensialından daha səmərəli istifadə etməyə imkan yaradacaq, ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirəcək, biznesin inkişafı və bir sıra ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həm də etimad körpüsüdür, dövlətlər və xalqlar arasında birliyin, dostluğun möhkəmliyini, sarsılmazlığını şərtləndirir. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək, öz növbəsində turizmin inkişafı da geniş vüsət alacaq. Ən əsası isə bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək.

 

– Eyni sözləri ”Cənub Qaz Dəhlizi” haqqında da demək mümkündürmü?

 

– “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın bu günə qədər reallaşdırdığı ən möhtəşəm transmilli layihələrdən biri olmaqla, “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək qazın 3500 kilometr məsafə qət etməklə, Xəzər dənizindən Avropaya nəql olunmasına xidmət edəcək. Bu layihə 7 dövlətin, 10-dan artıq böyük şirkətin, təxminən bir bu qədər də topdan qaz alıcısının sıx əməkdaşlığı sayəsində həyata keçirilir. Layihənin ümumi dəyəri 40 milyard dollardan artıqdır. Azərbaycan bu layihənin təşəbbüsçüsü, lideri və aparıcı qüvvəsidir. “Cənub Qaz Dəhlizi” layihəsi tərəfdaş ölkələr və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində gerçəkləşdirildiyindən və Azərbaycanın gələcəyinə hesablanmış inkişaf strategiyasına xidmət etdiyindən, bu layihənin icrası daha böyük uğurlara stimul verməklə, ölkəmizə təkcə iqtisadi dividendlər deyil, eyni zamanda çox ciddi siyasi dividendlər də gətirəcək.
“Cənub Qaz Dəhlizi” layihəsinin əsas ehtiyat mənbəyi olan “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əldə olunacaq qaz 2018-cu ilin sonunda Türkiyəyə, 2020-ci ildə isə Avropaya nəql ediləcək. İstehlakçılara ildə 16 milyard kubmetr qaz verilməsi nəzərdə tutulur ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropa alıcılarına çatdırılacaq.

 

– Sizcə bir sıra beynəlxalq yarışların, tədbirlərin Azərbaycanda keçirilməsinin respublikamız üçün əhəmiyyəti nədən ibarətdir?

 

– Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsində, iqtisadi nailiyyətlərimiz əsas rol oynayır. Bu gün Azərbaycan artıq dünyada yüksək templə inkişaf edən bir ölkəyə çevrilib. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.

Artıq Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakteri daşıyır. 2010-cu ildən bu yana müxtəlif beynəlxalq turnirlərin – bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 qadınlararası dünya çempionatı,  “Baku World Challenge” avtomobil yarışı və olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbiri, o cümlədən dünya və Avropa çempionatlarının təşkili ölkəmizə böyük imic qazandırmışdır. Ölkəmiz tarixdə ilk dəfə təşkil olunan “Bakı-2015” Avropa Oyunlarını layiqincə təşkil etməklə tək özünün deyil, qitənin idman tarixinə möhürünü vurdu. Həmçinin “Formula-1” yarışlarınin 190 ölkəsində 500 milyondan artıq azarkeş tərəfindən izlənilməsi paytaxtımız haqqında kifayət qədər məlumatı dünya ictimaiyyətinə çatdırmaq demək idi. Bu sıraya Dünya Şahmat Olimpiadasını və IV İslam Həmrəyliyi Oyunlarını da əlavə etsək,  UEFA İcraiyyə Komitəsinin qərarı ilə Bakının 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi 13 şəhər arasına düşməsini də nəzərə alsaq, görərik ki, bütün bunlar Azərbaycanın yüksək sürətlə inkişaf edən ölkəyə çevrilməsini təsdiq etməklə yanaşı, mövcud ictimai-siyasi sabitliyin əsaslarının daha da möhkəmlənməsini şərtləndirən əhəmiyyətli faktor qismində çıxış edir.

 

– Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet məsələlərdəndir. Azərbaycan iqtisadiyyatında onun yeri və rolunu necə görürsünüz? Milli Məclisdə Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıt  seçicilərini təmsil edən bir deputat kimi necə düşünürsünüz, orada yaradılan sənaye parkları Sumqayıtın nəhəng sənayesinin real davamı deyilmi?

– Bu gün Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən biri də iqtisadiyyatın diversifikasiya edilməsi ilə qeyri-neft sektorunun inkişaf etdirilməsindən ibarətdir. Ölkə başçısı tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır. Müasir texnologiyalara və innovasiyalara əsaslanan sənayeləşmə siyasətinin davam və inkişaf etdirilməsi, o cümlədən Parkların yaradılması sahəsində işlərin genişləndirilməsi, ixracyönümlü məhsulların istehsalı, böyük sənaye komplekslərinin, emal müəssisələrinin yaradılması qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində atılan ən mühüm addımlardandır. Sumqayıtı Azərbaycanın yeni texnologiyalar əsasında inkişaf etmiş güclü bir sənaye mərkəzinə, neft-kimya şəhərinə çevirməyi strateji bir məqsəd kimi qarşıya qoymuş ölkə başçısı bu istiqamətdə mühüm, perspektivli layihələrin, tədbirlərin həyata keçirilməsi üçün dövlət dəstəyini gücləndirməkdə davam edir. Bunun əyani sübutu Azərbaycan kimya sənayesinin inkişaf strategiyası proqramına uyğun olaraq, Sumqayıtın sənaye zonasında çox geniş bir ərazidə Kimya Sənaye Parkının yaradılmasıdır. Sumqayıt Kimya Sənaye Parkının 30 hektar ərazisində SOCAR-ın iki qurğusu – polipropilen və yüksək sıxlıqlı polietilen zavodları inşa olunur. 2013-cü ildən təsis edilən və Kimya Sənaye Parkının rezidenti statusunu almış “SOCAR-Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Hazırda Sumqayıtda həyata keçirilən böyük layihələrdən biri də Azot gübrəsi – Karbamid zavodunun tikintisidir. Zavodun tikintisinin gələn ildəyekunlaşması nəzərdə tutulur. Ümumi ərazisi 40 hektara yaxın olan zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaq. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qazdan istifadə ediləcək. Zavod gündəlik 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edəcək. Parkda fəaliyyətə başlamış digər rezidentlər tərəfindən də 2017-2018-ci illərdə yeni istehsalatların işə buraxılması nəzərdə tutulub.

İstər Sumqayıt Texnologiyalar Parkının, istərsə də  Sumqayıt Kimya Sənaye Parkının yaradılmasında əsas məqsəd sənayenin özəl sektorunun, kiçik və orta biznesin inkişafına, nəticə etibarilə isə respublikamızda müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye məhsulları istehsalına, əhalinin yeni iş yerləri ilə təmin edilməsinə nail olmaqdır. Bu da onu deməyə əsas verir ki, yaxın gələcəkdə Sumqayıt çox böyük sənaye mərkəzi olmaqla, həm ölkəmizin, həm də bölgənin ən gözəl və ekoloji cəhətdən təmiz şəhərlərindən birinə çevriləcək.

 

– Müasirləşən sənaye ixtisaslı fəhlə kadrlarına və ali təhsilli mühəndislərə də yeni tələblər formalaşdırır. Sizcə bu istiqamətdə hansı real addımlar atılmalıdır?

 

– Bu gün ölkə başçısının Sumqayıt şəhərinin regionun ən iri sənaye mərkəzinə çevrilməsi ilə bağlı qarşıya qoyduğu hədəflərə addım-addım yaxınlaşmaqdayıq. Son bir neçə ildə Sumqayıtın sənayeləşmə siyasəti ilə bağlı həyata keçirilən layihələr, görülən işlər, yaradılan sənaye parkları, mövcud və tikilməkdə olan ağır, yüngül və kimya sənayesi müəssisələri bir neçə il bundan sonrakı Sumqayıtı əzəməti ilə gözlərimiz önündə canlandırır. Hər bir yenilik özü ilə bərabər yeni tələbatlar da formalaşdırır, müəyyən məsələlərə yeni baxış, yeni yanaşma tələb edir ki, bunlardan ən vacibi, ən aktualı kadr siyasəti və yeni kadrların hazırlanmsası məsələsidir. Gənclərimizin ixtisas seçimi və kadr hazırlığı məsələsi bu gün təhsil sistemimizin ən problemli sahəsi olaraq qalır. Bu gün ümumtəhsil məktəblərini bitirən məzunların hər birini mütləq belə bir sual düşündür-məlidir: hara getmək, hansı ixtisasa yiyələnmək, hansı ixtisasın perspektivli gələcəyi var?

İnsan kapitalının inkişafına səbəb olan amillərin içərisində ən əsas yeri insanların təhsilinə, xüsusən də peşə təhsilinə, əmək bazarının tələblərinə cavab verən rəqabət qabiliyyətli kadrların hazırlanmasına yönəldilən investisiyaların səmərəliliyi tutur. Ümumiyyətlə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, davamlı iqtisadi inkişafın və yüksək həyat səviyyəsinin təmin olunmasında peşə təhsilinin əvəzsiz rolu var. Bu baxımdan deyə bilərəm ki, bu gün respublikamızdakı mövcud peşə məktəblərində  vəziyyət ürəkaçan deyil. Bu peşə məktəblərini bitirən gənclərin həm nəzəri, həm də praktik bilikləri zəif olduğundan, bu gəncləri müasir standartlar əsasında tikilmiş zavodlara və istehsalat sahələrinə işə qəbul etmək işəgötürən üçün maraqlı deyil. Ona görə də peşə yönümlü məktəblər işlərini tələb-təklif əsasında qurmalı, ciddi ehtiyac duyulan peşələr üzrə kadr hazırlığı həyata keçirilməlidir. Peşə məktəblərinin maddi-texniki bazası gücləndirilməli, nəzəriyyə ilə praktikanın möhkəm vəhdəti yaradılmalıdır.

Nümunə üçün deyə bilərəm ki, SOCAR-in bir neçə Təlim-tədris Mərkəzi “Azərikimya” İB də daxil olmaqla, bütün struktur bölmələrin ixtisaslı fəhlə kadrlarına olan tələbatını öz məzunları hesabına qismən də olsa ödəyir. Bu Təlim-tədris Mərkəzlərinin üstün cəhti ondadır ki, burada peşə təhsilinə yönələn investisiyalar, bir tərəfdən fərdlərin özünüreallaşdırma imkanlarını və sosial statuslarını artırır, cəmiyyətin intellektual-mənəvi potensialının təkrar istehsalını təmin edir. Digər tərəfdən davamlı bir proses kimi, istehsalda və texnologiyada baş verən dəyişikliklərə adekvat olaraq kadrların keyfiyyətcə təkmilləşməsinə xidmət edir. Güman edirəm ki, cəmiyyətin sosial-iqtisadi inkişafı üçün əmək bazarı ilə kadr hazırlığı sistemi arasında sıx əlaqənin olması vacibdir və bu gün buna daha çox ehtiyac duyulur.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər