8 C
Baku
Thursday, March 28, 2024

Yazmağın ləzzəti və ya bir qaranın sirri

Müəllif: Rafiq Hunaltay, Marketinq Departamentinin Rəhbəri, IDEAL

Yazının mesajı: Uçmağın ləzzətini qartaldan soruş, toyuqdan yox !

Bu gün, yəni 22 iyul milli mətbuat günüdür. Hər il bir dəfə bu gün Həsən bəy Zərdabi xatırlanır, şəninə tərif yağdırılır, onun yazdıqları, dedikləri hələ də aktualdır deyilir. Yəqin biz tək-tük millətlərdənik ki, 200 il öncəki problemlərin indi də aktual olduğuna sevinirik. Nə isə mövzum bu deyil, bu dəfə bir az türklər demiş kəndimə qayıdıb geridə buraxdığım 10 ili xatırlamağa çalışacam. Bütün qara adamlar kimi gücü qələmə verib bir az vaxtınızı alacam, dünənə kimi sirr olan bəzi məsələlərə toxunacağam.

Yazarlar və Yazırlar

Özümü biləndən yazmağı xoşlamışam, fərqi yoxdur nə yazıram, dərs, kitabın şərhi, fikirlərim, şer və s. hər şey haqqında ən minimum qısa not almağı çox xoşlayıram. İndiyədək 1-ci sinifdən bu yana məktəbdə yazdığım bütün dəftərlərimi saxlayıram. Qısası yazmağı və yığmağı sevirəm. Amma qətiyyən yazar deyiləm, heç yanından da keçmirəm. Mən yazar yox, sadəcə yazıram. Facemarkın bölmələrini də düşünəndə yazar bölməsinə “yazırlar” adını verdim. Düşünürəm ki, hamının yazmağa haqqı var, əgər bunu bacarırsa, hətta yazmamağı insanın özünəqəsd kimi bir şeydir. O ki, qaldı yazar məsələsinə, o isə zamanın işidir, zaman öz ələyindən keçirəndən sonra kimin yazar, kimin pozar olduğu məlum olacaq. İndi ən əsası kim bacarırsa, mütləq yazmalıdır, mənə görə. Yazmalıdır ki, ən azı bunu bacarmayanları ətrafında toparlayıb ictimai rəy yarada bilsin və ya ictimai rəyin formalaşmasında iştirak etmiş olsun. Və yazanlara da tənqid atəşini yönəltdikdə insafı əlimizdən yerə qoymayaq gərək. Çünki biz tənqidlə təhqirin, müzakirə ilə mübahisənin fərqini tam anlamış biriləri ola bilmədik, hələ ki. Az-maz yazmağa həvəsi olanları da yersiz tənqidlərlə yazıdan küsdürmək o adama qarşı terrordur, cinayətdir mənim üçün. Qıraqdan fikrə münasibət bildirmək asandır, amma o fikri yaratmaq, ortalığa çıxarmaq hər adamın işi deyil axı. Müasir dildə desək bu “komment” məsələsi haqqında daha sonra yazacağam. İndi keçim mətləbə.

“Gəlin biz elə biz olaraq qalaq ki, onlar da bizdən və bizə keçməkdən qorxsunlar”

1996-ci ildə, yəni 4-cü sinifdə oxuyarkən özümün ilk müstəqil və istədiyim hər şeyi yaza biləcəyim bir qalın dəftər tutmuşdum. Ora hər şeyi yazırdım, rastıma gələn şer parçası, atalar sözü, məşhurlardan sitatlar, maraqlı məlumatlar və s. Yaza-yaza gördüm ki, artıq bu iş əməlli hobbimə çevrilib, bir gün ora nəsə yazmasam, darıxıram.

shekil2245

O dəftərim indi də durur və oraya mən 1996-dan bəri oxuduğum bütün kitabların adı və müəlliflərini yazmışam, təxmini 300-dən çox kitab adı var. Hərdən kitabı oxumağa başlayanda onu bitirməmiş adını o dəftərə yazırdım ki, sonra oxuyub bitirəndə yaddan çıxararam deyə J Sən demə elə o vaxtdan yaddaşsızlıqdan əziyyət çəkirəmmiş. O dəftərə yazılan ilk kitab Morşelin “Sahə həkimi”, son kitab isə hələ ki, Adıgözəl Məmmədovun “Mir Cəfər Bağırov” kitabıdır. Yaxşı yadımdadır ki, Bakıdakı 6 kitabxanaya üzv olmuşdum ki, ən yeni və daha çox kitabları oxuya bilim. O vaxt hər kitabxana kitabı evə aparmağa icazə vermirdi. Kitabxanaçılar məni görməyə o qədər öyəşmişdilər ki, içəri girəndə salamlaşıb birbaşa içəri, kitablar olan rəflərə keçirdim, öz istədiklərimi seçib çıxırdım. Bir də ayıldım ki, o məşhur dəftər artıq dolmaq üzrədir. Təkrarən son dəfə 6 il ərzində ona yazılanları oxuyub ağzını bağlayıb arxivə atacaqdım. Bu arada dediyim kimi bu dəftər mənə 6 il, yəni 2000-ci ilə kimi yoldaş olub. Elə təkrarən yazılanları oxuyurdum ki, fikir verdim ki, çoxlu sitatlar, deyimlər falan var, hələ son səhifələr türkçülüklə bağlı fikirlərlə dolu idi. Son səhifə boş idi və mən anidən düşündüm ki, nəyə görə burada hamının fikri var, hamısı da dırnaq içində, bəlkə mən də nəsə yazım xatirə qalsın. Düşünə-düşünə bir də gördüm ki, əlimlə bu sözləri arxa səhifəyə yazıram: “Gəlin biz elə biz olaraq qalaq ki, onlar da bizdən və bizə keçməkdən qorxsunlar” Dediyim kimi türkçülük damarımın qaynar vaxtları idi, bir az da bunun təsirindəndir ki, bu misralar yekə-yekə desək, süzüldü dəftərə. İndi fikir verirəm ki, o vaxtdan sözlə oynamağı sevmişəm, kopirayterliyə də marağımın kökü var imiş.

Dəftərim dolduğuna görə haradasa bir il nə təzə dəftər tutmağa, nə də yazmağa həvəsim qalmışdı. Darıxırdım, amma yazmırdım. Bir az da tər-təmiz 6 ilimi verdiyim, uşaqlığımın keçdiyi kitabxananın sökülüb yerində aptek tikildiyini görəndə sarsılmışdım. Yadımdadır ki, 5 il sonra, 2005-ci ildə o kitabxanada işləyən ortayaşlı qadını metroda görəndə özümdən asılı olmadan kövrəlmişdim, çünki dediyim kimi o mənim hər kitabıma məsləhətçi olmuşdu, hər gələndə soruşardı ki, bu dəfə neçənci kitabını bitirdin, falan. Amma görərkən yaxınlaşıb salamlaşa da bilmədim, cürət etmədimmi nə, amma heç cür yaxınlaşa bilmədim. İndi də xəbərsizəm, buna görə də özümü çox qınayıram. Bəlkə də rəhmətə gedib, amma mən bilmirəm L. Bir dəfə zalda mən kitab oxuyanda yaxınlaşıb hal-əhvaldan sonra maaşdan gileylənməyə başladı, mən də o vaxt artıq bir az böyümüşdüm, 8 ya 9-cu sinifdə oxuyardım, zarafatyana qayıtdım ki, darıxma bir azca da döz, mən səni öz şirkətimə işə götürəcəm. Döndü bir mənə baxdı, bir qabağımdakı kitaba və qayıtdı ki, 21-ci əsrdə Don Kixotu oxuyub təsirlənəndən şirkət sahibi olmaz, çörək qazanan çıxmaz. O vaxt fikir vermədim, amma zaman keçdikcə həmişə o sözünü xatırlayırdım. Xüsusən də pulun yox vaxtı tez-tez yadıma düşürdü. Molla Nəsrəddin demiş, pulun çox olan vaxtı olur ki..:) Bəli, beləcə ilk yazarlıq deyil, yazarlarla tanışlığımın ilk mərhələsi o kitabxananın bağlanması və mənim dəftərimin bitməsi ilə arxada qaldı. Yuxarıda o kitabdan bir hissənin şəklini də görə bilərsiniz. Vərəqlər çox da salamat olmadığına görə yaxşı alınmayıb.

Hunaltay adı – Hər şey burdan başladı

Beləcə 1 il “boş-bekar” dolandıqdan sonra qeyri-hökümət təşkilatları ilə sıx əlaqələr qurdum və o zamandan da yazarlığın növbəti mərhələsi başlamış oldu. “Azərbaycan futbolu”, “Paritet”, “EuXəbər” (Belçika-Azərbaycan diaspora təşkilatının orqanı) və bir neçə kiçik qəzetlərdə özümçün yazırdım. Və bütün bunların heç birindən ailəmin xəbəri olmayıb, heç indi də bilmirlər. Məktəbdə hətta buna görə məndən bir az da çəkinirdilər ki, gedib qəzetə yazıb eliyərəm J. 2003-cü il isə mənim üçün həyati dönüş nöqtəsi olan “Hərbi And” qəzeti ilə tanışlıq ili oldu. Köhnə bir tanış vasitəsilə qəzetin redaktoru ilə tanış oldum, çox vətənpərvər biri idi, bir saatlıq söhbətdən sonra gələn həftəyə məndən bir yazı istədi. Bildirdi ki, qəzet “yuxarılara” gedir, bütün hərbi hissələrdə paylanılır, dövlət orqanlarına verilir falan, elə et ki, oxumağa dəyər bir araşdırma olsun. Elə onun araşdırma sözünü tutdum və beynimdə də gələn həfətəyə nəsə araşdırma yazısı yazmaq qaldı. O aralar da Musa Nağıyev haqqında 2-ci kitabımı oxuyurdum, qərara gəldim ki, bu iki kitabı birləşdirib maraqlı bir araşdırma yazısı yaza bilərəm. İlk ciddi tapşırıq olduğundan 4 gün ancaq nədən başlayım deyə düşündüm, yazıb pozurdum hey, nəhayət 4-5 dəfə həm də əllə ağ vərəqə yazandan sonra yazını hazır etdim. Özü də kompüter ola-ola həmişə qələmlə yazmışam, bu cür daha gözəl və rahat olurdu mənə. İndi də o əlyazmalardan bir çoxunu saxlayıram. Beləcə ilk yazımı da qoltuğuma vurub yollandım redaksiyaya. Adı “Şələmçidən Milyonçuya” idi.

Redaksiya 28 Mayda yerləşirdi, mən həmişə, yəni düz 4 il ora Gənclikdən piyada getmişəm, piyada gedəndə daha çox düşünə bilirdim yazı haqqında. Qısası yazı 2003-ün sentyabrında çapa getdi və dediklərinə görə hamı bəyənmişdi. İlk təriflərdən sonra daha da ilhamlanıb hər həftə yeni yazılar verirdim. Yeganə çətin tərəfi o idi, ki, bu yazıları redaksiyaya gətirəndə onu çapçı qıza diktə də etməli olurdum ki, buna da bir xeyli vaxt gedirdi. Uzun illər ərzində qəzetdən bir manat belə almamışdım, bunu ümumiyyətlə qazanc mənbəyi olaraq görmürdüm, sadəcə yazırdım, yazılara reaksiyalar mənə mənəvi olaraq hər şeyi əvəz edirdi. Bir maraqlı məqam isə odur ki, yazımı verərkən soyadımı ləqəbimlə əvəz etmişdim. Səbəb rus soyad tipindən zəhləmin getməyi idi. Bu arada da təxmini 2001-2002-ci illərdə məktəbimizə çox güclü müəllimlər gəlmişdi, onlar məndə millətçiliyə, vətənpərvərliyə böyük maraq oyada bildilər, mən də o aralar ara bir Moşu demiş “şer guppuldadırdım”. Qərara gəldim ki, özümə mütləq türk köklü ləqəb seçməliyəm. Çox fikirləşdim və nəhayət HUNALTAY adını (Hun və Altay sözlərinin birləşməsi) seçdim və qəzetə də o adla yazılar yazmağa başladım. İndi çoxlarının tez-tez soruşduğu bu soyadın tarixçəsi də belə olub. Xoşbəxtlikdən redaksiyada da, hərbi hissələrin zabitlərinin də bu ad çox xoşuna gəlmişdi deyə, hər məni görəndə “Hunaltay, bu dəfə nə yazacaqsan” deyirdilər və mən həmişə o an içimdə çox qürurlanırdım ki, Hunaltay olaraq qəbul olunuram. 2003-2007-ci illər həm də universitet illərinə təsadüf edirdi deyə, vaxt tapa bilirdim və bu illərdə 100-ə yaxın yazım həmin qəzetdə çap olunmuşdu artıq.

shekkl21

Sonlara doğru isə qəzetdə sonralar hamının çox sevdiyi bir bölməni açdım – Məxfilər Silsiləsi. Burada dünyanın kəşfiyyat sistemləri, gizli qətllər, kəşfiyyat orqanları və s. bu tip komplo olaylardan yazırdım. Hər dəfə də redaksiyaya gedəndə deyirdilər ki, məsələn prokurorluqda filan polkovnik yazını oxuyub çox bəyənib, filankəs oxuyub yuxarıdan babatdı deyib, nə bilim filankəs deyir bu məsələ haqqında da yazsın falan kimi sözləri eşidirdim. Özümün də marağımda olduğuna görə bu silsilədən hardasa 35-40-a yaxın yazı yazdım. Sadəcə bu tip yazıları yazanda çox, həm də çox yorulurdum, yaz-poz,düzəlt, uyğunlaşdır, yenidən oxu, yenidən düzəlt kimi işlər o qədər yorurdu ki, qəzetdə çap olunanda heç vaxt yenidən oxumurdum. Bir yazı üçün bir neçə kitabı incələməli olursan, uyğunluğu tutmaq həmişə asan olmurdu.

Məxfilər silsiləsi o qədər özümə də maraqlı gəlirdi ki, sonradan bu tipdə bir sayt da açdım (mexfiler.az), lakin sonralar həm peşə marağım başqa istiqamətə yönəldiyinə, həm də vaxtım az olduğuna görə davam edə bilmədim. Qəzetdə isə fasilələrlə 2009-un sonuna kimi yazılar yazdım, ümumi haradasa 150-dən çox yazım dərc olunmuşdu. O aralar həm də azeriblog-da bloqum var idi, yazılarımı həm də orada yerləşdirirdim, bir xeyli də oxucu toplanmışdı.

Marketinqə ani keçid və ya Hunaltaydan Məhərrəmə

Qəzet işinə hobbi kimi baxa-baxa həyatımın bir parçasına çevrildiyinin fərqinə varmamışdım. Universitetdə baxmayaraq ki, dərslərimdə geri qalmırdım, ixtisasım marketinq idi və heç kimdən də bu sahədə geri qalmırdım, amma məni ən çox jurnalistika maraqlandırırdı, ta ki bir hadisə olmayanadək. Bu əhvalata keçməmişdən öncə qeyd edim ki, univeristetə daxil olarkən marketinq haqqında heç bir anlayışım yox idi, demək olar ki, marağım da yox idi. Bizim vaxtımızda menecment ixtisası “xod” gedirdi. Keçək mətləbə. Deməli, günlərin bir günü Euronews qəzetindən mətbuat mərkəzinə göndərilmişdim, hansısa qonaq gəlmişdi və mən oradan reportaj hazırlamalı idim. Foyedə başqa jurnalistlərlə görüşdüm və elə oldu ki, biri ilə söhbətim tutdu və başladıq xeyli danışdıq. Axırda O, ixtisasımı soruşdu, mən İqtisad Universitetində oxuyuram deyəndə, qayıtdı ki, “bəs buna görə jurnalistika inkişaf etmir də. İqtisad hara jurnalistika hara, gedib öz sahəsində uğur qazana bilməyənlər gəlir jurnalistikaya” Bunu bəlkə də öz aləmində zarafata demişdi amma, bu mənə çox pis təsir etdi. Bir an düşündüm ki, adam düz deyir, mənim axı ixtisasım başqadı, mən jurnalistika təhsili almamışam. Qısası səhvmi, düzmü bilmirəm, amma o gün özümə söz verdim ki, gedib öz ixtisasımda professional olmağa çalışacağam. Səhəri gündən qəzetlərə yazıları dayandırdım və başladım marketinq haqqında mütaliəyə.

Həyatda çox prinsipial biriyəm, istədiyimə nəyin bahasına olur-olsun nail olmaq və ona doğru gedən yol mənə xüsusi zövq verir. Yəni proses adamıyam, nəticədən daha çox. Kitabları bir-birinə caladıqca vaxt da gəldi-keçdi və çox keçmədiki bu dəfə də marketinqə aid ilk blogumu, www.marketermeherrem.com-u açdım. Bundan bir az sonra isə uzun müddət arzusunda olduğum marektinq portalı üzərində işləməyə başladım və yaxşı-pis bu gün Azərbaycanda marketinq portalından biri və mənim üçün birincisi olan www.facemark.az yarandı. Saytda və blogda indi məxfilərə, ümumi mövzulara aid deyil, marektinqə aid yazıram, yazmağa cəhd edirəm və ya çalışıram. Milli vətənpərvərlik ruhunda yazdığım yazılarda Hunaltay ləqəbi ilə yazırdımsa, marketinqdə Marketer Məhərrəm oldum. Bu Məhərrəm adının da maraqlı tarixçəsi var. Universitetin ilk dərslərindən birində iqtisadi coğrafiya müəllimimiz hələ adlarımızı bilmədiyindən hər dəfə birimizə bir ad qoşurdu özündən və mən də bir dəfə səs-küy salarkən “ay Məhərrəm, sakit ol” demişdi. Nəsə o vaxtdan məzəyə bu ad çox xoş gəlmişdi, yanından keçəndə hər dəfə deyirdim ki, “müəllim, görün Məhərrəm nələr eliyəcək hələ, bu semestr sizdən 5 alacam”. Məhərrəm də beləcə yarandı.

Bu gün adını nə qoyuruq qoyaq mənim yazıb-pozmağımdan düz 10 il keçir. Xoşbəxtlikdənmi, təsadüfdənmi bu haqda da milli mətbuat günündə, yəni 22 iyulda (artıq 23-dür) yazası oldum. Aradan bir xeyli keçəndə dönüb geriyə baxmaq və o anları yazmaq daha asan və obyektiv olur, məncə. Ona görə də bunu yazdım ki, qalsın. Ölümlü-itimli dünyadı, bizdən sonra qalan yazılar olacaq. Gəlin, ümumiyyətlə yazan adamlara hörmətlə yanaşaq, hərdən netdə yazılara çox mənasız şərhlər, iradlar görürəm və bu mənə pis təsir edir. İstənilən yazıda zəhmət var və ən azı o zəhmətə hörmət olunmalıdı deyə düşünürəm. Əgər onu da bacarmayanlar varsa, onda o adamlara yazının ən yuxarısındakı yazının mesajını ithaf edirəm.

Son xəbərlər
Digər xəbərlər