6 C
Baku
Sunday, December 15, 2024

Yelo Bank yeni komanda ilə bazarda mühüm mövqe qazanır

BANKER.AZ — Yeni idarə etmə ilə 2021-ci ilə start verən “Yelo Bank” ASC ilk rübündəki maliyyə göstəriciləri ilə bazarda özünə yaxşı mövqe qazana bildi. Bank ölkədə aktivlərindən ən yaxşı istifadə edən ikinci böyük əmsala yiyələnə bildi.

Bank 2021-ci ilin ilk rübü ərzində 5.67 milyon manat xalis etməklə, ölkənin ilk 5-liyində yer aldı. Bankın rəhbərliyi və kadr dəyişmələri olduğu 2020-ci ilin ilk rübündə 6.25 milyon manat zərərdə idi.

“Yelo Bank” 2021-ci ilin yanvar-mart ayları ərzində 13.79 milyon manat həcmində faiz gəliri əldə etdi. Bu faiz gəlirlərinin 13.26 milyon manatı kreditlər üzrə gələn gəlirlərdir. İllik müqayisədə burada da 7.6% müsbət dinamika müşahidə edilir. Faiz xərclərinin həcmi isə illik müqayisədə 27% azalması ilə 3.85 milyon manat təşkil edir. Bu isə bankın xalis faiz gəlirinin 2.4 dəfə artımla  9.94 milyon manata çatdırmasını təmin etdi.

Bank qeyri-faiz olan gəlir 0.65 milyon manat və xərclərini 9.62 milyon manat olması bankın əməliyyatını 0.98 milyon mənfəətə çıxmasına səbəb oldu.

Beləliklə, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan geridönmənin hesabına xalis mənfəətinə 4.69 milyon manat əlavə oldu, nəticədə bank 5.67 milyon manat xalis mənfəətlə rübü tamamlamalı oldu.

Qeyd edək ki, ilin əvvəlindən ölkənin səhm kapitalına görə ikinci ən böyük bankına təcrübəli kadrı Anar Həsənov sədirlik edir. O, bankın cari ilin ilk rübünə dair hesabatındakı göstəricilərlə bağlı bu rəyi vermişdi: “Yeni strategiyamızın bəhrəsini artıq görürük. Bankın mənfəətə çıxması müştərilərimizin etibarı və güclü komandamızın birgə işinin nəticəsidir. Ölkə iqtisadiyyatındakı müsbət canlanma siqnalları biznes hədəflərimizin reallaşmasına əlavə təkan verir”.

KREDİTLƏRİ BÖYÜDÜ

Vahid Ələkbərovun payı olduğu “Yelo Bank” 2021-ci ilin ilk rübü ərzində aktivlərini 2.68% böyütməklə 401.39 milyon manata çatdırdı. Bank aktivlərinin əsas hissəsini formalaşdıran müştərilərə verdiyi kreditin həcmi 328.38 milyon manat təşkil etdi. Bank kredit portfelini 6.5% artırdıqdan sonra bu renkinqi üzrə bir pillə (13-cü pillə) irəliləməklə “Azərbaycan Sənaye Bankı”nı ötdü.

Kredit portfelin böyüməsində biznes və istehlak kreditləri dəstək oldu. Bankın istehlak kreditlərinin son üç ayda həcmi 9.6% artımla 92.15 milyon manata, biznes kreditləri 14% artarkən, daşınmaz əmlaka verilən kreditlərin həcmi 10.2% kiçilmə ilə 72.07 milyon manata qədər azaldı.

“Yelo Bank”ın cəmi öhdəliklərinin həcmi ilin ilk rübünün sonuna 338.43 milyon manat olmaqla, bunun 229.84 milyon manatı depozitlər (burada, 200.8 milyonu fiziki və 29.04 milyon manatı isə hüquqi şəxlərin), 75.93 milyon manatı Mərkəzi Bank və digər dövlət fondlarının qarşısında öhdəliyidir.

Bankın nizamnamə kapitalının həcmi isə 378 milyon manat olmaqla ölkənin ikinci ən böyük səhm kapitalına görə bankı hesab edilir. Bankın cəmi kapitalının həcmi hazırda 62.96 milyon manatdır.

A.Həsənov hazırda əsas məqsədlərinin pandemiya şəraitində müştərilərilərinin gözlənti və ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaq olduğunu deyir: “Başladığımız templə davam edərək 2021-ci ili uğurlu nəticələrlə yekunlaşdıracağımıza inanırıq”.

Son xəbərlər
Digər xəbərlər