Bu gün yeni “Elektron hərrac” sisteminin təqdimat mərasimi keçirilib.
Banker.az -ın məlumatına görə, tədbirdə çıxış edən layihə rəhbəri Nurlan Həsənli bildirib ki, “Elektron hərrac”ın reallaşdırılmasında məqsəd birja əməliyyatlarının və hərrac mərkəzlərinin fəaliyyətinin elektronlaşdırılması, onların işində şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsidir.
N.Həsənli qeyd edib ki, birja fəaliyyətində şəffaflığın, operativliyin təmin olunması, hərrac iştirakçılarının hərrac keçirilən məkana gəlmədən, yəni nəsafədən asılı olmayaraq hərrac prosesində iştirakına şərait yaratmağın əsas yollarından biri də elektron hərracların keçirilməsidir:
“Məhz bu məqsədlə Respublika Xammal və Əmtəə Birjasının Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlığı nəticəsində “Elektron Hərrac”ların keçirilməsi sistemi yaradılıb. Ölkəmizdə xammalın inkişafı istiqamətində addımlar atılır. Vətəndaşlarımız məsafə qət etmədən evlərində, ofislərində bütün əməliyyatları yerinə yetirə bilərlər. Misal olaraq şəxsi məlumatların ötürülməsi, pul ödənişləri və digər digər məlumatları yerinə yetirmək olar. Məqsəd operativliyin artırılması, şəffaflığın təmin olunması və vətəndaşlarin məmnunluğudur. Bu da bizim üçün önəmli olan işdir. Bu istiqamətdə işlərimizi davam etdiririk”.
Tədbirdə çıxış edən Elektron Hökumətin İnkişafı Mərkəzinin departament müdiri Fərid Vəliyev layihəni dəstəklədiklərini vurğulayıb. Tədbir müzakirələrlə başa çatıb.