9 C
Baku
Friday, December 13, 2024

Yük avtomaşınları Astara şəhərinə girmədən birbaşa İran istiqamətinə gedə biləcək

“2019-cu ildə Azərbaycanda avtomobil yollarının tikintisi istiqamətində rekord nəticə əldə edilib, 1 300 kilometr avtomobil yolu çəkilib. Beləliklə, həm şəhərlərarası nəqliyyatın işi yaxşılaşdırılıb, eyni zamanda, magistral yolların çəkilişi davam etdirilib, yüzlərlə kəndin yolu abadlaşdırılıb və yenidən qurulub”.

Bunu Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən deyib.

“Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda nəqliyyat sahəsində görülmüş işlərə yüksək qiymət verib. Bütövlükdə Azərbaycanın nəqliyyat infrastrukturu Davosun hesabatında dünya miqyasında 31-ci yerdədir. Bu, kifayət qədər böyük göstəricidir. Bu göstəriciyə görə biz bir neçə inkişaf etmiş ölkəni də qabaqlamışıq. Avtomobil yollarının keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.

Yəni, əslində bu, onu göstərir ki, son vaxtlar nəqliyyat sahəsində aparılmış işlər ən yüksək qiymətə layiqdir. Bununla bərabər, keçən il çox önəmli dövlətlərarası layihələr icra edilmişdir. O cümlədən Azərbaycan-Rusiya sərhədində yeni avtomobil körpüsünün istifadəyə verilməsi çox böyük hadisədir. Çünki əvvəlki körpü 1950-ci illərdə tikilmişdi və demək olar ki, sıradan çıxmışdı. Yeni körpü Azərbaycan ilə Rusiya arasında həm nəqliyyat, həm ticarət əlaqələrinin inkişafına xidmət göstərəcək, eyni zamanda, bu körpü Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir. Hazırda Rusiya sərhədinə qədər yeni avtomagistral çəkilir və ilin sonuna qədər bu magistralın əsas hissəsi istismara veriləcək”, – deyə o qeyd edib.

“Paralel olaraq, Astara şəhərindən İran sərhədinə qədər yeni magistralın çəkilişi nəzərdə tutulur. Bu məsələ İran tərəfi ilə razılaşdırılıb. Beləliklə, yük avtomaşınları Astara şəhərinə girmədən birbaşa İran istiqamətinə gedə biləcək və yeni avtomobil körpüsü də tikiləcək. Bir neçə il bundan əvvəl iki ölkə arasında yeni dəmir yolu körpüsü tikilib və Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti üçün bunun böyük əhəmiyyəti olub.

Əlbəttə, keçən il Şərq-Qərb nəqliyyat dəhlizi üzrə daha çox yük daşınmışdır. Bu da təbiidir, çünki Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra bu istiqamətdə böyük canlanma var. Təkcə Şərq istiqamətindən yox, eyni zamanda, Rusiyadan Azərbaycan ərazisindən Türkiyə və Avropa istiqamətinə yüklərin daşınması müşahidə olunur və ildən-ilə bu yüklərin həcmi artacaq. Beləliklə, açıq dənizlərə çıxışı olmayan Azərbaycan beynəlxalq Avrasiya nəqliyyat mərkəzlərindən birinə çevrilib.

Builki investisiya proqramında nəqliyyat sektorunun inkişafı üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub. Eyni zamanda, avtomobil yollarının, dəmir yollarının çəkilişi ilə bağlı konkret layihələr icra ediləcək. Bu il Ləki-Qəbələ dəmir yolu istifadəyə verilməlidir. Eyni zamanda, biz Bakı-Yalama və Xudat-Şahdağ dəmir yollarının layihələndirilməsinə və inşasına başlayırıq. Beləliklə, biz mövcud dəmir yollarının keyfiyyətini böyük dərəcədə artıracağıq və qatarların sürəti də buna uyğun olaraq artacaq”, – deyə İ.Əliyev əlavə edib.

©Report

Son xəbərlər
Digər xəbərlər