Müəllif: Elçin Xəlilov, Financial analyst – Synergy Group of Companies OJSC
Müasir dünyamızda vergilərin yüksək olması ehtimalı bir çox iş adamını, bürokratı, siyasətçini və ən nəhayətində sıravi vətəndaşları qorxutmağa yetərli bir hadisədir. Axı, heç kəs qazanmış olduğunun böyük bir hissəsini qarşı tərəfə – bu tərəfin dövlət olmasının da buna təsiri yoxdur – vermək istəməz. Bu, insan təbiətidir. İnsanların böyük əksəriyyəti qazandıqca qazanmaq, qazandığının hər bir qəpiyinə yiyə olmaq istər. Bunun qeyri-adi bir hal olduğunu iddia etmirəm, lakin həyatda pul və maddi dəyərlərdən daha vacib məsələlərin olduğunun altını cızmaq istəyirəm. Bunu deməklə bu mövzuya olan münasibətimi ortaya qoymuş ola biləcəyimi düşünərək öncədən bildirmək istəyirəm ki, yüksək vergilərin bir icmanın rifah səviyyəsinə təsiri çox dərin şəkildə araşdırılmalıdır. Çünki, bir şeyi almaq üçün mütləq surətdə onun ekvivalentin başqa bir şeyi vermək zəruridir. Vergi yükünün artırılıb və yaxud azaldılmasının cəmiyyət üzərindəki təsirləri və cəmiyyətin hər bir fərdinin həyatındakı dəyişiklikləri nəzərdən keçirmək lazımdır. Bundan əlavə qeyd etmək gərəkdir ki, dünyada elə bir qərar yoxdur ki, onun tətbiqi hər kəsə fayda gətirmiş olsun.
Lakin kökündə ədalət, vicdan və əxlaq olan istənilən qərar zamanla cəmiyyətə nəzərdə tutduğu xeyri verəcəkdir.
İİƏT (İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı) 2010-cu il hesabatında “cəmi vergi yükü” adlı sıralamasında, təşkilata üzv 34 ölkənin müvafiq göstəricilərini dərc etmiş və bu sıralamada İsveç və Danimarkanın ən yuxarı pillələrdə olduğunu nümayiş etdirmişdir. Bu göstərici, dövlət vergi gəlirlərinin ölkənin ÜDM-a nisbəti nəticəsində əldə edilmişdir. Belə ki, İsveçdə bu nisbət 47.1%, Danimarkada isə 48.3% səviyyəsində olmuşdur. Ən aşağı göstəricilər isə Türkiyə və Meksikaya aid olmuşdur. Bu rəqəmlərin ifadə etdiyi mənanı çox sadə bir dillə ifadə edəcək olsaq görərik ki, 1 il ərzində dövlətin yığmış olduğu vergilərin məbləği, o ölkənin 1 il ərzində bütün məhsul və xidmət satışlarının ümumi dəyərinin təxminən yarısına bərabərdir. Yığılan vergi məbləğlərinin həcmini təsəvvür etmək heç də çətin deyil. Satılmış hər bir məhsulun, göstərilmiş hər bir xidmətin həm satış dəyərlərinin, həm də sahibkara qalan gəlir məbləğinin təxminən yarısı dövlətə köçürülmüşdür.
Bundan əlavə, Amerika vətəndaşlarının öz ölkələrinin vergi dərəcələrinin yüksək olması görüşlərinin əksinə, Avropanın sosial statuslu ölkələrindəki bu dərəcə yüksək vergilərin olması qarşımıza bir sual çıxarır. Hansı yol daha doğrudur? Hansı yol daha ədalətlidir? Daha da vacibi, cəmiyyətdə yaşadığımız nəzərə alınmaqla, insanların kollektiv düşüncədən uzaqlaşması nə dərəcə düzgündür? Uzaqlaşma düşüncəsi adekvat olduğu zamanlarda, bu uzaqlaşmanın dərəcəsi nə olmalıdır? Bütün bu suallara cavab vermək çox çətindir. Lakin, bunu etməyə çalışaq. İlk əvvəl yüksək vergilərin cəmiyyətə nə qazandırdığına baxaq.
İsveç kimi rifah dövlətində, yığılan yüksək məbləğli vergilər bir sıra sosial mənşəli layihələrə istiqamətləndirilir. Bunlar pensiyalar, səhiyyə, təhsil və digər sahələri əhatə edir. İnsanlar yaşa dolduqdan və pensiyaçı olduqdan sonra həyatlarının geri qalanı üçün narahat olmamaqda və dövlət öz vətəndaşlarına, zamanında göstərdikləri əmək müqabilində lazım olan dəstəyi göstərməkdədir. Eynilə, təhsil və səhiyyə sahəsində vətəndaşlar lazım olan xidməti ən yüksək səviyyədə almaqdadır. Vergilərin aşağı səviyyəli olması bu cür şəraiti yaratmaqda yetərsiz qalacaqdır. Bundan əlavə, yüksək vergi yığımları cəmiyyətdəki insanların böyük qisminin yaxşı yaşaması üçün şərait yaratmaqdadır. Və məhz bu məqamda, insanların həyatlarındakı prioritetləri müəyyənləşdirmək zərurəti yaranır. Hər bir fərd özünə sərf edən ən yaxşı şərtlər üçünmü mübarizə aparmalıdır, yoxsa cəmiyyəti və onun digər iştirakçılarını da nəzərə alaraq, daha fədakar və bəşəri fikirlərimi daha çoxmu dəstəkləməlidir?
Bunun mənası çox bəsitdir. İnsan iki yol qarşısındadır. Ya sırf özü üçün çalışacaq, və digər insanların rifahını göz ardı edəcək, ya da öz gəlirinin müəyyən hissəsindən imtina etməklə, ölkədəki digər kasıb və varlıqsız insanların ortalama həyat səviyyəsini əldə etmələrinə töhfə verəcəkdir. Və fikrimcə, yalnız bu xarakterli seçim insanların vergi dərəcələrinin səviyyəsini seçmədə aparıcı rol oynayır.
Adam Smit“The wealth of nations” adlı baş əsərində qeyd edir ki, hər bir insan özünə xeyir gətirəcək ən doğru işlə məşğul olarsa, bazar əməliyyatları da “görünməz əl” ilə bütün nasazlıqları tənzimləyəcəkdir. Bu fikir, azad bazar münasibətləri, mülkiyyət hüququ, azad sahibkarlıq fəaliyyətini qamçılayan fikirdir. Və sadalanan bütün bu nüanslar ölkənin iqtisadi artımına təkan verməkdə və ölkə iqtisadiyyatı və əlavə dəyər yaratma bacarığına birbaşa təsir etməkdədir. Bununla yanaşı, bu fəlsəfə, dövlətin iqtisadiyyatdakı rolunu qısaldır və ideal halında dövlətin olmadığı struktur yaratmağa meyllidir. Dövlətin olmadığı, dövlətin çox az rol aldığı bir iqtisadi sistemi təbliğ edir. Daha ən başından insanların rasional olduğu, özləri üçün ən doğru qərarı verəcəklərini iddia etməsi, və ya bunu gözləməsi, sistemin təməlini təşkil edən fikrin sağlamlığına şübhə yaradır. Bütün insanların (və ya çoxluğun) rasional olduğunu iddia edib, bunun üzərinə nəzəriyyə qurmaq, hesab edirəm ki, kökündə yanlışdır. İnsanlar bir çox halda nə etdiklərini bilməyən varlıqlardır, özləri üçün ən yaxşı variantın nə olduğunu bir çox halda dərk etməyən məxluqlardır. Bundan əlavə, bütün insanların şərtləri fərqlidir.
Böyümə, yetişmə, təhsil, fiziki, mənəvi, bacarıq və əqli keyfiyyətləri bir birindən kəskin fərqlənir. Və bütün bu fərqliliklərə rəğmən, hər kəs qarşısına eyni şərtləri çıxarmaq və bunu ən ədalətli yol saymaq kökündə yanlışdır. Timsah və meymuna ağaca çıxmaq tapşırığı verilsə, və hər ikisinin ağaca olan məsafələrinin, gedəcəkləri yolun uzunluğunun, iqlim şərtlərinin və digər bir sıra faktorun eyni olduğu arqumentinin gətirilməsi və hər ikisindən eyni nəticənin göstərilməsinin gözlənməsi ədalətsizlikdir. Lakin, hazırkı kapitalist sistem məhz bunu təbliğ edir.
İnsanların bu qədər fərqli olmaları, onlar qarşısına çıxarılan hədəflərin də bu qədər fərqli olmağını tələb edir. Lakin, obyektiv prizmadan baxdıqda bunun real olmadığı görüləcəkdir. Belə olan halda isə, qüsurları olan, imkanları məhdud, bacarıqları aşağı səviyyəli insanların digər insanlar tərəfindən qorunması, bir cəmiyyət üçün, o cəmiyyətin inkişafı və rifaha çatması baxımından, zənnimcə, çox vacibdir. Aşağı vergilər hər bir insanı öz başına buraxır, yüksək vergilər isə, cəmiyyətdə digər insanların da normal həyat standartına çatmalarına yardım edir. Və hansı yolun daha doğru olduğunu müəyyən etmək son dərəcə çətindir.
Aşağı vergi tərəfdaşları haqlı olaraq narazılıqlarını bildirərkən, “uzun illər əziyyət çəkdim, yuxusuz gecələr keçirdim və bir çox uğura nail oldum və bu uğurumu heç kimlə paylaşmaq niyyətim yoxdur” deyəcəkdir və bu zaman o insanı tənqid etmək ən böyük ədalətsizlik olacaqdır. O insan haqlıdır, öz əməyi, zəhməti ilə müəyyən səviyyəyə gəlmişdir və layiq olduğu paydan 1 qəpik belə qurban vermək istəməyəcəkdir. Lakin bunun əksi düşüncədə olan insan isə, cəmiyyətdə məsul olduğumuz insanlar olduğunu iddia edəcəkdir. Qazandığı payını imkansızlarla, yoxsullarla paylaşmaq istəyəcəkdir. Bu isə, məsələyə tam fərqli bir baxışdır. Birinci kimi, bu da yaşamağa layiq bir fəlsəfədir.
Həyatdakı hər bir şeydə olduğu kimi, vergi mövzusu da mütləq deyil. Müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də insana narahatçılıq verəcək səviyyədədir. Yüksək vergilərin cəmiyyət üçün faydalı, cəmiyyətin imkansız qismi üçün çıxış yolu olduğunu qeyd edərkən, unutmaq lazım deyil ki, vergi tarifləri yüksək olan ölkələrdə dövlətin yığmış olduğu vergilərin çox böyük qismini cəmiyyətə istiqamətləndirmək məcburiyyəti vardır. Çünki, yüksək verginin yığım səbəbi, cəmiyyətin iqtisadi artımdan təbəqələrinə bu gəlir paylanmasını təmin etməkdir. Belə olan halda, dövlət və nəticə etibarilə də cəmiyyətin fərdləri bu cür sosial yardımlardan asılı vəziyyətə düşmüş olur. Dövlətin asılılığı üzərinə götürmüş olduğu öhdəliklərindən, fərdlərin asılılığı isə öyrəşmiş olduqları müəyyən həyat standartından qaynaqlanır.
Yüksək vergi yığan dövlət sosial layihələrə böyük xərclər çəkməyə məcburdur. Belə olan halda isə, onun sosial məqsədli proyektlərdən savayı digər ehtiyacı olan sahələrə ayıracaq vəsaiti məhdudlaşdırılmış olur. Bununla birlikdə, rifah dövləti üçün ikinci ən böyük problem, müəyyən həyat standartına çatmış əhalinin bu standartı hər zaman tələb etməsi və insanlarda qeyri-ixtiyari tənbəllik əlamətlərinin ortaya çıxmasıdır. Hər ay dövlətdən müəyyən səviyyədə vəsait alan, pulsuz tədris görən insanlarda paradoksal səslənsə də, gəlirlərə qoyulan yüksək vergilərin biznes qurmada insanlara aşıladığı istəksizlik yaranma ehtimalı az deyil. Bu isə, ümumi iqtisadiyyatda böyük fəsadlar yaradacaq qüvvəyə çata bilər. İnsanların çalışmaq istəmədiyi, yüksək pensiyalar və kompensasiyalar aldığı ölkə üçün heç də ürəkaçan deyil. Və bütün bu problemlərin işığında ortaya çıxacaq yeni vergi sisteminin strukturu çox böyük əhəmiyyət kəsb edəcəkdir.
Sahibkarı yeni təşəbbüslərdən imtina etməsinə səbəb ola biləcək vergi dərəcələri də iqtisadiyyata mənfi təsirsiz ötüşməyəcəkdir. Məsələyə müəyyən prizmadan baxdığımız zaman, həm yüksək, həm də aşağı vergi tətbiqini özünəməxsus mənfi və müsbət cəhətləri vardır. Eynilə kapitalizm və sosializm arasındakı fərq və münasibət kimi. Uzun illər insanların qarşısına bu sistemlərdən hansı birinə aid olmaq istəkləri sual kimi qoyuldu, müəyyən cəbhə seçmələri istənildi. Halbuki, gözəl yaşama can atan bir quruluş, hər zaman həm ondan, həm də digərindən ən yaxşı cəhətləri almağa qadir olmalıdır, çünki doğrusu da budur. İkisindən hər hansı birini seçib, digərini göz ardı etmək yanlışdır. Sahibkarları həvəsləndirən, daha çox gəlir əldə etməsinə vasitə olacaq aşağı vergi dərəcələri içində yaşadığımız ictimaiyyətin digər üzvlərinin də qeydinə qalacaq yüksək vergilərin varlığının zərurətini danmağa səbəb olmamalıdır.
Şübhəsiz, vergi sistemi özü özlüyündə iqtisadi münasibətləri tənzimləyən ən vacib element olmamaqla yanaşı, digər bütün faktorların cəmlənməsi və birlikdə istifadə edilməsinə təsir edəcək çox ciddi və qəliz konsepsiyadır. Və sosial dövlət, rifah dövləti kimi konseptual dövlət modelinə çatmağın tək yolunun vergi sistemindəki islahatlar olacağını düşünmək əbəsdir. Vergilərin aşağı olduğu, bununla birlikdə yüksək sosial yönlü ayırmaların olduğu dövlət modeli istənilən vicdanlı şəxsin arzusudur. Vergi həyatın bir çox tərəflərini tənzimləyən bir vasitədir. Lakin tək və yeganə çıxış yolu deyil. Sosial dövlət sosialist dövlət demək deyildir. Bizim xəyalımızdakı maliyyə modeli isə, ciddi şəkildə sosial layihələrə diqqət yetirən iqtisadi sistemdir.