Yunan banklarının müştəriləri iyunun 15-də öz hesablarından rekord məbləğdə – 600 milyon avro çıxarıblar. Bu, cümə günü qeydə alınan göstəricidən 2,5 dəfə çoxdur.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, buna səbəb kimi iyunun 14-də Yunanıstanın kreditorlarla danışıqlarının nəticəsiz qalması göstərilir.
Yunan hökumətinin hər uğursuz danışıqlarından sonra bədbinlik hissi bir qədər də artır. Belə ki, iyunun 30-da Afina Beynəlxalq Valyuta Fonduna 1,6 milyard avro həcmində ödəniş həyata keçirməlidir. Bir çox iqtisadçılar bu həftəni Yunanıstan üçün həlledici adlandırırlar. İyunun 18-də Lüksemburqda avrozona ölkələrinin maliyyə nazirlərinin iclası başlayır. Bu iclas çərçivəsində Yunanıstanın yeni islahatlar planını təqdim edəcəyi gözlənilir. Lakin ölkənin maliyyə naziri Yanis Varufakis “Bild” qəzetinə müsahibəsində planın tam hazır olmadığını və bu səbəbdən onu təqdim edə bilməyəcəklərini deyib.
Maraqlıdır ki, Brüsseldə artıq təcili tədbirlər görməyə başlayıblar. “Sueddeutsche Zeitung” qəzetinin məlumatına görə, Yunanıstan cümə gününədək kreditorlarla razılığa gələ bilməsə, problemin siyasi həllini tapmaq məqsədi ilə avrozona ölkələri dövlət başçılarının fövqəladə sammiti çağırılacaq.