6 C
Baku
Monday, December 16, 2024

Yuval Noy Harari: “Tənzimlənməyən süni intellekt demokratiyanın sonudur”

Tanınmış tarixçi və filosof Yuval Noy Harari süni intellektin dil yaratmaq qabiliyyətinin insan sivilizasiyasını və onun perspektivlərini necə dəyişdirə biləcəyi haqqında öz fikirlərini paylaşıb. 

Süni intellekt qarşısındakı qorxu bəşəriyyəti kompüter əsrinin başlanğıcından bəri təqib edir. Lakin indiyə qədər o, insanları fiziki cəhətdən məhv etmək, əsarət altına almaq və ya əvəz etmək qabiliyyətinə malik maşınlara yönəlib. Bununla belə, son bir neçə ildə bəşər sivilizasiyasının sağ qalmasına gözlənilməz tərəfdən təhlükə yaradan yeni süni intellekt vasitələri peyda olub. Süni intellekt şifahi, səsli və ya vizual dil yaratmaq və onu idarə etmək üçün heyrətamiz qabiliyyətlər əldə edib. Beləliklə, o, sivilizasiyamızın əməliyyat sistemini “sındırıb”.

Dil – bəşər mədəniyyətini təşkil edən əsas şeydir. Məsələn, insan haqları bizim DNT-mizə daxil edilməyib. Onlar bizim qanunlar uydurmaqla yaratdığımız əsərlərdir. Tanrı da fiziki olaraq reallıq deyil. O, bizim miflər və müqəddəs kitablar icad etməklə yaratdığımız bir şeydir.

Pul da mədəni əsərdir. Əsginaslar sadəcə rəngli kağız parçalarıdır və indi pulun 90%-dən çox əsginas deyil, kompüterdə yerləşən rəqəmsal məlumatdır. Onlara dəyər verən bankirlər, maliyyə nazirləri və kriptovalyuta mütəxəssisləridir. Sem Benkman-Frid, Elizabet Holms və Berni Medoff real dəyər yaratmaq işində o qədər də yaxşı olmayıblar, lakin onların hamısı son dərəcədə istedadlı hekayəçidir.

Əgər qeyri-insani intellekt hekayə danışmaqda, musiqi bəstələməkdə, şəkillər çəkməkdə və qanunlar yaratmaqda adi insandan daha yaxşı olsa, nə bar verər? İnsanlar “ChatGPT” və digər süni intellekt vasitələri haqqında düşünəndə, çox vaxt məktəb sistemində nə baş verəcəyi kimi şeylərə diqqət yetirirlər. Lakin bu suallar ümumi mənzərəni əks etdirmir. Məktəb esselərini unudun. 2024-cü ildə ABŞ-da keçiriləcək növbəti prezidentlik yarışını düşünün və saxta siyasi kontent hazırlamaq üçün istifadə edilə bilən süni intellekt alətlərinin təsirini təsəvvür edin.

Süni intellekt dilini bilməyiniz sayəsində siz insanlarla yaxın münasibətlər qura və onların dünyagörüşünü dəyişdirmək üçün bundan istifadə edə bilərsiniz. Ağıllar və ürəklər uğrunda gedən siyasi mübarizədə yaxınlıq – ən təsirli silahdır, süni intellekt isə milyonlarla insanla şəxsi münasibətlər qurmaq qabiliyyətini yenicə qazanıb. Hamımız bilirik ki, son on ildə sosial media insanların diqqəti uğrunda döyüş meydanına çevrilib. Sizcə, yeni nəsil AI insanların psixologiyasına təsir göstərərək, müəyyən siyasətçilərə səs verməyə və ya müəyyən məhsullar almağa inandırmaq üçün istifadə edilə bilər?

Təəccüblü deyil ki, “Google” dəhşətə gəlir. Əgər istədiyiniz sualın cavabını süni intellektdən öyrənə biliriksə, niyə axtarışla məşğul olaq ki? Xəbər və reklam sənayesi də dəhşətə gəlməlidir. Belə ki, son xəbərləri süni intellektdən soruşa biliriksə, niyə özümüzü əziyyətə salaq ki?

Hətta bu ssenarilər belə ümumi mənzərəni əks etdirmir. Haqqında danışdığımız şey potensial olaraq bəşəriyyətin tarixinin sonu deməkdir. Ümumilikdə tarixin sonu deyil, insanın hökmran olduğu hissənin sonudur. Tarix – biologiya və mədəniyyətin qarşılıqlı əlaqəsidir.

Süni intellekt mədəniyyəti ələ keçirib mətnlər, musiqilər, qanunlar və dinlər yaratmağa başlayanda tarixin aqibəti nə olacaq? Çap maşını və radio kimi köhnə alətlər insanların ideyalarını yaymağa kömək edirdi, lakin onlar özləri yeni ideyalar yaratmırdı. Süni intellekt isə yeni ideyaların və hətta yeni mədəniyyətin yaranmasına səbəb ola bilər.

İlkin mərhələdə süni intellekt insan tərəfindən yaradılmış nümunələri təqlid edəcək. Ancaq ildən ilə süni intellekt insanın heç vaxt olmadığı yerlərə kimi inkişaf edəcək. Min illər boyu insanlar başqalarının təsəvvür etdiyi bir dünyada yaşadılar. Qarşıdakı onilliklərdə biz özümüzü qeyri-insanı zəkanın təsəvvür etdiyi bir dünyada tapa bilərik.

Süni intellekt qarşısındakı qorxu son bir neçə onillikdə bəşəriyyəti təqib edir. Ancaq minilliklər ərzində insanları daha dərin bir qorxu təqib edirdi. Biz hekayə və obrazların zehnimizi idarə etmək və illüziya yaratmaq qabiliyyətini həmişə yüksək qiymətləndirmişik. Buna görə də, qədim zamanlardan insanlar dünyanın illüziya təbiətində tələyə düşməkdən qorxurdular.

17-ci əsrdə Rene Dekart qorxurdu ki, iblis onu illüziyaya salıb, yəni gördüyü və eşitdiyi hər şeyi o yaradıb. Qədim Yunanıstanda Platon dialoqlarında insanların zəncirləndiyi mağaranın məşhur alleqoriyasından istifadə edirdi. Ona əsasən, onlar həmişə boş divara baxırdılar ki, bu da mahiyyətcə yalnız kölgələri əks etdirən ekrandır.

Qədim Hindistanda buddist və hindu müdrikləri deyirdilər ki, bütün insanlar mayanın tələsində – illüziyalar aləmində yaşayırlar. Adətən reallıq kimi qəbul etdiyimiz şey çox vaxt öz şüurumuzun uydurmasıdır. İnsanlar bu və ya digər illüziyaya inandıqları üçün başqalarını öldürərək, özləri isə ölüm axtararaq mübahisələr aparırlar.

Əlbəttə ki, süni intellektin gücü yaxşı məqsədlər üçün də istifadə edilə bilər. Biz bu barədə danışmayacağıq, çünki bu haqa kifayət qədər danışılıb. Sözsüz ki, AI bizə bir çox cəhətdən kömək edə bilər – xərçəngə qarşı yeni dərmanların kəşfindən tutmuş ekoloji böhranın həllinə qədər.

1945-ci ildən bəri bilirik ki, nüvə texnologiyası insanların rifahı üçün ucuz enerji yarada, eyni zamanda bütün bəşər sivilizasiyasını fiziki olaraq məhv edə bilər. Buna görə də, bəşəriyyəti qorumaq  və bu texnologiyalardan istifadə edilməsini təmin etmək üçün, ilk növbədə, bütün dünya nizamını dəyişdirdik. İndi biz bütün intellektual və sosial dünyamızı məhv etməyə qadir olan yeni kütləvi qırğın silahı ilə məşğul olmalıyıq.

Biz hələ də süni intellektə təsir edə bilərik, lakin tez hərəkət etməliyik. Nüvə silahları özlərinin daha güclü versiyasını icad edə bilmir, AI isə bunu bacarır. İlk vacib addım – süni intellekt alətlərinin ictimaiyyətə təqdim edilməzdən əvvəl hərtərəfli yoxlanılmasıdır. Əczaçılıq şirkətinin qısamüddətli və uzunmüddətli yan təsirləri öyrənmək üçün dərmanları sınaqdan keçirmədən istehsala keçə bilmədiyi kimi, texnologiya şirkətləri də təhlükəsiz olana qədər süni intellekt alətlərini buraxmamalıdırlar. Bizə yeni texnologiyalar üçün FDA-nın (Qida və Dərman İdarəsi) analoqu lazımdır.

Bəs süni intellektin daha yavaş mənimsənilməsi demokratiyaların qəddar avtoritar rejimlərdən geri qalmasına səbəb olacaqmı? Tam tərsi. Süni intellektin tənzimlənməmiş tətbiqi sosial xaos yaradacaq və bu, yalnız avtokratlara fayda verəcək və demokratiyaları məhv edəcək. Demokratiya – nitqdir, nitq isə dilə əsaslanır. Süni intellekt bir dili sındırdıqda, bizim mənalı söhbət etmək qabiliyyətimizi və bununla da demokratiyanı məhv edə bilər.

Yer üzündə yadplanetlilərin kəşfiyyatı ilə indicə qarşılaşırıq. Onun haqqında çox şey bilmirik, ancaq o, sivilizasiyamızı məhv edə bilər. Biz süni intellektin cəmiyyətdə məsuliyyətsiz tətbiqini dayandırmalı və bizi tənzimləməyə başlamazdan əvvəl özümüz onu tənzimləməyə başlamalıyıq.

Son xəbərlər
Digər xəbərlər