6 C
Baku
Sunday, December 15, 2024

Əgər ekologiyanı düşünürüksə…

Benzin və dizelin qiymətlərinin artması ilə bağlı çox suallar verilir. 25 may 2019-cu ildə (19 ay öncə) yazdığım aşağıdakı məqaləni bir daha xatırlatmağı vacib hesab etdim. Orada qeyd etmişdim ki, dizellə çalışan avtomobillərin ölkəyə gətirilməsindən sonra dizelin qiymətinin artımının zəruri olduğu qeyd olunacaq. O halda kənd təsərrüfatı ilə bağlı məsələ aktuallaşacaq. Zərəri bağlamaq hökumətin üzərinə düşəcək. Məqalə uzun deyil və məqalədəki məsələləri təkrarlamadan dizellə bağlı digər məsələni qeyd edim.

– Əgər ekologiyanı düşünürüksə 19 ay öncə qeyd etdiyim təkliflərin həyata keçirilməsi daha məqsədəuyğun olardı. Bu, həm də ölkədəki maşın parkının yenilənməsi, nəticədə ekologiyaya daha az zərər vuran avtomobillərin ölkəyə  gətirilməsi ilə nəticələnərdi.

– Benzinlə işləyən, Avro 4 standartlarına cavab verən və mühərrik həcmi 2.4-ə qədər olan avtomobillərin ekologiyaya vurduğu zərər dizel və benzinlə çalışıb böyük həcmli mühərriklərə malik olan və Avro 4 standartlarından aşağı avtomobillərdən qat-qat aşağıdır. Gömrük rüsumlarına yenidən baxılması nəzərindən bir daha qeyd edirəm.

elman sadiqov
Elman Sadıqov, iqtisadçı-ekspert

– Hibrid və elektriklə çalışan avtomobillərlə bağlı məsələ aydındır. Elektriklə işləyən avtomobillərə xidmət edə biləcək elektrik doldurma məntəqələri infrastrukturu yox dərəcəsindədir. Bunun haqqında fikirləşib elektriklə işləyən avtomobillərin idxalını təşviq etmək lazımdır. Hibridlə çalışan avtomobillərə isə bu cür məntəqələr vacib deyil.

–  Dizellə çalışan avtomobillərin gömrük rüsumunun artırılması ilə yanaşı benzinlə işləyən, Avro 4 standartlarına cavab verən və mühərrik həcmi 2.4-ə qədər olan avtomobillərin gömrük rüsumlarının endirilməsi vacibdir. Əgər məsələ birtərəfli olarsa (yəni, təkcə dizellə işləyən avtomobillərin gömrük rüsumu artırılıb qeyd etdiyim standartlara cavab verən benzinlə çalışan avtomobillərin gömrük rüsumu endirilməzsə yenə ekoloji problem və köhnə avtomobil parkı məsələsi həll olunmamış qalacaq).

– Dizelin qiymətinin artırılması insanları dizellə işləyən avtomobillərdən imtina edib benzinlə işləyən avtomobillərin istifadəsinə sövq etməyəcək. Səbəbləri çoxdur. Əvvəla, dizellə işləyən avtomobillər xaricdə daha ucuzdur. Bizdə isə gömrük rüsumu benzinlə işləyən avtomobillərlə bərabərdir. İkincisi, hətta dizel və benzinin qiymətləri eyni olsa, yenə dizellə işləyən avtomobillər daha qənaətcildir. Çünki, dizellə işləyən avtomobillərin yanacaq sərfiyyatı aşağıdır və sair digər səbəblər.

– Ekologiyanı düşünmək əlbəttə çox vacibdir. Əgər belədirsə, o halda benzin və dizelin keyfiyyətinin heç olmasa standartlara cavab verməsi vacibdir.

Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər